GERQOVİYA (Gergovia) – kelt mәskәni (lat. oppidum). Klermon-Ferrandan (Fransa, Overn) 6 km c.-da yerlәşir. Müasir Overnin әrazisindә mәskunlaşmış arvernlәr tayfasının mәrkәzi (hünd. dәniz sәviyyәsindәn 744 m, sah. 75 ha) olmuşdur. E.ә. 52 ildә G. yaxınlığında arvernlәrin başçısı Versingetoriq Sezarı mәğlub etmişdir. Qalliyanın romalılar tәrәfindәn fәthindәn sonra G. dağıdılmış, sakinlәri Avqustomenetә (indiki Klermon-Ferran) köçürülmüşdür. 1862, 1930–40-cı vә 1990-cı illәrdә qazıntılar aparılmış, daş vә ağacdan istehkamlar, evlәr, emalatxanalar, mәişәt vә bәzәk әşyalarının, silahların, metal pulların, xaricdәn gәtirilmiş qabların zәngin kolleksiyası tapılmışdır.