GESTAPO (alm. Gestapo, Geheime Staatspolizeinin qısaldılmış adı) – nasist Almaniyasında mәxfi dövlәt polisi, Hitler diktaturasını, hәmçinin İkinci dünya müharibәsinin әvvәlindәn Almaniyanın işgalçılıq siyasәtini hәyata keçirәn orqan. 1933 ilin iyununda H.Gerinq tәrәfindәn Veymar resp.-nın siyasi polis orqanları yenidәn tәşkil edilәrәk yaradılmışdı. 1934 ildә H.Himmlerin tabeçiliyindә idi. 1939 ildә 4-cü idarә (Amt IV) kimi İmperiya tәhlükәsizliyi baş idarәsinin tәrkibinә qatılmışdı. 1939–45 illәrdә G.-nun rәhbәri H.Müller olmuşdu. G.-nun әsas mәqsәdi nasional sosializmin düşmәnlәrinә qarşı repressiyalar tәtbiq etmәk idi. Nasizmin siyasi düşmәn qrupları, әhalinin tәbәqәlәri, regionlar vә tәxribatçılıq növlәri üzrә “ixtisaslaşdırılmış” şöbәlәrdәn (onlar da çoxsaylı yarımşöbәlәrә ayrılırdı) ibarәt olmuşdu. G.-ya nasizm düşmәnlәrini, yәhudilәri, qaraçıları, homoseksualları hәbs edәrәk ölüm düşәrgәlәrinә göndәrmәk, hәmçinin istintaqsız vә mәhkәmәsiz edam etmәk hüququ verilmişdi. Hitler Almaniyası darmadağın edildikdәn sonra Nәzarәt şurasının 2 №-li qәrarı ilә 1945 ildә lәğv edilmiş vә qanundankәnar elan olunmuşdu. 1946 ildә Nürnberqdәki Beynәlxalq tribunal G.-nu cinayәtkar tәşkilat kimi tanımışdı.