GEOTERMÁL ELEKTRİK STANSİYASI – yerdәn çıxan isti suların (mәs., geyzerlәrin) istilik enerjisini elektrik enerjisinә çevirәn elektrik stansiyası. G.e.s.-na aşağıdakılar daxildir: buxar-su qarışığını vә ya ifrat qızmış buxarı yer sәthinә çıxaran quyular: qaztәmizlәmә vә kimyәvi tәmizlәmә qurğuları; elektroenergetika qurğuları; texniki su tәchizatı sistemi vә s. G.e.s.-nda adi İES-lәr üçün zәruri olan qazanxana sexi, istilik vericilәri, kültutan vә s. qurğular yoxdur. G.e.s.-nda alınan elektrik enerjisi yerli dizel elektrik st.-na nisbәtәn bir neçә dәfә ucuz başa gәlir. Geotermal ehtiyatların istifadә edilmәsi ilә elektrik enerjisinin istehsalının birbaşa, dolayı vә qarışıq tәsirli sxemlәri mövcuddur. Birbaşa tәsirli G.e.s., әsasәn, geotermal buxarla işlәyir; birbaşa turbinә daxil olan buxar elektrik enerjisi hasil edәn generatoru qidalandırır. Dolayı tәsirli G.e.s.-nda hidrotermal mәhlul buxarlandırıcıya vurulur, alınan buxar turbini hәrәkәtә gәtirir. Qarışıq tәsirli (binar tsikl) G.e.s.-nda qaynar geotermal su ilә digәr maye (nisbәtәn aşağı temp-rlu) istidәyişdiricidәn buraxılır vә geotermal su mühәrriki işlәdәn ikinci mayeni buxarlandırır. G.e.s. termal suların Yer sәthinә daha çox yaxın olduğu yerlәrdә tikildikdә özünü doğruldur. Rusiya (Paujetka, Kamçatkanın c.-unda), İtaliya (Toskana, Larderello r-nu), Yeni Zelandiya (Taupo zonası), ABŞ (Kaliforniya, Böyük Geyzerlәr Vadisi) vә Yaponiyada G.e.s.-ndan istifadә olunur. Reykyavik r-nunda (İslandiya) geotermal sular istilik tәchizatı sistemlәrindә işlәdilir.
Krafla geotermal elektrik stansiyası. İslandiya.