GÉRTSEN Pyotr Aleksandroviç (8.5.1871, Florensiya – 2.1.1947, Moskva) – Rusiya cәrrahı, Rusiyada onkologiya elminin banilәrindәn biri, SSRİ EA m. üzvü (1939). A.İ.Gertsenin nәvәsi. Tibb tәhsilini Bazel vә Lozanna un-tlәrindә almışdır. 1897 ildәn Rusiyada yaşamışdır; 20 ildәn artıq Moskvada Staroyekaterina xәstәxanasında vә eyni zamanda (1910 ildәn) Moskva Un-tinin cәrrahiyyә klinikalarında (1917 ildәn prof.) işlәmişdir. Rus–yapon (1904–05), 1-ci dünya vә Vәtәndaş (1918–21) müharibәlәri illәrindә fәaliyyәtdә olan orduda cәrrah kimi xidmәt etmişdir. 1922– 34 illәrdә şişdәn әziyyәt çәkәn xәstәlәrin müalicәsi İn-tunun (hazırda Moskva Elmi Tәqiqat Onkologiya İn-tu, 1947 ildәn G.-nin adını daşıyır) direktoru, 1934 ildәn 1- ci Moskva Tibb İn-tunun hospital cәrrahiyyәsi kafedrasının müdiri olmuşdur.
Qarın boşluğu, ürәk-damar sistemi, sidik ifrazı orqanları xәstәliklәrinin cәrrahi müalicәsi problemlәrinin işlәnib-hazırlanmasına böyük töhfә vermişdir. Dalağın, vegetativ sinir sistemi xәstәliklәrinin cәrrahi müalicәsi üsulunun pioneri olmuşdur. Bud yırtıqları, öd kisәsinin, düz bağırsağın, qida borusunun (o cümlәdәn nazik bağırsaqdan qida borusu hazırlamaq, 1907), dayaq-hәrәkәt aparatının vә s. xәstәliklәrindә bir sıra modifikasiyalar vә original cәrrahi әmәliyyatlar tәklif etmişdir.
Fundamental әsәrlәri travmatik anevrizmin (1911), qanaxmanın (1940) cәrrahi müalicәsinә hәsr edilmişdir. Cәrrahların elmi mәktәbini yaratmışdır. Rusiya vә SSRİ- nin Cәrrahlar Cәmiyyәtinin sәdri olmuşdur (1926–28; 1935–36).
Ə s ә r i: Избр. труды. М., 1956.