GEOKİMYA – kimyәvi elementlәrin vә onların izotoplarının tәbiәtdә yayılması, mәkan vә zaman daxilindә onların tapılma formalarını, bölünmәsi vә miqrasiyasını müәyyәn edәn proseslәr haqqında elmdir. V.İ.Vernadski G.-ya Yer atomlarının tarixi kimi tәrif vermişdir. G. bәrk Yeri (qabığı, mantiyanı, nüvәni), onun xarici örtüyünü (atmosferi, hidrosferi, biosferi) vә kosmosu (planetlәri, ulduzları, meteoritlәri) öyrәnir. Canlı maddәnin geol. rolu haqqında Vernadskinin tәlimi biosferin G.-sının vә onun bölmәlәrinin – biogeokimya vә üzvi G.-nın yaranmasına gәtirib çıxardı. G. aşağıdakı müstәqil bölmәlәrә ayrılır: izotopların G.-sı (o cümlәdәn izotop geoxronologiyası), kosmokimya, bәrk Yerin, atmosferin, hidrosferin vә әtraf mühitin G.-sı. Mәlumatlar toplandıqca ayrı-ayrı obyektlәri (mәs., neft-qazın vә almazın G.-sı) vә elementlәri (mәs., karbon, kükürd, tәsirsiz qazlar vә radioaktiv elementlәrin G.-sı) әtraflı öyrәnәn istiqamәtlәr formalaşdı. G.-da tәrәqqi әhәmiyyәtli dәrәcәdә analitik kimya vә bu sahәdәki cihazqayırmanın inkişafı ilә bağlıdır. Maddәnin müasir analiz üsullarına kütlә spektrometriyanın müxtәlif növlәri, yüksәk ayırdedici xromatoqrafiya vә spektrometriya (rentgen, ramanov, infraqırmızı, sinxrotron şüalanma) üsulları, maddәnin mikromiqdarının analizi ilә birlikdә elektron mikroskopiya daxildir. Bu üsullar elementlәrin qatılığını 10–12 q/q, izotop nisbәtlәrini 10–5 q/q dәqiqliklә tәyin etmәyә vә mikroölçülü fazaların analizinin aparılmasına imkan yaradır.
Kimyәvi elementlәrin yayılması. Kim- yәvi elementlәrin tәbiәtdә yayılmasının elmi cәhәtdәn әsaslanmış qiymәtlәndirilmәsi 20 әsrin birinci yarısında F.U.Klark, V.M.Qoldşmid, V.İ.Vernadski vә b.-nın işlәrindә öz әksini tapmışdır. Müasir qiymәtlәndirmә Günәş vә ulduzların fotosferasının spektroskopik tәdqiqatlarının nәticәlәrinә, meteoritlәrdә vә Yerin süxurlarında kimyәvi elementlәrin miqdarının tәyininә, elәcә dә son onilliklәrdә Ay vә digәr planetlәrin (onların peyklәrinin) maddәlәrinin tәrkibi haqqında alınmış mәlumatlara әsaslanır.
Kimyәvi elementlәrin atom nömrәlәri artdıqca onların yayılması azalır. Atom nömrәsi cüt rәqәm olan elementlәr tәkrәqәmli qonşu elementlәrә nisbәtәn çox yayılmışdır. Yüngül elementlәrdәn Li, Be, B anomal az yayılmışdır. Bu qanunauyğunluqlar elementlәrin nukleosintezinin xüsusiyyәtlәri ilә bağlıdır. Tәbii maddәdә kimyәvi elementlәrin yayılmasının vә tapılma formalarının qanunauyğunluqlarına onların kimyәvi xassәlәri ilә nәzarәt olunur. Bu xassәlәr ümumilәşmiş halda ilk dәfә V.M.Qoldşmid tәrәfindәn tәklif olunub (1923) elementlәrin geokimyәvi tәsnifatının әsasını tәşkil edir. Faydalı qazıntıların geokimyәvi axtarışları kimyәvi elementlәrin miqdarının anomaliyasının müәyyәnlәşdirilmәsinә әsaslanır.
