GERASİMOV Sergey Vasilyeviç (26.9.1885, Mojaysk – 20.4.1964, Moskva) – rus boyakarı vә qrafik. SSRİ xalq rәssamı (1958), SSRİ Rәssamlıq Akademiyasının hәqiqi üzvü (1947). Stroqanov mәktәbindә (1901–07) vә Moskva Boyakarlıq, Heykәltәraşlıq vә Memarlıq Mәktәbindә (1907–12) oxumuşdur. Erkәn yaradıcılığında akvarellә işlәmәyә üstünlük vermişdir (“Meşәdә”, 1908, Şәkil qalereyası, Tver; Şimali Rusiya mәnzәrәlәri, 1913). 1917 ildәn sonra inqilabi bayramlarda bәdii tәrtibat işlәrindә iştirak etmişdir. Portretlәr, inqilabi-tarixi mövzuda әsәrlәr, peyzajlar vә natürmortlar yaratmışdır. Əsәrlәrinin çox hissәsi kәnd hәyatına hәsr olunmuşdur (“Kәndlilәr” avtolitoqrafiya seriyası (1920), “Çörәk әn zәruri ehtiyacımızdır” (1921), “Kartuzlu kәndli” (1925, hәr ikisi Dövlәt Rus Muzeyindәdir). Bu әsәrlәr vә “Sibir partizanlarının andı” tablosundakı (1933, Dövlәt Rus Muzeyi) formanın ifadәli ümumilәşdirilmәsi vә tutqun monoxrom koloritlilik sәrt üslubdan xәbәr verir. Sonrakı yaradıcılığı üçün mövzuya uyğun nikbin, parlaq kolorit xarakterikdir (“Kolxoz bayramı”, 1937, Dövlәt Tretyakov Qalereyası, Ümumdünya sәrgisinin gümüş medalı, Paris, 1937). G. hәmçinin lirik mәnzәrәlәr [“Buz әridi” (1945), “Aprelin әvvәli” (1952, Şәkil qalereyası, Odessa), “Mojaysk mәnzәrәlәri” silsilәsi (1954–64)] dә işlәmişdir. N.A.Nekrasovun “Rus elindә kimin günü xoş keçir” poemasına (1933–36) vә M.Qorkinin “Artamonovların işi” (1939–54) romanına qara akvarel texnikası ilә illüstrasiyalar çәkmişdir (bu işlәrә görә Brüsseldә keçirilәn Ümumdünya sәrgisinin qızıl medalına layiq görülmüşdür, 1958). G. Moskvada rәssamlıq mәktәblәrindә (1912 ildәn), Vxutemas-Vxuteindә (1920–29), Poliqrafiya İn-tunda (1930–36), Moskva Rәssamlıq İn-tunda (1936–50; 1940 ildәn prof.), Moskva Ali Rәssamlıq-Sәnaye Texnikumunda (1950–64) pedaqoji fәaliyyәt göstәrmişdir.
S.V.Gerasimov. “Qız portreti”. 1950.Şәxsi kolleksiya.