GEOİQTİSADİYYAT – ictimai elmlәrdә cәrәyan; dövlәtin konkret şәraitdә davranışını öyrәnir, onun beynәlxalq arenada iqtisadi strategiya vә taktikasını formalaşdırır. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә meydana gәlmişdir. Əsasәn, hәrbi qüvvә vә әrazilәrә nәzarәt vasitәsilә strateji gücün tәmin edilmәsi doktrinaları formasında inkişaf edәn geosiyasәtdәn fәrqli olaraq, G. dövlәtin hegemonluğunu onun beynәlxalq ticarәt-maliyyә vә informasiya axınları üzәrindәki dominantlığı ilә eynilәşdirir vә iqtisadi resursların transmili mobilliyi ilә dövlәt sәrhәdlәrinin müәyyәn olunması arasındakı ziddiyәtdәn çıxış edir. G. dövlәtlәrin iqtisadi rәqabәtqabiliyyәtliliyi şәrtlәrini vә insan miqrasiyasının, әmtәә vә xidmәtlәr axınının, texnoloji zәncirlәrin, kapital dövriyyәsinin, maliyyә vә informasiya şәbәkәlәrinin milli sәrhәdlәri keçdiyi qlobal mәkanda sosial münaqişәlәrin mәnbәyini aydınlaşdırır. Azәrb. alim V.Qasımlı “Geoeconomics” (2015) kitabında G.-ı iqtisadiyyat, coğrafiya vә siyasәtin qarşılıqlı әlaqәlәrini tәdqiq edәn elm sahәsi kimi sәciyyәlәndirir.
“G.” termininin yaranması vә yayılmasından (E.Lüttvak, ABŞ, 1990; K.Jan vә b. İtaliya, 1991) әvvәl yeni, “coğrafiya qanunlarını nәzәrә almayan mәkan-zaman” kimi maliyyә bazarları, informasiya texnologiyaları vә qanunvericiliklә tәnzimlәmәnin liberallaşmasının qlobal şәkildә uyğunlaşması nәticәsindә yaranan “geomaliyyә” anlayışı әsaslandırılmışdı (belçikalı maliyyә eksperti Ş.Qoldfinger, 1986). İngilis-amerikan müәlliflәri (C.Aqnyu, S.Korbric, E.Leyşon vә b.) dünya düzәninin coğrafi konstantlar deyil, transcoğrafi “saxta mәkanlar” әsasında müәyyәn olunduğu yeni vәziyyәti nәzәrdә tutan “geosiyasi iqtisadiyyat” terminindәn dә istifadә edirlәr. Fransız alimi F.Brodelin insanların vә iqtisadiyyatın mәkana qoşulmasının genişmiqyaslı tarixi tәhlili verilәn әsәrlәri G.-ın yaranması üçün elmi zәmin olmuşdur. Bu elmin inkişafında İ.Vallerstaynin (ABŞ) işlәyib hazırladığı kapitalist dünya sisteminin üçyaruslu modeli mühüm yer tutur.
21 әsrin әvvәllәrindә biznesin beynәlmilәllәşmәsi nәinki ölkәlәrin kәskin iqtisadi diferensiasiyasına, hәmçinin bir tәrәfdәn TMK-ların, supramilli birliklәr (Aİ, NAFTA vә s.) vә beynәlxalq tәşkilatların (BVF, ÜTT vә s.), digәr tәrәfdәn isә yerliçilik vә regionçuluq tendensiyasının, diasporların ekspansiyasının tәsirilә dövlәt suverenliyinin azalmasına gәtirib çıxarmışdır. Qlobal maliyyә bazarları iqtisadi cәhәtdәn inkişaf etmiş ölkәlәrdә formalaşmış rifah dövlәti modelini dә sarsıtmış, kapitala asanlıqla vergidәn yayınmaq imkanı vermiş, fiskal siyasәt vasitәsilә gәlirlәrin daha bәrabәr yenidәn bölüşdürül- mәsini isә mәhdudlaşdırmışdır. Bax hәmçinin qloballaşma.