GEOTEKTÓNİKA (geo... + tektonika) – geologiyanın bir bölmәsi. Yerin üst bәrk qatının strukturunu, hәrәkәtini, deformasiyasını vә inkişafını öyrәnir. G.-nın tәdqiqat obyektlәri ilk növbәdә litosferin müxtәlif miqyaslı struktur elementlәridir (kontinentlәrdә: platformalar, qırışıqlıq qurşaqları, qalxan vә plitәlәr, antekliz vә sineklizlәr, dağarası vә ön çökәklәr; okeanlarda: orta okean silsilәlәri vә abissal düzәnliklәr, okeandaxili silsilәlәr vә qalxımlar vә s.).
G.-da bir neçә istiqamәt ayırırlar. Ü m u m i G. tektonosferin quruluşunun qanunauyğunluğunu öyrәnir vә litosferin struktur elementlәrinin әmәlә gәlmәsi vә inkişafını әsaslandırır. R e g i o n a l G. regional geologiya ilә sıx әlaqәdardır; Yer kürәsinin ayrı-ayrı regionlarında litosferin müxtәlif tip struktur elementlәrini aşkar edir vә sәciyyәlәndirir. T a r i x i G. tarixi geologiya ilә әlaqәdardır; litosferin müasir strukturlarının formalaşma tarixini tәdqiq edir, onların hәm qlobal, hәm dә regional miqyasda inkişafının әsas mәrhәlәlәrini aşkar edir. M o r f o l o j i G. yaxud struktur geologiya xırda vә ortamiqyaslı qırışıqları vә qırılmaları öyrәnir. T e k t o n i k k a r t o q r a f i y a Yer qabığının müasir strukturunun tektonik xәritә üzәrindә әks etdirilmәsi ilә mәşğul olur.
G. öz tәdqiqatlarında aktualizm üsuluna istinad edir; geol. planaalmanın, Yer sәthinin distansion öyrәnilmәsinin, buruq qazımasının, geofiziki tәdqiqatların, geokimyanın mәlumatlarına әsaslanır. G. elminin әsas tәdqiqat metodları s t r u k t u r a n a l i z (tektonik pozulmaların tәdqiqi vә onların formalaşma ardıcıllığının aydınlaşdırılması); p a l e o t e k t o n i k a n a l i z (Yer qabığının hәrәkәti vә deformasiyası tarixinin bәrpası vә onun struktur elementlәrinin keçmiş geol. epoxalardakı mövqeyi); n e o t e k t o n i k a n a l i z (müasir Yer qabığı hәrәkәtinin öyrәnilmәsi) metodlarından; m ü q a y i s ә l i t e k t o n i k a m e t o d u n d a n (eyni tipli tektonik strukturların inkişaf tarixi vә morfologiyasının müqayisәsi) vә bir sıra digәr (geofiziki, petrokimyәvi vә geokimyәvi) metodlardan ibarәtdir. Tәdqiqatlarda riyazi vә fiziki metodlardan, kompüter texnologiyasından geniş istifadә olunur.
G.-nın әsası 17 әsrdә qoyulmuşdur. N.Steno layların maili vәziyyәtini “güclü silkәlәnmә” yaxud altda yatan layların dağılması ilә izah edirdi. 18 әsrdә M.V.Lomonosov dağların әmәlә gәlmәsindә endo- gen proseslәrin aparıcı rolunu göstәrirdi. A.L.Moro vә C.Getton qurunun dövri olaraq qalxmasını vulkanizmlә әlaqәlәndirirdilәr. 1850–70 illәrdә C.Holl vә C.Dana dağ sistemlәrinin xüsusi geosinklinal zonalar daxilindә yaranması tәlimini yaratdılar. 19 әsrin sonu–20 әsrin әvvәlindә M.A.Bertran kontinentlәrin qırışıqlıq zonalarının yaşının müxtәlif olmasını vә dörd әsas dağәmәlәgәlmә epoxalarında (Huron, Kaledon, Hersin vә Alp) formalaşdığını göstәrdi. E.Oq kontinentlәrin stabil sahәlәrini – platformaları geosinklinallara qarşı qoydu vә nәticәdә bu iki tәlim Yer qabığı strukturunun tәkamülü barәdә ümumi anlayışın әsasını yaratdı. Sonralar, 1940-cı illәrdә platformaların tektonik aktivliyin artması nәticәsindә yenidәn dağ qurğularına çevrilmәsi prosesinә aydınlıq gәtirildi. 20 әsrin sonunda G.-nın inkişafı Kembriyәqәdәr komplekslәrin strukturu, Yerin ilkin inkişaf mәrhәlәlәri, kontinent vә okeanların quruluşu barәdә yeni mәlumatların toplanması ilә, hәmçinin Günәş sisteminin digәr planetlәri üzrә toplanmış materiallarla әlaqәdardır.
Azәrb. Resp.-nda G. üzrә tәdqiqatlar AMEA Geologiya vә Geofizika İn-tunda, ADNSU-da, BDU-da vә s. elm ocaqlarında aparılır; xaricdә dә belә tәdqiqatlar, әsasәn, un-t vә in-tlarda aparılır. G. sahәsindә beynәlxalq işlәr Struktur Geologiya üzrә Komissiya tәrәfindәn yerinә yetirilir. G. mәsәlәlәri Beynәlxalq Geoloji Konqresin sessiyalarında müzakirә olunur. “Tectonics” (Vaşinqton, 1982) vә “Tectonophysics” (Amsterdam, 1964) kimi beynәlxalq jurnallar nәşr edilir.
Əd.: M ә m m ә d o v T.Ə., K ә r i m o v V. Ümumi vә regional geotektonika. B., 1982; К о с ы г и н Ю.А. Тектоника. М., 1983; Х а и н В.Е., Л и м о н о в А.Ф. Региональная геотектоника. М., 2006.