GERVİNUS Georq Qotfrid (20.5.1805, Darmştadt – 18.3.1871, Heydelberq) – alman tarixçisi vә әdәbiyyatşünası. Göttingen (1836–37) vә Heydelberq (1835, 1844–53) un-tlәrinin prof.-u. Liberal baxışlarına görә iki dәfә vәzifәsindәn uzaqlaşdırılmışdı. Frankfurt Milli Mәclisinin üzvü (1848) ol- muşdur. Ən әhәmiyyәtli әsәri әdәbiyyatın ictimai hәyatın tәzahürlәrindәn asılı olmadığını iddia edәn romantizm tәsәvvürlәrinә qarşı çıxaraq, poeziyanı geniş sosial vә mәdәni-tarixi konteksdә nәzәrdәn keçirdiyi 5 cildlik “Almanların poetik milli әdәbiyyyat tarixi” [(“Geschichte der poetischen National-Literatur der Deutschen”, Bd. 1–5, 1835–42), 5-ci nәşri “Alman poeziyası tarixi” (“Geschichte der deutschen Dichtung”, Bd. 1–5, 1871–74) başlığı ilә)] adlı әsәridir. “Şekspir” (“Shakespeare”, Bd. 1– 4, 1849–50), “Hendel vә Şekspir” (“Händel und Shakespeare”, 1868) tәdqiqatlarının müәllifidir. G.-un әsәrlәri әdәbiyyatşünaslıqda mәdәni-tarixi vә mәnәvi-tarixi mәktәblәrin formalaşmasına böyük tәsir göstәrmişdir. Əsas tarixi әsәri olan 8 cildlik “Vyana konqresindәn başlayaraq 19 әsr tarixi” (“Geschichte des neunzehnten Jahrhunderts seit den Wiener Verträgen”, 1855–1866) әsәrindә Alman ittifaqında (1815–66) K.Metternix rejimini tәnqid etmiş, liberal vә milli azadlıq hәrәkatlarına rәğbәt bildirmişdir. G.Prussiyanın konstitusiyalı monarxiyaya çevrilmәsi şәrtilә, Almaniyanın sonuncunun himayәsi altında birlәşdirilmәsinin tәrәfdarı olmuşdur. Eyni zamanda o, 1860-cı illәrdә Prussiya kansleri O. fon Bismarkın Almaniyanı birlәşdirmә üsullarını qәtiyyәtlә pislәmişdir.