GEOMAQNİT TƏLƏ – Yerin maqnit sahәsinin yüklü zәrrәciklәr üçün yaratdığı tәlә. Geomaqnit sahәsi tәrәfindәn yüklü zәrrәciklәrin tutulmasını Norveç fiziki K.Styormer (1913) vә H.Alfen (1950) qabaqcadan söylәmişdilәr. YSP-dә aparılan eksperimentlәr G.t.-nin real mövcud olmasını tәsdiqlәdi vә göstәrdi ki, o, Yerin radiasiya qurşaqlarını әmәlә gәtirәn yüksәk enerjili (bir neçә keV-dan yüzlәrlә MeV-a qәdәr) zәrrәciklәrlә doludur.
Yerin maqnit sahәsinin qüvvә xәtlәri ona daxil olan yüklü zәrrәciklәr üçün maqnit tәlәsi yaradır. G.t.-dә tutulan zәrrәciklәr qüvvә xәtlәri әtrafında fırlanmaqla (Larmor presessiyası) bәrabәr, eyni zamanda bu xәtlәr boyunca irәlilәyәrәk bir yarımkürәdәn digәr yarımkürәyә rәqsi hәrәkәt edir. Zәrrәciklәrin Şimal yarımkürәsindәn Cәnub yarımkürәsinә vә әksinә olan rәqs müddәti 10–3-dәn 10–1 san-yә qәdәrdir. Tutulmuş halda olan müddәtdә (1 sutkadan 30 ilә qәdәr) zәrrәciklәr milyonlarla rәqs edir. Protonlar vә elektronlar uzunluq dairәsi üzrә müxtәlif tәrәflәrә çox kiçik sürәtli axınla hәrәkәt edir. Enerjidәn asılı olaraq zәrrәciklәr bir neçә dәq.-dәn sutkaya qәdәr olan müddәtdә Yer әtrafında tam bir dövr edir.