GERB (polyakca herb, alm. Erbe – irs) – emblem, irsi fәrqlәndirmә nişanı, sahibinin tarixi әnәnәsini bildirәn vә simvolik әhәmiyyәt kәsb edәn fiqur vә әşyaların uyğunlaşdırılması. G. aşağıdakı әsas qruplara bölünür: dövlәt gerbi, әrazi G.-i (şәhәr, vil., quberniya, әyalәt vә dövlәtin tәrkibinә daxil olan digәr әrazilәr), korporativ G. (orta әsr sexlәri), nәsil G.-i (zadәgan nәsillәri). G. bayraqlar, möhürlәr, pullar vә s. üzәrindә tәsvir olunur, memarlıq qurğularında, ev müxәllәfatında, silah predmetlәrindә, sәnәt әsәrlәrindә, әlyazmalarda, kitablarda vә s. mülkiyyәt nişanı kimi әks etdirilir (bax hәmçinin Heraldika).