Geokimyanın fiziki-kimyәvi әsasları. G.-da nәticәlәrin izahında vә nәzәri modellәrin qurulmasında fiziki-kimyanın üsullarından (kimyәvi termodinamika vә kinetika) vә müxtәlif riyazi üsullardan geniş istifadә olunur. Geokimyәvi proseslәrin tәsvir edilmәsindә kimyәvi termodinamikanın, termodinamiki potensial, fazalar qaydası, maddәnin hal tәnliyi, halın faza diaqramı, kimyәvi reaksiyanın tarazlıq sabiti, termodinamiki aktivlik vә onun kimyәvi potensial ilә әlaqәsi kimi әsas anlayışlardan istifadә edilir. Tәbiәt hadisәlәri vә proseslәrinin tәhlilinә termodinamikanın tәtbiqi Yer qabığının, mantiyasnın vә metallik nüvәsinin, habelә digәr kosmik cisimlәrin örtüklәrinin fiziki-kimyәvi modelini yaratmağa imkan vermişdir.
İzotopların geokimyası. V.I.Vernad- skinin G.-ya verdiyi tәrif 20 әsrin ikinci yarısında özünün klassik tәyini çәrçivәsindәn kәnara çıxaraq daha çox nuklidlәrin tarixinә çevrildi. Belә ki, geokimyәvi proseslәrin öyrәnilmәsindә izotopların fraksiyalanması hadisәsinin informativliyi kimyәvi elementlәrin fraksiyalanmasını öyrәnәn klassik G.-dan heç dә az deyil. İzotopların fraksiyalanması izotop effekti ilә müәyyәnlәşir ki, bu da yalnız yüngül elementlәrin stabil izotoplarının ayrılması üçün әhәmiyyәtlidir. Kütlә-spektrometrlәrin son nәsli daha ağır elementlәrin (Ca, Cr, Fe, Cu, Zn, Se, Mo) izotop dәyişikliklәrinin aşkar edilmәsinә imkan yaratdı.
Geol. hadisәlәrin zaman şkalasının qurulması, süxur vә mineralların izotop yaşının tәyini (bax Geoxronologiya) geokimyәvi tәdqiqatların bir hissәsidir. Geoloji yaşın izotop tәyini izotop sistemlәrin analizinә әsaslanır. Bu sistemlәrdә radioaktiv nuklidlәrin parçalanması hesabına radiogen nuklidlәrin toplanması baş verir. Uzunömürlü radioaktiv izotoplu (87Rb–87Sr, 147Sm–143Nd, 238U–206Pb, 235U–207Pb, 187Re–187Os, 40K–40Ar vә s.) sistemlәr mln. illәrdәn Yerin vә Günәş sisteminin yaranması dövrünәdәk olan zaman kәsiklәrini ölçmәyә imkan verir. Bu sistemlәrin kömәyilә geol. tarixin mәrhәlәlәrinin dәqiq yaş sәrhәdlәri müәyyәnlәşdirilmiş, Yerin dәqiq yaşı (4,566 mlrd. il) tәyin olunmuşdur.
Kosmokimya. Yerdәn kәnar maddәdә vә şәraitdә elementlәrin vә izotopların özünü neçә aparması üzrә tәdqiqatlar 20 әsrin ikinci yarısında başlamışdır. Bu tәdqiqatlar Ay qruntunun nümunәlәrini Yerә çatdırmış “Appolon” (ABŞ) vә “Luna” (SSRİ) ekspedisiyaları sayәsindә, elәcә dә Venera, Mars, Yupiter vә Saturnun, kometa vә asteroidlәrin atmosfer vә sәthlәri haqqında kosmik aparatların kömәyilә alınmış mәlumatlar әsasında hәyata keçirilmişdir. Qlobal quruluşlarda G. Yer vә meteoritlәrin tәrkibinin prinsipial oxşarlığı konsepsiyasına әsaslanır. Bu halda dәmir meteoritlәrә Yer nüvәsi maddәlәrinin, daş meteoritlәrә (хondritlәrә) isә silikat mantiyası maddәlәrinin analoqları kimi baxılır. Ulduzlararası fәzada çoxsaylı üzvi birlәşmәlәrin aşkarlanması, elәcә dә izotop anomaliyaların müәyyәnlәşdirilmәsi son iki onilliyin әn böyük uğurlarıdır.
