GEŞTALT (alm. Gestalt – forma, struktur) – geştaltpsixologiyanın әsas anlayışı. Avstriya vә Leypsiq mәktәblәrindә dә istifadә edilmişdir. G. bütöv (yәni öz hissәlәrinә müncәr olunmayan) şüur strukturlarını ifadә edir. Görünәn hәrәkәt, insayt vә s. G.-a misaldır. Fәlsәfә tarixindә “bütövlüyün keyfiyyәti” dәfәlәrlә işlәnsә dә, “G. keyfiyyәti”nin (alm. Gestaltqualitaeten) müfәssәl xarakteristikası ilk dәfә F.Brentanonun tәlәbәsi avstriyalı filosof X. fon Erenfels tәrәfindәn verilmişdir. Erenfels göstәrirdi ki, musiqidә melodik ahәng vә ritmin tam keyfiyyәti ritm vә ahәngin әsasını tәşkil edәn ayrı-ayrı sәslәrdәn müqayisәedilmәz dәrәcәdә zәngin mәzmuna malikdir. Geştaltpsixologiyada G. psixi inkişafın bütün pillәlәrindә şüur vә psixikanın vahidlәri kimi nәzәrdәn keçirilirdi. Leypsiq mәktәbinin sonrakı inkişaf mәrhәlәlәrindә G. şüurun tәhlilinin vahidlәri hesab edilirdi (әvvәllәr hәmin vahidlәr kompleks-keyfiyyәtlәr idi). İlk dәfә psixologiyada meydana gәlmiş “G.” termini sonralar bәzi bütöv fiziki, fizioloji vә sosial fenomenlәri dә izah etmәk üçün istifadә olunmağa başladı.