GERMANLAR (lat. Germani, alm. die Germanen) – german dillәrinin qәdim daşıyıcıları olan xalqlar qrupu. Adәtәn 3 qola: qәrbi (Reyn vә Oder çayarasında formalaşmışdı; bir neçә qrupa bölünür), şimali (Skandinaviya y-a-nın c.-unda vә Yutlandiya y-a-nın şm.-ında formalaşmışdı) vә şәrqi (miqrasiyalar gedişindә formalaşmışdı) G.-a bölünürlәr.
Qәdimdә Reynin sol sahilindә mәskunlaşmış kiçik tayfa (bәzi fikirlәrә görә, qeyri-german tayfası) G. adlandırılırdı. E.ә. 1 әsrin ortalarından bu ad Reyndәn ş.-dә vә Dunayın yuxarı axarından şm.-da yaşayan G.-a vә onların tәrәfindәn tәdricәn assimilyasiyaya uğrayan digәr xalqlara şamil olunmağa başladı. Antik müәlliflәr G.-ın yaşadıqları әrazilәrin ş. hüdudlarını Visla çayı r-nunda lokallaşdırırdılar. Onlar G.-a hәmçinin şәrq qruplarını, mәs., bastarnaları (mәdәniyyәtlәrinin vә üz cizgilәrinin bәzi zahiri xüsusiyyәtlәrinin oxşarlığına әsasәn) aid edirdilәr.
Bir sıra dilçinin Tunc dövründә german dillәrinin artıq xüsusilәşdiyini iddia etmәsinә baxmayaraq, bu dövrdә G.-ın mәdәni birliyini müәyyәnlәşdirmәk cәhdlәri inandırıcı deyil. G.-ın formalaşması Yastorf arxeoloji mәdәniyyәti vә Erkәn Dәmir dövründә bu vә ona yaxın mәdәniyyәtlәrin daşıyıcılarının mәskunlaşması ilә әlaqәdardır. G.-a keltlәrin tәsirini әks etdirәn Halştat mәdәniyyәti vә Laten mәdәniyyәti güclü tәsir göstәrmişdir.
G.-ın yazılı mәnbәlәrdә qeyd olunmuş әn qәdim miqrasiyası kimvrlәr vә tevtonların köçü idi. Onların e.ә. 2 әsrdә Cәnubi Yutlandiyadan hәrәkәtә keçәn qrupları yol boyu digәr birliklәri özlәrinә qataraq Dunayın orta axarına, Qalliyaya, Şimal-Şәrqi İspaniyaya vә Şimali İtaliyaya çatmışdılar. E.ә. 102–101 illәrdә isә Qay Marinin komandanlıq etdiyi Roma ordusu tәrәfindәn darmadağın olunmuşdular. G.-ın köçünün svevlәrin üstünlüyü ilә növbәti axınının zirvәsi e.ә. 70–60-cı illәrә tәsadüf etmişdi. Ariovistin başçılığı ilә svevlәrin hәrbi dәstәlәri Şimal-Şәrqi Qalliyada möhkәmlәnsә dә, e.ә. 58 ildә Qay Yuli Sezar tәrәfindәn darmadağın edilmişdi. Svevlәrin basqını Romanın Qalliyanı işğal etmәsi üçün bәhanә olmuşdu. Roma mülklәrinin vә G.-ın Reynboyu sәrhәdlәri Sezarın e.ә. 55–53 illәrdә german torpaqlarına ekspedisiyalarından sonra sabitlәşmişdi.