Yerin geokimyası. Y e r i n n ü v ә s i v ә m a n t i y a s ı. Ərimә Yerin kimyәvi differensasiyasının әsas dәrinlik prosesidir. Bunun nәticәsindә müxtәlif tәrkibli әrintilәr (maqmalar) әmәlә gәlir. Maqmatizmin G.-si maqmaların yaranması, yerdәyişmәsi vә bәrkimәsi ilә әlaqәdar elementlәrin ayrılması vә miqrasiyasını öyrәnir. Ərimә enerjisinin başlıca mәnbәyi U, Th, 40K elementlәrin radioaktiv parçalanma istiliyidir. Güman edilir ki, Yerin istiliyinin mühüm mәnbәyi (istilik axınının 1/3-i qәdәri) Yer nüvәsinin tәdricәn davam edәn böyümәsidir. Maqmalar Yer mantiyası maddәlәrinin (bazaltların), kontinental qabığın (qranitin) qismәn әrimәsindәn, ya da qarışıq mәnbәdәn әmәlә gәlir. Qәlәvi әrintilәr qrupu (nefelinitlәr, karbonatitlәr, kimberlitlәr, lamproitlәr) mantiyanın metasomatoz proseslәrinin iştirakı ilә formalaşmışdır.
Yerin kimyәvi differensiasiyası oksigeninin planetin tәkindә yenidәn paylanması ilә sıx әlaqәdardır; belә paylanma metallik nüvәnin formalaşması, dәrinlik deqazasiyası, әrimә, subduksion proseslәr, mantiya maddәlәrinin (plumlar) vә astenosfer diapirlәrin qalxan axınları nәticәsindә baş verir. Bu proses dәrinlik maddәsinin oksidlәşmә-reduksiya halında birbaşa öz әksini tapır ki, bunun da ölçüsü mineral reaksiyalarındakı oksigenin parsial tәzyiqidir. Oksigenin özünü aparması xeyli dәrәcәdә oksidlәşmә-reduksiya reaksiyaları ilә әlaqәdardır; bu reaksiyalarda dәyişkәn valentli әsas element olan dәmir (Fe3+, Fe2+ vә Fe0), habelә hidrogen vә karbonun reduksiyalaşmış (H2, CH4) vә oksidlәşmiş (H2O, CO2) birlәşmәlәri iştirak edir. Yuxarı mantiyanın müasir litosfer vә astenosfer qatlarında maddә әsasәn orta dәrәcәdә oksidlәşmişdir. Yuxarı mantiyanın minerallarındakı Fe3+ tәrkibli komponentlәrin aktivliyi oksigenin parsial tәzyiqinin qiymәtlәrinә uyğundur ki, bu da karbon vә hidrogenin uçucu birlәşmәlәrinin tәrkibindә üstünlük tәşkil edәn CO2 vә H2O-nun artıqlığını müәyyәn edir.
Müasir tәsәvvürlәrә görә, Yerin Fe–Ni nüvәsi özündә 10%-dәk (kütlәcә) yüngül elementlәr saxlayır. Qarışıqlar kimi daha çox O vә S ehtimal edilir, Si-un olması da mümkündür. Mantiyada radiogen 182W-ın artıqlığı nüvәnin xeyli hissәsinin nisbәtәn sürәtlә yaranmasını göstәrir.
Y e r q a b ı ğ ı. Kontinental qabıq SiO2 vә böyük ion radiuslu litofil elementlәrlә (mәs., U, K vә nadir torpaq elementlәri) әhәmiyyәtli dәrәcәdә zәngindir. Onun qranit–metamorfik kompleksi tәqr. 50% qranitoid (az miqdarda digәr maqmatik süxurlarla) vә 50% metamorfik süxurlardan ibarәtdir. Onların arasında metaqumlar, kristallik şistlәr vә qneyslәr (tәqr. 83%), amfibolitlәr vә metamorfizlәşmiş turş effuzivlәr (tәqr.13%), karbonat süxurlar (3,1%) vә dәmirli kvarsitlәr (tәqr.1%) üstünlük tәşkil edir. Qranitoidlәrin vә kristallik şistlәrin çoxluğu bütövlükdә kontinental qabığın (SiO2 tәqr. 64%) üst hissәsinin turş tәrkibini müәyyәn edir. Kontinental qabığın aşağı hissәsinin kimyәvi tәrkibi (qranulit-bazit tәbәqәsi) dәqiq tәyin olunmayıb vә ehtimal ki, daha az silisium-oksidli tәrkibә malikdir. Okean qabığında maqmatik süxur qatı, әsasәn bazaltlardan vә onların dәyişilmә mәhsullarından ibarәtdir. Okean qabığı kontinental qabıqdan mantiyaya nisbәtәn bir-birinә uyğun olmayan elementlәrlә daha az zәnginlәşmişdir.
