GERMÁNİUM (lat.Germanium), Ge – kimyәvi element; dövri sistemin IV qrupundadır, at.n. 32, at.k. 72,64. Tәbiәtdә 5 stabil nuklidi vardır: 70Ge (kütlәcә 20,84%), 72Ge (27,54%), 73Ge (7,73%),74Ge ( 36,28%) vә 76Ge (7,61%). G. nadir vә sәpәlәnmiş elementlәrә aiddir; Yer qabığında kütlәcә miqdarı 1,5∙10–4%-dir; G.-un nadir tapılan arqirodit, germanit, renierit vә qurğuşungermanit mineralları mәlumdur. G. qarışıq kimi silikatlar, polimetal filizlәr, neft vә tәbii kömürlәrin tәrkibindә olur.
G.-un (“ekasilisiya”) mövcudluğunu D.İ.Mendeleyev 1870-ci illәrin әvvәllәrindә qabaqcadan söylәmiş vә onun bәzi xassәlәrini tәsvir etmişdir. 1886 ildә K.Vinkler arqirodit mineralından yeni element ayırmış vә onu öz vәtәninin şәrәfinә germanium (lat. Germania–Almaniya) adlandırmışdır.
G. atomunun xarici elektron tәbәqәsinin quruluşu 4s24p2; birlәşmәlәrdә adәtәn +4, nadir hallarda +1, +2, +3 vә – 4 oksidlәşmә dәrәcәlәrini göstәrir. Polinqә görә elektromәnfiliyi 2,01; atom radiusu 125 pm, Ge4+ ionunun radiusu 67 pm (koordinasiya әdәdi 6).
Normal şәraitdә G. açıq boz rәngli, metal parıltılı, bәrk, kövrәk maddәdir. Bir neçә polimorf modifikasiya şәklindә mövcuddur; almaz tipli kub qәfәsli Ge I üçün kristallik modifikasiya әn davamlıdır; tәr. 938,3°C, tqayn. 2820°C, sıxlığı 5330 kq/m3 (25°C-dә).
G. yarımkeçirici xassәlәrә malikdir; qadağan olunmuş zonanın eni 0,66 eV (300 K). Dalğa uz. 2 mkm-dәn yuxarı olan İQ-şüalar üçün şәffafdır. G. havada davamlıdır, çox qızdırdıqda oksigenlә GeO2 vә GeO oksidlәri, kükürdlә GeS vә GeS2 sulfidlәri әmәlә gәtirir. Reaksiyanın aparılması şәraitindәn asılı olaraq G.-un halogenlәrlә qarşılıqlı tәsirindәn tetrahalogenidlәr (mәs. tetraxlorid GeCl4) vә dihalogenidlәr (mәs., diyodid GeI2) әmәlә gәlir. G. nitrat turşusu vә qәlәvilәrin isti mәhlulları ilә reaksiyaya girir. Dioksid GeO2 amorf vә iki kristallik modifikasiyada mәlumdur. GeO2 vә GeO amfoter xassәlәrә malikdir, turşu vә әsasların mәhlulları ilә reaksiyaya girirlәr. G. oksidlәrinin qәlәvilәrlә qarşılıqlı tәsirindәn germanatlar әmәlә gәlir.
G. GenH2n+2, GenH2n vә d. (n = 1–10) homoloji sıralara malik davamsız, qaz halında zәhәrli germaniumhidrogenlәr әmәlә gәtirir. G. Çoxlu sayda metallarla germanidlәr, mәs., ifrat keçiricilik xassәlәrinә malik vanadium-germanid V3Ge vә ferromaqnetik manqan-germanid Mn5Ge3 әmәlә gәtirir.
G. almaq üçün xammal kimi әlvan metal filizlәri emalının tullantıları vә kömürün yandırılmasından әmәlә gәlәn zol istifadә olunur. Yüksәk tәmizlikli G. almaq üçün zonalı әridilmә vә istiqamәtlәnmiş kristallaşma üsullarından istifadә olunur. G.-un monokristalları (bunlara tәlәb olunan yarımkeçirici xassәlәri vermәk üçün böyümә prosesindә mikroqarışıqlar – Sb, Ga, Ar vә s. ilә legirlәnir) istiqamәtlәnmiş kristallaşma üsulu ilә alınır.
Monokristallik G. diod, tranzistor, fotodiod, termo vә fotorezistorların, ionlaşdırıcı şüaların detektorlarının vә s. hazırlanmasında istifadә olunur.