GERONTOKRATİYA (hәrfi mәnası – qocaların hakimiyyәti, yun. γέροντος – qoca, ağsaqqal + κράτος – hakimiyyәt) – hakimiyyәtin qocalara mәxsus olduğu cәmiyyәti bildirәn termin. “G.” anlayışı ingilis antropoloqu U.Rivers tәrәfindәn 20 әsrin әvvәllәrindә Avstraliyanın vә Okeaniyanın bir sıra aborigen xalqlarında sosial-potestar tәşkilatlanmanı sәciyyәlәndirmәk üçün tәklif edilmişdir. Onun fikrincә, G. ibtidai-icma quruluşunun erkәn dövrü üçün sәciyyәvidir. Tarixәn ilk sosial iyerarxiya yaş prinsipinә әsaslanır, yuxarı yaş qrupları daha yüksәk sosial statusa malik olurdular. Ahıl kişilәr intellekt vә tәcrübә daşıyıcıları kimi, hәm dә informasiya inhisarına malik olduqlarına görә xüsusi tәsirә, imtiyazlara malik idilәr. Yaşlıların üstünlüyü vә nüfuzu әcdadlara sitayiş ilә möhkәmlәndirilirdi. Lakin ahıl yaşa çatmaq potestar üstünlük qazanmaq demәk deyildi. Yüksәk status әldә etmәk üçün yaş yalnız zәruri ilkin şәraiti yaradırdı; belә status şәxsi keyfiyyәtlәrdәn, maddi nemәtlәrә sahib olmaqdan, arvadların sayından vә s. asılı idi (bax Ağsaqqal). Müasir cәmiyyәtә tәtbiq olunmaqla mәcazi mәnada G. yaşlı nәslә mәnsub insanlar tәrәfindәn siyasi tәsirin qәsb edilmәsini bildirir.