Sәthә qalxmış çöküntü vә maqmatik süxurlar dağıdıcı agentlәrin, o cümlәdәn orqanizmlәrin, suyun, karbonat turşusu vә üzvi turşuların tәsirilә aşınmaya mәruz qalır; bu zaman süxurların mineral tәrkibi mürәkkәb dәyişikliklәrә uğrayır (mәs., çöl şpatı kaolinit, karbonatlar vә kvarsa çevrilir).
Qabığın vә mantiyanın formalaşmış süxurları geol. tarixin sonrakı gedişindә yüksәk temp-r, tәzyiqin tәsirindәn vә flüidlәrin dövretmәsindәn mineral vә kimyәvi tәrkiblәrini dәyişә, yәni metamorfizm proseslәrinә mәruz qala bilәr.
Atmosferin geokimyası. Yerin atmosferi Yer tәkinin deqazasiyası prosesindә toplanan әn uçucu elementlәrin әsas planetar rezervuarıdır. Müasir atm. azot (78,1%), oksigen (20,9%), arqon (tәqr.1%) vә CO2-dәn (0,03%) ibarәtdir. Bundan başqa atm.-in tәrkibindә az vә dәyişkәn miqdarlarda su buxarı, H2S, kükürd (IV) oksid, metan, azot oksidlәri, ozon vә s. birlәşmәlәr var. Onlar Yer dәrinliklәrinin deqazasiyası proseslәrindә, canlı orqanizmlәrin fәaliyyәti vә atm.-dә gedәn kimyәvi reaksiyalar nәticәsindә daim әmәlә gәlir.
Geol. zaman gedişindә Yer atm.-inin tәrkibi dәyişmişdir. Bu ilk növbәdә bitkilәrin fotosintezinin mәhsulu olan oksigenә aiddir. Atm.-dә nәzәrә çarpacaq dәrәcәdә oksigenin varlığının 2,0–2,4 mlrd. il öncә yaranması haqqında geokimyәvi, o cümlәdәn izotop sübutlar var. Oksigen süxurların aşınması vә çöküntü toplanmasının gedişindә daim udulur. O, Fe2+-nin Fe3+-ә, S2–- nin SO2–4-ә vә s. dәyişkәn valentli elementlәrin (Mn, V) yüksәk oksidlәşmә dәrәcәlәrinә qәdәr oksidlәşmәsinә sәrf olunur. Üzvi karbonun reduksiya olunmuş ekvivalent miqdarı çöküntülәrin altında, arasında qalır. Bu balansın pozulması atm.-dә oksigenin miqdarına tәsir edir. Atm.-dә oksigenin yaranması vә onun geol. tarixi biosferin inkişafı ilә sıx әlaqәdardır. Fotosintez baş verәnәdәk Yerin atm.-i oksigensiz idi.
Fәal vulkanizm sahәlәrindә çöküntü süxurlarının qaz-su sisteminә vulkanik qazlar daxil olur.
Hidrosferin geokimyası. Dünya okeanının kütlәsi Yer qabığı kütlәsinin 5%-ә qәdәrini tәşkil edir. Geol. tarix әrzindә (müddәtindә) Yer qabığı vә mantiya maddәlәrinin dövranı gedişindә okean asan hәll olan maddәlәri özündә saxlamışdır ki, bunlar da tәdricәn okeanın duz kütlәsini formalaşdırmışdır.
Yer sәthindә suyun meydana gәlmәsi üçün şәrait çox erkәn yaranmışdır. Bunu әn qәdim sirkonların (yaşı 4,1– 4,3 mlrd. il) oksigeninin izotop tәrkibi tәsdiqlәyir. Qlobal iqlim dәyişmәsi okean oksigeninin izotop tәrkibindә әks olunur. Su müstәqil faza kimi Yer qabığında 20 km-dәn çox dәrinliyә qәdәr yayılmış vә Dünya okeanı ilә birgә hidrosferi tәşkil edir. Hidrosferin su kütlәsinin hәll olmuş komponentlәrinin ümumi miqdarı “su–süxur” sistemindәki tarazlıq şәraiti (hәllolma, sorbsiya, biogen çöküntülәrin toplanması), habelә qazların atmosferlә mübadilәsi ilә tәyin edilir. Bu şәraitdә hәll olan maddәlәr su mәhluluna keçir, çәtin hәll olanlar isә dib çöküntülәrindә yığılır. Duz çöküntülәri izolә olunmuş hövzәlәrdә suyun buxarlanması nәticәsindә әmәlә gәlir. NaCl, MgSO4 vә s. duzların çöküntülәrinin әmәlә gәlmәsinin ardıcıllığı halogenez ilә tәyin edilir. Yer qabığında müşahidә edilәn tәbii suların tәrkiblәri “su–süxur–qaz” sistemindә gedәn geokimyәvi proseslәrin nәticәsidir.
