GEOMORFOLOGİYA (geo +...yun. μορφή–forma + ...logiya) – Yer sәthinin relyefi haqqında elm. Qurunun, okean vә dәniz dibinin relyefini, xarici görünüşünü, ölçülәrini, mәnşәyini (genezisini), yaşını, inkişaf tarixini vә müasir dinamikasını öyrәnir, hәmçinin relyef әmәlә gәtirәn proseslәri (ekzogen proseslәr, endogen proseslәr) dә tәdqiq edir. G. Yer qabığını, atm.-i, hidrosferi vә biosferi öyrәnәn elmlәrlә sıx әlaqәlidir. G.-nın müasir strukturunda ümumi, xüsusi, regional, tәtbiqi G.-nı vә paleogeomorfologiyanı ayırırlar: ü m u m i G. relyefin formalaşmasının ümumi mәsәlәlәrini araşdırır; bura quru G.-sı, dәniz G.-sı vә s. daxildir; x ü s u s i G. relyefi bir vә yaxud bir neçә geomorfoloji göstәricilәrlә öyrәnir; bura struktur G., iqlim G.-sı, dinamiki G. daxildir. Struktur G., әsasәn, endogen proseslәrin tәsirindәn yaranmış relyef formalarını, iqlim G.-sı isә, әsasәn, ekzogen proseslәrin tәsirindәn yaranmış relyef formalarını tәdqiq edir; dinamiki G. relyefin fiziki inkişafını öyrәnir. R e g i o n a l G. geomorfoloji r-nlaşma mәsәlәlәrinә baxır, hәr hansı konkret әrazidә relyef formalarının morfologiyasını, mәnşәyini, yaşını vә coğrafi yayılmasının xüsusiyyәtlәrini öyrәnir. T ә t b i q i G. relyef vә relyefәmәlәgәtirici proseslәrlә әlaqәdar olan müxtәlif praktiki mәsәlәlәrin (sәpinti yataqların, neftli-qazlı strukturların, qeyri-struktur neft yataqlarının, torpaqların eroziyası, karstların, sahillәrin mәnimsәnilmәsi, hidrotexniki istifadә üçün dәrәlәrin tәdqiqi, tәbiәtin qorunması vә әtraf mühitin mühafizәsi vә b.) hәlli ilә mәşğul olur. T ә t b i q i G., hәmçinin insanın relyef vә geomorfoloji proseslәrә tәsirini tәdqiq edir. P a l e o g e o m o r f o l o g i y a keçmiş geol. epoxaların relyefini öyrәnir, uzunmüddәtli geol. zaman daxilindә yer sәthinin formalaşma tarixini aydınlaşdırır.
G. fiziki coğrafiyanın digәr sahәlәri (qurunun hidrogeologiyası, qlyasiologiya, iqlimşünaslıq, landşaftşünaslıq, okeanologiya) vә geologiya (әsasәn geotektonika, ekzogen geodinamika, litologiya, tarixi geologiya, Dördüncü dövr geologiyası) ilә әlaqәdardır.
G.-nın yaranması 18 әsrin 2-ci yarısına tәsadüf edir. O dövrdә Yer qabığının yaranmasında A.Q.Vernerin (neptunistlәr mәktәbinin başçısı) dәniz çöküntütoplanmasının rolu konsepsiyası ilә C.Gettonun (plutonistlәr mәktәbinin yaradıcısı) relyefәmәlәgәlmәdә Yerin daxili enerjisinin aparıcı rolu ideyası kimi bir-birinә zidd iki tәlim yaranmışdı. G. müstәqil elm kimi 19 әsrin sonu–20 әsrin әvvәlindә yaranmışdır. U.Deyvisin (1899) geomorfoloji tsikl tәlimi G.-nın ilk konsepsiyası hesab edilir. Bu tәlimә әsasәn relyefәmәlәgәlmәdә tektonikanın rolu inkaredilmәzdir. 1924 ildә alman geomorfoloqu V.Penk denudasion relyef formalarının endogen vә ekzogen proseslәrin qarşılıqlı әlaqәsindәn yarandığını göstәrmişdir. 20 әsrin ortalarında Cәnubi Afrikalı geomorfoloq L.Kinq pediplenlәrin yaranması nәzәriyyәsini inkişaf etdirdi vә Yer kürәsinin iri relyef formalarının geomorfoloji analizindә bunu tәtbiq etdi. 20 әsrin 2-ci yarısında iqlim G.-sı vә ekzogen proseslәrin zonallığı (Fransa, B. Britaniya), aşınma problemlәri (Fransa, Avstraliya), dağәmәlәgәlmә, tektonika vә relyefin әlaqәsi (Avstraliya), tәtbiqi G. vә fәlakәtlәrin proqnozlaşdırılması (B. Britaniya, Yaponiya), geomorfoloji xәritәlәmә (Fransa, Yaponiya) üzrә tәdqiqatlar daha çox inkişaf etdi. Azәrb.-da G. barәdә ilkin mәlumatlar 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә Qafqazda tәdqiqat işlәri aparmış G.V.Abix vә b.-nın әsәrlәrindә öz әksini tapmışdır. Bu sahәdә mәqsәdyönlü vә ardıcıl elmi tәdqiqat işlәri 20 әsrin 1-ci yarısından başlamış vә nәticә olaraq “Azәrbaycan SSR-in geomorfoloji xәritәsi” (1:500 000, 1956) vә “Azәrbaycan SSR-in geomorfologiyası” әsәri çap edilmişdir. 50-ci illәrdәn başlayaraq G. elmi sürәtlә inkişaf etmәyә başlamışdır. Bu inkişafda AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İn-tunun geomorfologiya şöbәsinin alimlәrindәn B.Ə.Budaqov, N.Ş.Şirinov, B.A.Antonov, M.A.Müseyibov, E.K.Əlizadә, X.K.Tanrıverdiyev, H.A.Xәlilov vә b.-nın xidmәtlәri var.
G. sahәsindә Geomorfoloqların Beynәlxalq Assosiasiyası (International Association of Geomorphologists, IAG, 1989) әn iri tәşkilatdır; 4 ildәn bir beynәlxalq konfranslar keçirir. G. üzrә әlaqәlәndirmә işlәri ilә Beynәlxalq Coğrafiya İttifaqı (International Geographical Union), Beynәlxalq Geologiya Elmlәri İttifaqı (International Union of Geological Sciences), Dördüncü Dövrün Öyrәnilmәsi üzrә Beynәlxalq Assosiasiya (INQUA), Beynәlxalq Qlyasiologiya Cәmiyyәti (IGS), Beynәlxalq Donuşluq Tәdqiqatları Assosiasiyası (IPA), Beynәlxalq Speleologiya İttifaqı (IUS) vә geomorfoloji tәdqiqatlarla mәşğul olan d. tәşkilatlarlar mәşğul olur.
Əd.: M u s e y i b o v M., B u d a q o v B., Ş i r i n o v N. Ümumi geomorfologiya. B., 1967; M u s e y i b o v M., Q u l i y e v R. Azәrbaycan SSR-in geomorfologiyası. B., 1974; Т и м о ф е е в Д.А. Поверхности выравнивания суши. М., 1979; Ф е д о р о в и ч Б.А. Динамика и закономерности рельефообразования пустынь. М., 1983.