GEOTERMAL SULAR – temp-ru 35°C-dәn yuxarı olan isti yeraltı sular. Zәif termal (temp-r 35–40°C), termal (temp-r 40– 60°C), yüksәk termal (temp-r 60–100°C) vә hәddәn artıq qızmış (100°C-dәn yuxarı) G.s. ayırırlar. İstifadәsinә görә G.s. aşağı potensiallı (temp-r 35–70°C; kurortların su tәchizatında, balıqyetişdirmәdә vә üzgüçülük hovuzlarının qızdırılmasında istifadә olunur), orta potensiallı (temp-r 70–100°C; yaşayış binalarının vә avtomobil yollarının qızdırılmasında istifadә olunur) vә yüksәk potensiallıdır (temp-r 100–300°C; elektrik enerjisinin alınmasında istifadә olunur). G.s.-ın böyük ehtiyatı müasir vulkanizmin tәzahürlәri, yeni dağәmәlәgәlmә vә yer qabığının iri qırılmaları ilә, hәmçinin platforma, plitә, dağәtәyi vә dağarası çökәkliklәrdәki artezian hövzәlәri ilә әlaqәdardır. G.s.-dan İslandiya, ABŞ, Yaponiya, İtaliya, Fransa vә RF-dә geniş istifadә edilir.