G. hidrotermal proseslәrin (mineralәmәlәgәlmә, o çümlәdәn filizәmәlәgәlmә) gedişi şәraitlәrini öyrәnir. Hidrokimyәvi proseslәrin rekonstruksiya üsullarından biri minerallarda qaz-maye törәmәlәrin tәdqiqidir. Geokimyәvi sәddlәr – süxurların tәrkibinin, filiz komponentlәri daşıyan hidrotermal flüidin temp-r, tәzyiq, turşu-әsas, oksidlәşmә-reduksiya vә digәr xassәlәrinin kәskin dәyişdiyi sahәlәr haqqında tәlim işlәnib hazırlanmışdır. Belә sәddlәrdәn biri hidrotermal mәhlulların qarışma yeridir.
Biosferin geokimyası. Canlı maddәnin geol. rolunu ilk dәfә V.İ.Vernadski hәrtәrәfli tәdqiq etmiş vә göstәrmişdir. Müxtәlif üzvi maddәlәr sadә sәlәflәrindәn (HCN, HCHO, CH4, N2, H2O) reduksiyaedici şәraitdә istiliyin, şüalanmanın tәsirindәn әmәlә gәlmişdir. Aminturşular, hidroksiturşular kimi kifayәt qәdәr mürәkkәb maddәlәrin kometalarda vә meteoritlәrdә olması üzvi mühitin Yerdә çox erkәn mövcud olmasının göstәricisidir. Canlı orqanizmlәr geokimyәvi proseslәri dәfәlәrlә sürәtlәndirәn biokatalizatorlardır, kimyәvi vә izotop selektivliklәrinә malikdirlәr, elementlәrin mütәhәrrikliyinә nәzarәt edirlәr. Onların metabolizmi elementlәrin miqrasiyasının yeni yollarını müәyyәnlәşdirir.
Biominerallaşma elementlәrin konsentrasiyasının güclü mexanizmidir. Elementlәrin biokonsentrasiyası kimi biominerallaşma da dәniz suyunun vә okeanın dib çöküntülәrinin kimyәvi tәrkibinә tәsir göstәrir. Okeanda özünәmәxsus mәs., filtrasiya ilә qidalanmaya malik faunanın meydana çıxması nәticәsindә pellet nәqli hesabına maddәlәrin dib çöküntülәrindә gömülmә prosesi әhәmiyyәtli dәrәcәdә sürәtlәnmişdir.
Çöküntülәrdә biogeokimyәvi zonalıq – әn yuxarı qatda aerob, aşağıdakında sulfatreduksiya, daha dәrindәkindә sulfatreduksiyaedici bakteriyaların fәaliyyәti zәiflәdikcә metanogenez zona formalaşmışdır. Mikrobioloji metanın generasiyası qlobal xarakter daşıyır, çox vaxt qazhidratların toplanmasına gәtirib çıxarır.
Hidrosferdә oksigenin meydana gәlmәsini nәhәng dәmir yataqlarını әmәlә gәtirәn dәmirli kvarsitlәrin (cespilitlәrin) toplanması dövrü ilә әlaqәlәndirirlәr.
Üzvi geokimya. Ölmüş orqanizmlәr çöküntülәrdә vә torpaqlarda basdırılaraq süxurlarda üzvi maddәlәrin mәnbәyinә çevrilirlәr. Yerdә qazıntı üzvi maddәlәr, әsasәn sәpәlәnmiş (süxurlarda, çöküntülәrdә, torpaqda, çay, dәniz vә okean sularında) vә konsentrasiyalaşmış (neft, kömür, yanar vә qara şistlәr, yanar qazlar, torf vә s.) halda mövcuddur. Üzvi G. yerin tәkindәki üzvi maddәlәrin molekulyar vә izotop tәrkiblәrini, kimyәvi çevrilmәlәrini, yayılmasını vә formalarını öyrәnir.
