GERASİMOVİÇ Boris Petroviç [19(31). 3.1889, Poltava - 30.11.1937, Leninqrad] - rus astronomu. Xarkov Un-tini bitirib (1914), oranın prof-u (1922 ildən), Pulkovo rəsədxanasınm direktoru (1933 ildən), SSRİ ЕА Astronomiya Şurasının sədr müavini (1936 ildən). Avropa və ABŞ-ın bir çox astronomiya cəmiyyətlərinin üzvü olub. H.Şeplinin dəvəti ilə Harvard rəsədxanasında işləyib (ABŞ, 1926-29). Elmi işləri qeyri-stasionar və yeni ulduzların, ulduzların daxili quruluşunun, Qalaktikanın strukturunun və dinamikasının tədqiqinə, həmçinin Günəş fizikasına və emissiya (o cümlədən planetar) dumanlıqlarının fizikasına həsr olunub. G. 70-dən çox dəyişən ulduzların xarakteristikalarını və tiplərini müəyyən etmiş və ya dəqiqləşdirmişdir, 31 ulduzun dəyişkənliyini kəşf etmiş, yeni ulduzların ilk təsnifatını təklif etmiş və onların partlayışının səbəbini atomdaxili enerjinin ayrılması nəticəsində ulduzların təkində gedən proseslərlə izah etmişdir. G., qalaktikanın sərbəst ulduz sistemlərinin toplusu kimi mövcud olması təsəvvürlərinə zidd olaraq, onun vahid dinamik sistem kimi “unitar” modelini təklif etmişdir (1937). V.Leytenlə (ABŞ) birlikdə Günəşdən qalaktik müstəviyə qədər məsafəni dəqiqləşdirmişdir (10 pk əvəzinə 30 pk; müasir qiymət - təqr. 28 pk). Günəş qranulyasiyasının irimiqyaslı “filamentar” strukturunun mövcud olması ideyasını söyləmiş, optik qalın planet atm.-lərinin nəzəriyyəsini inkişaf etdirmişdir (1937). Repressiya edilmiş və güllələnmişdir, 1956 ildə reabilitasiya olunmuşdur.