E.ә. 1 әsrin sonu – eramızın 1 әsrinin әvvәllәrindә Roma G. üzәrindә hakimiyyәtini Reyndәn Vezer çayınadәk genişlәndirmişdi. Roma legionları bir neçә dәfә Elbayadәk irәlilәmişdilәr. Germaniya әyalәti elan olunmuşdu. Lakin digәr german tayfaları tәrәfindәn dәstәklәnәn Armininin başçılıq etdiyi xeruskların üsyanı nәticәsindә romalılar eramızın 9 ilindә Tevtoburq Meşәsindә darmadağın olunmuşdular. Tiberinin (11) vә Germanikin (14–16) yürüşlәri nәticәsindә Roma vәziyyәti sabitlәşdirsә dә, G.-a qarşı münasibәtdә fәal müdafiә siyasәtinә keçmişdi. Reyn boyunda Aşağı Almaniya vә Yuxarı Almaniya әyalәtlәri yaradılmış, Aşağı Loqon, Maynın aşağı axarı vә solsahil vadilәri, Nekkar hövzәsinin çox hissәsi daxil olmaqla Reynboyu müdafiә sistemi qurulmuş, hәmin әrazidә Dunayın yuxarı axarının şm.-ından keçәn Retsiya sәddinә birlәşәn Yuxarı Almaniya sәddi çәkilmişdi. Sәrhәd boyunca yaşayış olmayan zolaq mövcud idi. Roma bәzi german tayfaları ilә döyüşçü çıxarmaq haqqında müqavilәlәr bağlamışdı.
Eramızın 1 әsrindә G.-ın aşağıdakı tayfa vә tayfa birliklәrini müәyyәnlәşdirmәk olar: batavlar (Reynin mәnsәbindә yaşayırdılar), tenkterlәr (Aşağı Reynin sol sahilindә; süvari qoşunları ilә mәşhur idilәr), hermundurlar (Yuxarı Almaniya sәddindәn ş.-dә vә Retsiya sәddindәn şm.-da; Roma әrazisindә ticarәt etmәk hüququ olan yeganә german tayfası), xatlar (Vezerin yuxarı axarında; piyada qoşunları ilә şöhrәt qazanmışdılar), xerusklar (Vezerin orta axarında), xavklar (Vezerin aşağı axarında), frizlәr (Şimal dәnizi sahillәrindә). Yutlandiyanın c.-unda kimvrlәr yaşayırdılar, Elba hövzәsindә lanqobardlar, semnonlar vә digәrlәrinin dә daxil olduğu svev birliyi hakim mövqe tuturdu. Bohemiyada markomanlar, onlardan ş.-dә kvadlar vә b., o cümlәdәn qeyri-german tayfaları mәskunlaşmışdılar. Vislaboyuda çoxsaylı lugi tayfaları (Pşevorsk mәdәniyyәti), Baltika dәnizi yaxınlığında rugilәr, qotlar vә b. yaşayırdılar. Skandinaviya tayfalarından sveonlar mәlumdur. Ehtimal ki, german tayfalarının dini qrupları da mövcud olmuşdur: Şimal dәnizi sahillәrindә ingevonlar, Elba vә Vezer sahillәrindә herminonlar, Reyn yaxınlığında istevonlar vә b.
Bu dövrdә german cәmiyyәti bәzi fәrqlәrinә baxmayaraq, qәbilә-tayfa tәşkilatı sәciyyәsini daşıyırdı. G. әkinçilik vә heyvandarlıqla mәşğul olurdular. Miqrasiyalar gedişindә hәrbi başçıların vә onların dәstәlәrinin rolu artırdı. Roma imperiyasının tәsiri, o cümlәdәn imperator Neronun dövründә Kәhrәba yolunun bәrpası G.-ın inkişafının mühüm amili idi.
2 әsrin ortalarında G. arasında gedәn proseslәr yeni miqrasiyalara sәbәb oldu. Bu, Orta Dunayboyuda markomanlar vә kvadlarla yanaşı, digәr german tayfalarının, hәmçinin qeyri-german tayfalarının da iştirak etdiyi Markoman müharibәlәrinә gәtirib çıxardı. Onların viranedici yürüşlәri Dunayboyunu әhatә etmiş, G. Şimali İtaliyaya gәlib çatmışdılar. 2 әsrin ikinci yarısında Vislanın yuxarı axarlarında yaşayan vandallar Karpat çuxurunun şm.-ş.-inә gәlib çıxdılar, qotlar vә gepidlәr Vislaboyudan Qaradәnizyanıya hәrәkәtә başladılar (bax Velbar mәdәniyyәti). 3 әsrin birinci yarısında Reyndәn ş.-dә german tayfalarının yeni birliklәri – alemanlar vә frankların meydana gәldi.
