GEOLOJİ YAŞ – hәr hansı bir geol.hadisәdәn (dәnizin irәlilәmәsi, bir layın vә ya müәyyәn qatın toplanması, bәzi orqanizmlәrin mәhvi vә digәrlәrinin meydana gәlmәsi, intruziyanın süxurlara soxulması vә s.) sonra ötәn vaxt. Nisbi vә izotop G.y.- nı ayırırlar.
N i s b i G.y. Yerin geol. tarixindә hәr hansı bir hadisәnin başvermә vaxtını digәr hadisәnin başvermә vaxtı ilә, çökmә süxurları ümumi stratiqrafik şkalada etalon kimi qәbul edilmiş çöküntü komplekslәri ilә müqayisә etmәklә müәyyәn edilir; G.y.-ın dәqiqliyi dövr, epoxa vә әsrlәrlә ölçülür. Çöküntülәrin müqayisәsindә, әsasәn, paleontoloji metoddan istifadә olunur; üzvi alәmin inkişafı yüksәlәn xәtt üzrә – bәsit orqanizmlәrdәn mürәkkәb orqanizmlәrә doğru olduğundan süxurlarda tapılan üzvi qalıqları müqayisә etmәklә daha qәdim vә daha cavan süxurları müәyyәn etmәk müm- kündür. Okean dibinin püskürmә süxurlarının nisbi G.y.-ı paleomaqnit metodu (ferromaqnit minerallarının qalıq maqnitlәşmәsinә әsasәn) ilә, intruziv süxurlarınkı isә yarıb keçdiyi vә yaşı artıq bәlli olan çökmә süxurlarla müqayisәdә tәyin olunur.
İ z o t o p G.y. -ın tәyini parçalanma sürәti sabit vә dәqiq mәlum olan bәzi kimyәvi elementlәrin qeyri-stabil izotoplarının radioaktiv parçalanması hadisәsinә әsaslanır. Süxurların izotop G.y.-ının tәyini müxtәlif üsullarla aparıla bilәr. Birinci qrup izotop üsulları – parçalanma nәticәsindә әmәlә gәlәn izotopun (buna radiogen “qız” izotopu deyilir) atom konsentrasiyasının (Dt) radio- aktiv “ana” izotopunun konsentrasiyasına (Mt) olan nisbәtinә әsaslanır:
t = (1/λM)·ln(Dt /Mt + 1)
burada λM– ana izotopun parçalanma sürәtini xarakterizә edәn sabitdir. Müxtәlif izotopların radioaktiv çevrilmәlәrindәn istifadә olunur:
238U→ 206Pb, 235U→ 207Pb, 232Th→208Pb,
147Sm→ 143Nd (α−parçalanma);
87Rb→ 87Sr, 187Re→ 187Os,
176Lu→ 176Hf, 40K→40Ca (β−parçalanma);
130Te→ 130Xe (2β−parçalanma);
40K→ 40Ar (K-tutulma); 238U→ 136Xe vә s. Bu radioaktiv izotopların yarımparçalanma dövrlәri çox böyükdür vә ona görә dә birinci qrup izotop üsulları geniş intervalda (on minlәrlә ildәn bir neçә milyard ilә qәdәr) süxuryaradan vә aksessor (aşqar) mineralların, elәcә dә çöküntü, maqmatik vә metamorfik süxurların yaşının tәyinindә istifadә etmәk olur. Bu üsulla yaşın tәyini zamanı ölçü xәtası bir neçә faizdәn çox olmur.
İzotop G.y.-ın ikinci qrup üsulları – U vә Th radioaktiv ailәlәrindә parçalanma nәticәsindә biri digәrindәn alınan radioaktiv izotopların miqdarları arasında dinamik radioaktiv tarazlıq halının müxtәlif geoloji proseslәr tәrәfindәn pozulmasının tәyininә әsaslanır. Bu üsulların (bu qrupa 234U, 210Pb, 234U/238U, 230Th/232Th, 230Th/231Pa vә s. izotoplar daxildir) kömәyilә, әsasәn, okeanların dibindәki metaldaşıyan vә digәr çöküntülәrin, duzdaşıyıan süxur qatlarının, gәnc vulkanik süxurların, qazıntılardan әldә edilmiş heyvan sümüklәrinin vә s. yaşı tәyin edilir. Bu üsulla tәyin olunan izotop yaşların diapazonu bir neçә yüz ildәn bir neçә milyon ilә qәdәrdir vә ölçü xәtası bir neçә faiz tәşkil edir.
İzotop G.y.-ın üçüncü qrup üsulları – müxtәlif geoloji obyektlәrdә kosmik şüalanmanın tәsirilә 3He, 10Be, 14C, 26Al, 32Si, 36Cl, 39Ar, 53Mn, 59Ni, 81Kr vә s. izotoplarının radioaktiv parçalanma reaksiyalarının analizinә әsaslanır. Kosmogen izotopların yarımparçalanma dövrlәri 3.7 mln. ildәn tәxminәn 270 ilә qәdәrdir. Dәniz çöküntülәrinin, gәnc vulkanik süxurların, buzlaqların, biogen silisium dioksidin (SiO2) vә s. yaşının tәyinindә istifadә olunur. Bu üsulla G.y.-ın tәyinindә xәta bir neçә faizdәn 20%-ә qәdәr olur.
İzotop G.y.-ın dördüncü qrup üsulları – radioaktiv şüalanmanın tәsirilә kristallik struktura malik mineralların quruluşunda әmәlә gәlәn defektlәrin analizinә әsaslanır. Bu üsullardan әn mühümü parçalanma nәticәsindә uran qәlpәlәrinin izlәrinin tәdqiqidir. Belә ki, 238U nüvәsinin spontan parçalanması zamanı kinetik enerjisi kristallik qәfәsdәki atomların rabitә enerjisindәn on milyonlarla dәfә çox olan bir cüt qәlpә yaranır ki, bu qәlpәlәr dә kristal daxilindә özünün hәrәkәt trayektoriyası boyu “zәdәlәnmiş” zonalar (buna treklәr deyilir) әmәlә gәtirir. Kimyәvi üsullarla (xüsusi aqressiv mayelәrin kömәyilә) bu zonalar әtrafındakı maddәni hәll etmәklә, uran nüvәsinin hәr bir parçalanma aktının izlәrindәn ibarәt treklәri optik mikroskop altında müşahidә etmәk olar. Mineralda olan treklәrin sayı vә uran izotoplarının konsentrasiyası nisbәtindәn izotop yaşı tәyin edilir.