GÉRŞVİN Corс (Gershwin) (26.9.1898, Nyu-York, Bruklin – 11.7.1937, Kaliforniya, Hollivud) – Amerika bәstәkarı, pianoçu, dirijor. 1890-cı illәrdә Rusiyadan mühacirәt etmiş yәhudi ailәsindә doğulmuşdur. Ardıcıl ümumi vә musiqi tәhsili almamışdır. 1914–16 illәrdә Nyu-Yorkdakı “Remik” not nәşriyyatında işlәmiş, alıcılar üçün fp. pyeslәri ifa etmişdir. Tezliklә müşayiәtçi vә improvizator kimi püxtәlәşәrәk mahnı bәstәlәmәyә başlamışdır. Mahnıların sözlәrini böyük qardaşı Ayra Gerşvin (1896–1983) yazmışdır. G. 1917 ildәn Brodvey teatrlarında müşayiәtçi işlәyәrәk, tamaşalara mahnılar bәstәlәmiş, 1919 ildә “La, la lyusil” tamaşasını sәslәndirmişdir. İlk xit mahnısı “Swanee”ni (1920) yaratdıqdan sonra Brodvey teatrı üçün musiqi sifarişlәri almağa başlamışdır. G. cazı konsert estradası mәrtәbәsinә çatdıran populyar vә klassik janrları birlәşdirәn ilk bәstәkar olmuşdur. 1924 ildә rәqs orkestrinin rәhbәri Pol Uaytmenin sifarişi ilә fp. vә caz-bәnd üçün “Mavi tonlu rapsodiya”nı yazmışdır. Əsәrin orkestr variantı (müәllifi F.Qrofe) göstәrdi ki, caz musiqisi simfonik konsert şәraitindә dә mövcud ola bilәr. 1920-ci illәrin 2-ci yarısında R.Qoldmark, U.Rigger vә Q.Kauelladan kompozisiya dәrslәri almışdır. 1925 ildә Nyu-York filarmonik orkestri vә onun dirijoru V.Damroşun sifarişi ilә fp. ilә ork. üçün konsert (orijinal 2 fp. üçündür, orkestrlәşdirilmәsi Qrofenindir) yazmışdır. Avropaya sәyahәtin tәәssüratı kimi G.-nin (burada o, S.S.Prokofyev, D.Miyo, F.Pulenk, M.Ravel, A.Berq vә başqa musiqiçilәrlә tanış olmuşdur) 1928 ildә “Amerikalı Parisdә” simfonik süitasının premyerası keçirilmişdir (orijinalı 2 fp. üçün, orkestrlәşdirilmәsi F. Kempbell-Uotsonundur). 1929 ildә Nyu-York filarmonik ork.-nin dirijoru kimi debütü olmuşdur (eyni zamanda fp. partiyasını solo ifa etmişdir). G. 1930-cu illәrdә ABŞ-da çox tanınmış, әsasәn dә tamaşa üçün musiqi vә mahnı janrlarının müәllifi kimi şöhrәt qazanmışdır. Bununla bәrabәr o, öz peşә ustalığını tәkmillәşdirmәyә davam etmiş, 1932–36 illәrdә İ.Şillingerdәn musiqi nәzәriyyәsi vә kompozisiya dәrslәri almışdır. G.-in әn böyük yaradıcılıq nailiyyәti D.Xeyuordun Çarlstondakı (Cәnubi Karolina ştatı) qaradәrili sakinlәrin hәyatından bәhs edәn “Porqi” novellası üzrә yaranmış “Porqi vә Bess” (“Amerikanın xalq operası”) operasıdır. İlk dәfә 1935 ildә Brodveydә nümayiş etdirәn opera sonralar dünyanın bir çox teatrının repertuarında yer almışdır. “Porqi vә Bess” yaranma xronologiyasına görә ilk Amerika operası sayılır. Əsәrdә dramatik vә komedik, ciddilik vә qrotesk situasiyaların reallığı vә xarakterlәrin psixoloji tәcәssümü bir-biri ilә üzvi surәtdә әlaqәlәndirilmişdir. Tamaşanın musiqisinin әsasını zәnci spiriçuellәri, lirik blüzlәr vә klassik ork. sәslәndirilmәsi tәşkil edir. Ənәnәvi solo ifaları ilә yanaşı, sәsi uzadaraq oxuma ilә seçilәn xor sәhnәlәrinә, dialoqlara, ritmlәrin kәskinliyinә böyük yer verilmişdir. G. eyni zamanda müzikl yaradıcılığında davam etdirmişdir. Bunlardan әn әhәmiyyәtlilәri “Qoy orkestr gurlasın”, “Divanә”, “Sәnin üçün oxuyuram”dır. G.-in musiqi üslubu son romantik Avropa әnәnәsinin spesifik “Amerika dialekti”dir. O, әn yaxşı әsәrlәrindә caz elementlәrindәn yaranaraq, populyar Amerika musiqisi ilә afroamerikalıların folklorunun sintezinә nail olmuşdur. Unudulmaz melodiya vә mahnılar yaratmaq istedadı ona dünya şöhrәti qazandırmışdır. G.-in tәcrübәsi 20 әsrin bir çox bәstәkarını (o cümlәdәn İ.F.Stravinskini, D.Miyonu, İ.Bernstaynı) caz vә klassik üslubun әlaqәlәndirilmәsi sahәsindә eksperimentlәrә ruhlandırmışdır.