3 әsrin ortalarında barbarların Roma imperiyasına hücumları kәskin artdı. Reyn tәrәfdәn fәallaşmış alemanlar, franklar, yutunqlar vә b. Roma imperiyasının içәrilәrinәdәk irәlilәdilәr (233–234, 253, 259–261, 268, 270–271, 274–276). Skif müharibәlәri daha sarsıdıcı oldu. Müharibәlәrin ilkin mәrhәlәsindә hakim rol qeyri-german tayfa birliklәrindәn karplara vә b. mәxsus olsa da, o, tәdricәn şәrqi G.-a, xüsusilә qotlara keçdi. Dominat sisteminin formalaşması ilә nәticәlәnmiş islahatlar sayәsindә Roma imperiyası bu hücumlara davam gәtirdi. Dakiya әyalәti boşaldıldı, Reyn vә Dunay çaylarının yuxarı axarı arasındakı Dekumat çöllәri tәrk edildi, bir sıra german tayfası ilә hәrbi ittifaq bağlandı. Federatlar vә muzdurlar qismindә G. Romanın hәrbi-siyasi strukturlarında (G.-ın bәzilәri yüksәk vәzifәlәrәdәk yüksәlirdilәr) әhәmiyyәtli rol oynayırdılar. Roma da öz növbәsindә, G.-ın hәyatının müxtәlif sahәlәrinә vә mәdәniyyәtinә (bax mәs., Çernyaxov mәdәniyyәti) tәsir göstәrirdi. G. arasında xristianlıq yayılmağa başladı, ilk dini icmalar meydana gәldi. Yepiskop Ulfila ilk german әlifbasını (qot yazısı) tәrtib etdi vә Bibliyanı qot dilinә çevirdi (tәqr. 360 ildә). Xristianlıq G. arasında ilk vaxtlar arianlıq formasında yayılırdı.
Xalqların böyük köçü dövründә german alәmindә keyfiyyәti dәyişikliklәr baş verdi, yeni qruplaşmalar formalaşdı. İşğal olunmuş әrazilәrin idarәçiliyindә Roma administrasiyalarının tәcrübәsindәn vә Romanın hәrbi-siyasi sistemindә qulluq zamanı qazanılmış biliklәrdәn istifadә edilirdi. Nәticәdә, G.-da dövlәtlәr formalaşmağa, qanunlar kodifikasiya (Barbar qanunnamәlәri) olunmağa başladı.
Demәk olar ki, bütün şәrqi G. 4 әsrin sonu – 5 әsrdә bir neçә axınla Roma imperiyası әrazisinә köç etmiş vә әvvәl Qalliyada, sonra isә İspaniyada Vestqot krallığını, Şimali Afrikada vandal dövlәtini, İtaliyada G.-dan başqa, sayca onları üstәlәyәn yerli әhalinin dә daxil olduğu Ostqot krallığını yaratmışdılar. Tisaboyuda gepidlәrin dövlәti formalaşmış, Şimal-Şәrqi Qaradәnizyanıyadәk şәrqi G.-ın mәskunlaşdıqları bütün әrazilәrdә (bax Dürso) xırda “krallıqlar” vә hәrbi-siyasi birliklәr meydana gәlmişdi. Lakin artıq 6 әsrin ortalarında Bizans, lanqobardlar vә avarların zәrbәlәri ilә vandalların, ostqotların vә gepidlәrin, әrәb istilaları gedişindә isә vestqotların dövlәti darmadağın edilmiş, bu vә digәr siyasi birliklәrdә yaşayan şәrqi G. yerli vә gәlmә әhali tәrәfindәn assimilyasiya olunmuşdular. 16 әsrәdәk Krım-qot dilinin qalıqları Cәnubi Krımda (Suuksu mәdәniyyәti, Manqup, qot dili) saxlanılsa da, sonralar bu dilin daşıyıcıları yerli yunanların (Mariupol yunanları) vә tatarların bir hissәsinә çevrilmişdilәr.
