GÉRGİYEV Valeri Abisaloviç (d.2.5.1953, Moskva) – rus dirijoru, RF xalq artisti (1996). 1977 ildә Leninqrad konservatoriyasını (İ.A.Musinin sinfi) bitirmişdir. 1977 ildәn dirijoru, 1996 ildәn bәdii rәhbәri vә direktoru olduğu Mariya teatrı onun rәhbәrliyi dövründә dünyanın әn yaxşı opera teatrlarından birinә çevrilmişdir. Rus vә xarici bәstәkarların operalarının yeni quruluşu hesabına G. teatrın repertuarını әhәmiyyәtli dәrәcәdә zәnginlәşdirmişdir. 1917 ildәn sonra Rusiyada ilk dәfә R.Vaqnerin “Nibelunq üzüyü” tetralogiyasını tamaşaya qoymuşdur. Görkәmli müasir dirijorlardan biri olan G. dünyanın aparıcı filarmonik ork.-lәri ilә (Vyana, Berlin, London vә s.) çıxış edir. 1995 ildәn Rotterdam filarmonik ork.-nin, 1997–2002 – “Metropoliten-opera” teatrının dәvәtli dirijoru. “Filarmonik-Gergiyev” (Rotterdam), “Kirov-Filarmoniya” (London), “Moskva pasxa festivalı”, “Ağ gecәlәrin ulduzları” (S.-Peterburq) beynәlxalq musiqi festivallarının yaranmasının tәşәbbüsçüsü vә bәdii rәhbәridir. Mariya teatrının vә Rotterdam filarmoniyasının ork.-lәri ilә bir çox opera, balet, konsert proqramlarını yazdırmışdır (30-dan artıq kompakt disk). RF Dövlәt mükafatına (1994, 1999) layiq görülmüşdür.