GÉRA – AFR-dә, Türingiya federal әrazisindә şәhәr. Əh. 95,7 min (2011). Veyse-Elster çayı sahilindәdir. Nәql. qovşağı. Leypsiq–Nürnberq vә Drezden–Erfurt d.y. xәtlәri vә bir neçә avtomagistral (o cümlәdәn Türingiyanı kәsib keçәn Qota– Erfurt–Veymar–Yena–Gera federal avtostradası) G.-dan keçir.
Gera. Şәhәr ratuşası.
G. adı ilk dәfә yazılı mәnbәlәrdә imperator III Ottonun hakimiyyәti dövründә 995 ildә qeyd olunur. 13 әsrin birinci yarısında şәhәr statusunu almışdı. 1358 ildәn Meysen makqraflarına, 1546–1806 illәrdә Bohemiya krallarına mәnsub idi. G.-nın çiçәklәnmәsi 16–17 әsrlәrdә ticarәtin, mahud vә pivә istehsalının inkişafı ilә bağlıdır (18 әsrin әvvәllәrindә dәrinliyi 10 m-ә çatan pivәbişirmә zirzәmilәrinin özülü qoyulmuşdu. Şәhәrin köhnә hissәsinin mәrkәzindә yeraltı lağımlar – “Gera mağaraları” qorunub saxlanılmışdır). 1639, 1686 vә 1780 illәrdә şәhәr, demәk olar ki, tamamilә yanmışdı. 1806 ildә I Napoleon Bonapart qәrargahını G.-da yerlәşdirmişdi. 1848–1918 illәrdә G. Röyss knyazlığının paytaxtı idi. 1920 ildә G. Türingiyanın bir hissәsi olmuşdu. İkinci dünya müharibәsi zamanı Amerika vә B.Britaniya aviasiyasının bombardmanı (6.4.1945) nәticәsindә ciddi dağıntılara mәruz qalmışdı. 1949–90 illәrdә ADR-in tәrkibindә (1952–90 illәrdә Gera dairәsinin mәrkәzi) olmuşdu. 1990 lldәn AFR-in tәrkibindәdir.
Son qotik üslubda inşa edilmiş Müq. Mәryәm, Troitsa kilsәlәri; Ratuşa (1576), Şulenburq villası (1912, memar X.K. van de Velde), Rәsm qalereyası şәhәrin 13–20 әsrlәrә aid memarlıq abidәlәridir. G.-da ölkәşünaslıq, tәtbiqi sәnәt muzeylәri vә s.; O.Diksin ev-muzeyi var. Teatrlar: “Teater Altenburq-Gera” (operalar, operettalar, müzikllәr, baletlәr, dramatik vә kukla tamaşaları; yazda “Yenә dә, yenә dә teatr” teatr festivalları keçirilir), “Klaynes teater im sentrum”.
Yüngül (ipәk, yun, trikotaj, tikiş) sәnayesi inkişaf etmişdir. Maşınqayırma yüngül sәnayesi üçün avadanlıqları, elekrtotexnika mәhsulları, hәmçinin radioelektronika buraxan müәssisәlәrlә tәqdim edilir (onun әsasında 20 әsrin axırından G.-da yüksәktexnologiyalı istehsalat özәyi formalaşır). Yeyinti, poliqrafiya, rezin-texniki sahәlәrin kiçik müәssisәlәri fәaliyyәt göstәrir. Musiqi alәtlәri istehsal edilir. Turizm biznesi sürәtlә inkişaf edir. 20 әsrin ikinci yarısında G.-nın yaxınlığında boz kömür vә uran filizinin hasilatı aparılırdı (hazırda tam ixtisar edilmişdir); 21 әsrin әvvәlindә torpaqlar rekreasiya mәqsәdlәrindә istifadәsi üçün yenidәn becәrilir.