5 әsrdәn etibarәn Qәrbi Roma imperiyasında qәrbi G.-ın mәskunlaşması alemanların, frankların vә lanqobardların dövlәtlәrinin yaradılması ilә nәticәlәndi. Burqundların vә bavarların dövlәtinin tәşәkkülü dә bu sıradan idi. Elbadan q.-dә türinglәrin, saksların siyasi birliklәri formalaşmışdı. Sonralar praktiki olaraq onların hamısı Frank dövlәtinin tәrkibinә qatılmışdı. Sonuncunun parçalanmasından sonra onun romandilli әhalinin üstünlük tәşkil etdiyi keçmiş q. vә c. vilayәtlәrindә roman xalqları – vallonlar, fransızlar, italyanlar, şm.-q. vә c. rayonlarında german dillәrinin müasir daşıyıcıları: flamandlar, hollandlar, almanlar, avstriyalılar formalaşmışlar. Anqllar, saksların vә yutların bir hissәsi 5–6 әsrlәr әrzindә B.Britaniyaya köçmüşdülәr. Burada formalaşmış anqlsaksların birliyi sonradan ingilislәrin tәşәkkülünün özәyi olmuşdur.
Şimali G. Xalqların böyük köçü zamanı, әsasәn, Skandinaviya hüdudlarında qalmışdılar. Vendel dövründәn sonra vikinqlәrin köçü dövrü başlamışdır. Onlar bir sıra dövlәtlәrin (İngiltәrә, Fransa, bax Denlo, Normandiya mәqalәlәrinә; Qәdim Rus dövlәti, bax Varyaqlar mәqalәsinә) inkişafında mühüm rol oynamış, İslandiya vә Farer a-rını müstәmlәkәlәşdirmişdilәr. Şimali G. Skandinaviya xalqlarından isveçlәr, norveçlәr, danimarkalılar, islandiyalılar, farerlilәrin özәyini tәşkil etmişlәr.
M i f o l o g i y a, e p o s, ә d ә b i y y a t. G.-ın mifologiyası qәdim german mәtnlәrindәn (epos vә Skandinaviyanın orta әsrlәr әdәbiyyatı, qәdim ingilis vә qәdim alman ovsunları), yunan vә latınların әsәrlәrindәn (Tasit, İordan, Kesariyalı Prokopi, Turlu Qriqori, Pavel Diakon, Sakson Qrammatik, Bremenli Adam) mәlumdur. 1 әsrdә Tasitin G. haqqında verdiyi mәlumata görә german dillәrindә vә Skandinaviya mәnbәlәrindә olan hәftәnin günlәrinin adları Tasit tәrәfindәn son antik dövr personajları ilә qarşılaşdırılaraq, ümumgerman allahlarına yeni adlar verilir: Vodan (Skandinaviya dillәrindә Odin, Tasitdә Merkuri), Tiu (Skandinaviya dillәrindә Tür, Tasitdә Mars), Donar (Skandinaviya dillәrindә Tor, Tasitdә Herkules) vә Friya (Skandinaviya dillәrindә Freyr, Freyya vә Friqq, Tasitdә İsida), hәmçinin ilahә Nertus (Skandinaviya Nyordunun qadın qarşılığı). G.