GERONTOLÓGİYA (yun. γέρων, yiy.halda γέροντος – qoca + ... logiya) – canlı orqanizmlәrin, o cümlәdәn insanın qocalma tәzahürlәrini öyrәnәn elm. “G” terminini ilk dәfә 1903 ildә İ.İ.Meçnikov işlәtmişdir. G.-ya qocalmanın biologiyası, klinik G., yaxud geriatriya, sosial gerontologiya vә gerogigiyena daxildir. Gerogigiyena yaşayış mühiti amillәrinin (sosial, mәişәt, tәbii) vә yaşayış tәrzinin qocalma prosesinә tәsirini öyrәnir, habelә bu amillәrin әlverişsiz tәsirinin aradan qaldırılmasına dair praktik tәdbirlәr işlәyib hazırlayır. Kommunal, qidalanma, әmәk gerogigiyenası fәrqlәndirilir. G.-nın әsas vәzifәlәri: fәrdin, perspektivdә isә növün ömür müddәtinin artırılması, hәyat keyfiyyәtinin yaxşılaşdırılması (qocalıq zәifliyinin, yaş patologiyalarının qarşısının alınması). Gerontopsixologiya G.-nın vә yaş psixologiyasının sahәsidir.