Neft-qaz G.-sı üzvi G.-nın bir hissәsidir. Neftlәr onların tәrkibindә üstünlük tәşkil edәn karbohidrogenlәrin әsas siniflәrindәn (parafin, naften, aromatik) asılı olaraq tәsnifatlanır. Neftlәrin tәrkibinә hәmçinin yüksәk molekullu politsiklik birlәşmәlәr (qatranlar vә asfaltenlәr) da- xildir. Onların molekullarında azot, kükürd, oksigen atomları vә mikroelementlәr olur. N.B.Vassoyeviç, İ.O.Broda, B.Tisso, D.Velte vә b. tәrәfindәn neftli-qazlı hövzәlәr haqqında tәlim yaradılmış vә üzvi maddәlәrin geokimyәvi yetişmәsi gedişindә neftin yaranmasının çöküntü-miqrasiya nәzәriyyәsinin әsasları işlәnib hazırlanmışdır. Neftәmәlәgәlmәnin baş faza anlayışı (“neft pәncәrәsi”) irәli sürülmüşdür ki, bu da maddәlәrin katagenezinin orta mәrhәlәlәrinә müvafiqdir. Tәbiәtdәki üzvi karbonun izotop tәrkibi haqqında ilk empirik mәlumatlar Q.Kreyq (1953), Silverman vә Epstayn (1959), Abelson vә Horinq (1961) tәrәfindәn alınmışdır. Ana neft süxurlarını identifikasiya etmәk üçün izotop–fraksiyalı vә “neft-neft” layarası korrelyasiya üsulları tәklif edilmişdir. C.Heys (ABŞ) komponentlәr üzrә kütlә-spektroskopik izotop analiz üsulunu işlәyib hazırlamışdır.
Karbohidrogenlәrin әsas kütlәsinin biogen vә ya abiogen mәnşәli olması uzun müddәtdir ki, diskussiya obyektidir. Tәbiәtdә abiogen әmәlә gәlmiş naftidlәrә, mәs., püskürmә süxurların minerallarındakı bitumoidlәrә rast gәlinir. CO vә H2-nin katalitik sintezindәn (Fişer–Tropş prosesi), karbidlәrin su ilә qarşılıqlı tәsirindәn karbohidrogenlәr qarışığı әmәlә gәlir ki, bu da D.İ.Mendeleyevin vә digәr alimlәrin neftin “qeyri-üzvi” mәnşәyi haqqında fәrziyyә irәli sürmәsinә әsas vermişdir.
Neftin biogen mәnşәyi izotopların bioloji fraksiyalanma nәzәriyyәsi çәrçivәsindә biomarkerlәrin vә neft karbohidrogenlәrinin әsas siniflәrinin fraksiyalandırılma xәtlәrinin uyğunluğu ilә sübuta yetirilir.
Biogeokimya. Müasir biogeokimya (bir tәrәfdәn G.-nın bölmәsi, digәr tәrәfdәn biologiyanın bölmәsi kimi) orqanizmlәrin geol. mühitlә qarşılıqlı tәsirini öyrәnir vә bu mәnada geokimyәvi ekologiya ilә uyğun gәlir. Bәzi vilayәtlәr (biogeokimyәvi әyalәtlәr) orqanizmlәrin әtraf mühitdә müәyyәn kimyәvi elementlәrin çatışmazlığı vә ya çoxluğu şәraitindә yerlәşmәsilә fәrqlәnir ki, bunun da bir sıra neqativ nәticәlәri olur. Mәs., yodun çatışmazlığı insanlarda endemik zobun inkişafına, molibdenin artıqlığı isә podaqraya sәbәb olur. Bitkilәrdә mikroelementlәrin miqdarı geol.-axtarış mәlumatı daşıyır. Biogeokimyәvi tәdqiqatlarda 138Cs, 90Sr, Pu radioaktuiv izotopların yayılması, tapılma forması vә miqrasiyasının öyrәnilmәsi xüsusi yer tutur.
Əd.: В е р н а д с к и й В.И. Избр. соч. М., 1954–1960. Т. 1-5; В и н о г р а д о в А.П. Геохимия редких и рассеянных химических элементов в почвах. 2-е изд. М., 1957; y e n ә o n u n. Химическая эволюция Земли. М., 1959; y e n ә o n u n. Введение в геохимию океана. М., 1967; П е р е л ь м а н А.И. Геохимия. М., 1989; M a s o n B. Principles of geochemistry. N. Y.; L., 1992; K r a u s k o p f K.B. Introduction to geochemistry. 3rd ed. N.Y.; L., 1995; Treatise on geochemistry. Amst.; Boston, 2004.