-ın mifoloji vә qәhrәmanlıq dastanları daha çox Skandinaviya vә qәdim ingilis arealında saxlanılmışdır. Qәdim epos әnәnәlәri şifahi idi. German poeziyası üçün Skandinaviya skaldlarında xüsusi mürәkkәb forma alan alliterasiyalı şeirlәr xarakterikdir. Saxlanılmış qәhrәmanlıq dastanlarından daha qәdimlәri anqlosakson poemaları “Beovulf” (7 әsrin sonu – 8 әsrin әvvәli yaranmışdır) vә “Finsburqda döyüş” (9 әsr), kiçik abidәlәr “Vidsid” vә “Valdere” (10 әsr), Bibliya sujetlәri әsasında yaranan qәdim sakson poemaları “Genezis” vә “Heliand” (“Xilaskar”), qәdim alman “Hildebrant nәğmәsi” (9 әsrin әvvәli), hәmçinin latın dilindә “Valtari” (9–10 әsrlәr) poeması vә s.-dir. German eposlarının yazıya alınmış böyük hissәsi 13 әsrә aiddir: qәdim island dilindәki “Böyük Edda” (mifoloji nәğmәlәr, Siqurda haqqında mahnılar silsilәsi, Völunda, Helqi, Hamdire haqqında mahnı), yuxarı orta alman dilindәki “Nibelunq nәğmәlәri”, island abidәlәrindәki mәnsur mәtnlәr – “Kiçik Edda” vә saqalar (“Völsunqlar haqqında saqa”, “Tidrek haqqında saqa”, “Qәdim dövrlәr haqqında saqalar”); german qәhrәmanlıq süjetlәri son orta әsrlәr Skandinaviya balladalarının әsasını tәşkil etmişdir. German mifologiyası üçün esxatoloji motivlәr (“Völvanın kahinliyi”), müharibәnin ehtiyac vә әxlaqının dominantlıq tәşkil etmәsi, epos üçün tale mövzusu, qәhrәmanlıq faciәsi xarakterikdir. Müharibә meydanında hәlak olmuş qәhrәmanları Odin Valhalla sarayında qәbul edir; qәhrәmanların (Siqurda, Helqi, Völunda) sevgililәri çox zaman valkiriyalar (әlindә buynuz kәrәnay tutmuş qadın tәsvirini onlarla әlaqәlәndirirlәr) olur. G. qәhrәmanlıq eposlarında Xalqların böyük köçü dövrünün hadisәlәri poetik ifadәsini tapmışdır: burqund krallığının hunlar tәrәfindәn dağıdılması, hun hökmdarı Attilanın 453 ildә ölmәsi vә s.
Ümumgerman yazısı runa yazısı idi. 4– 13 әsrlәrdә qot, qәdim Skandinaviya, qәdim ingilis, qәdim sakson, qәdim friz, qәdim yuxarı alman dillәrindә әdәbiyyat yaranmışdır.
İ n c ә s ә n ә t. G.-ın qәdim tәsviri sәnәti digәr Avropa xalqlarının әnәnәlәri ilә sıx bağlıdır. Ona keltlәr, daha sonra isә Roma imperiyasının mәdәni alәmi güclü tәsir göstәrmişdir. Roma tәsiri dövründә german zәrgәrlik sәnәtinin özünәmәxsus üslubu formalaşmağa başlamışdır.
G.-ın tәsviri sәnәtinin әn әhәmiyyәtli örnәyi ornamentalizm vә formalizmә әsaslanan german heyvani üslubdur. Onun formalaşmasına skif-sibir ornamentinә vә xüsusilә Laten incәsәnәtinә xas animalist әnәnәlәr tәsir etmişdir; ilkin mәrhәlәdә provinsial-Roma incәsәnәtinin tәsiri özünü göstәrmişdir. 5 әsrin axırına doğru vikinqlәr dövrü bitәnә qәdәr dәyişmәdәn saxlanan zoo- vә antropomorf (insanabәnzәr) motivlәr mәcmusu әmәlә gәlmişdir. İlk belә müstәqil üslublu örnәklәr Kerbschnitt texnikası vә 4–5 әsrlәr Roma incәsәnәtinin nümunәlәri әsasında formalaşmışdır. Bu texnikanın vasitәsi ilә heyvani tәsvirlәr hәndәsi formalar alır vә ornamentli kompozisiyaların müstәqil ünsürlәrinә çevrilir. 6 әsrin 2-ci yarısında yeni II üslubun әsasını tәşkil edәn lentşәkilli hörgü heyvani üsluba nüfuz edir. II german üslubu Skandinaviyada Vendel mәdәniyyәti incәsәnәtindә vә anqlosakson Britaniyasında daha güclü inkişaf etmişdir (6–8 әsrlәr). Bunun әksinә, kontinental Avropada heyvani üslub әnәnәsi Karolinqlәr dövründә zәiflәmişdir. 8 әsrdә german heyvani üslubuna xas ahәngdar ritm nizamsız, bәzәn son dәrәcә mürәkkәb şәkildә dәyişir, “cilovlanmış heyvan” motivi (III üslub) meydana gәlir, hәndәsi, relyef vә naturalizm ünsürlәri yaranır. Bütün bu meyillәr vikinqlәrin ilk dövr incәsәnәtindә әn yüksәk inkişaf mәrhәlәsinә çatdı (Oseberqin ağac üzәrindә naxışı, Broa dәfinәsi). Onların әsasında 9–10 әsrlәr Ellinq (dalğavarı lentşәkilli hörgü) vә Borre üslubu (hәndәsi fiqurlar, “tutulmuş heyvan” motivi, qabarıqlıq) yarandı. 10 әsrin 2-ci yarısından heyvani üslubda kontinental tәsirlәr hiss edilirdi: bitki ornamenti elementlәri, tәk “böyük heyvan” – tәsviri motivi (eyni zamanda 7–9 әsrlәrә aid heyvani üslubun prototiplәrinә malik). Onların әsasında vikinqlәr dövrünün sonlarında Mammen vә Ringerike üslubları yarandı. Heyvani üslub әnәnәlәri 12 әsrdә Norveç sütunlu kәnd kilsәlәrinin fasad naxışlarında, daş kupellәrdә davam etmiş, bütövlükdә Avropa roman üslubunun teratologiyasının yaranmasına tәsir göstәrmişdir.
Heyvani üslubun әksinә olaraq, G.-ın insanabәnzәr tәsvirlәrinin üslubu daha sadәdir. Süjetlәri tunc vә dәmir dövrünә aid Skandinaviya petroqliflәrinә gedib çıxır, bir sıra motivlәr antik incәsәnәtdәn alınmışdır: silahlı döyüşçülәrin, gәmilәrin, atlıların, şeypur tutan qadınların tәsviri; çoxfiqurlu kompozisiyalara, mifoloji sәhnәlәrә rast gәlinir.
Əd.: Х о й с л е р А. Германский героический эпос и сказание о Нибелунгах. М., 1960; М е л е т и н с к и й Е.М. “Эдда” и ранние формы эпоса. М., 1968; Стеблин К а м е н с к и й М.И. Труды по филологии. СПб., 2003.
M u s i q i. G.-ın musiqi mәdәniyyәti haqqında geniş mәlumat yoxdur. Qalxanların rezonansından istifadә etmәklә, hәrbi sıranın qarşısında ifa olunan tәntәnәli vә xüsusi mahnılar haqqında Tasit mәlumat vermişdir. Axreoloji vә әdәbi mәnbәlәrә görә lira tipli, epos ifasını müşayiәt edәn simli arfa (qәdim island dilindә harpa, qәdim ing. dilindә heapre, qәdim yuxarı almanca harfa) G.-ın әsas musiqi alәti olmuşdur.Tәbii trubalar tipli nәfәs alәtlәri – buynuz-luralar, ehtimal ki, tunc әsrinә aid luralarla bağlıdır. Germancaya mәxsus swiqlon – ‘“tütәkdә çalmaq”, buthaurn – “truba” (tam mәnada “sәs-küylü buynuz”), klismo – “kimvallar” sözlәri Bibliyanın german dilinә tәrcümәsindәn mәlumdur.