GEŞTALTPSİXOLOGİYA (alm. Gestaltpsychologie) – 1910–30-cu illәrdә Almaniyada mövcud olmuş psixologiya cәrәyanı. Tәdqiqat obyektinin elementlәrә ayrılmasının – 20 әsrin әvvәllәrindә hakim olmuş assosiativ psixologiya, introspektiv psixologiya, biheviorizm kimi psixologiya cәrәyanlarına xas metodologiyanın әksinә olaraq, G.-nın nümayәndәlәri psixi fenomenlәrin geştaltlar (öz hissәlәrinin xüsusiyyәtlәrini müәyyәnlәşdirәn vә onların cәminә müncәr olunmayan mürәkkәb tamlıqlar) kimi öyrәnilmәsi proqramını irәli sürmüşdülәr. G.-nın әsası Berlin (G.-nın digәr adı – Berlin mәktәbi) vә Frankfurt-Maynda psixoloqlar M.Verthaymer, V.Keller, K.Koffka vә nevroloq K.Qoldşteyn tәrәfindәn qoyulmuşdur. Onların baxışlarının formalaşmasında İ.Kant, F.Brentano vә E.Husserlin fәlsәfi konsepsiyalarının, hәmçinin tәbii-elmi vә riyazi nәzәriyyәlәrin, ilk növbәdә müasir fizikanın sahә nәzәriyyәsinin әhәmiyyәtli dәrәcәdә tәsiri olmuşdur. G.-nın banilәri hadisәlәrin üç sferada: fiziki mühit, baş beyin qabığı vә subyektin psixikasında (“fenomenal sahә”) inkişaf edәn izomorfizmi (struktur bәnzәrliyi) haqqında anlayışları fәrqlәndirirdilәr.
M.Verthaymer görünәn hәrәkәt fenomeninin eksperimental analizi (1912) әsasında göstәrdi ki, görünәn hәrәkәt tәәssüratı ayrı-ayrı sabit stimulların qavranılmasına müncәr olunmur vә geştaltın ümumilikdә yalnız situasiyaya xas, yeni “keyfiyyәti” kimi nәzәrdәn keçirilmәlidir. G.-da әhәmiyyәtli rol oynayan qavrayışın tәdqiqi qavranılan sahәnin fiqur vә fon bölgüsü qanunauyğunluğunun (E.B.Rubin) vә perseptiv tәşkilin digәr qanunlarının tәsvirinә (Verthaymer), qavrayışın konteksdәn, mәkanın xüsusiyyәtlәrindәn vә digәr hesablama sistemlәrindәn asılılığının aydınlaşdırılmasına (K.Dunker, V.Metsger), subyektiv, yaxud koqnitiv kontur kimi bir sıra yeni fenomenlәrin kәşfinә (Q.Kanizza) gәtirib çıxardı.
Sonralar V.Keller, M.Verthaymer vә K.Dunker ali primatlar vә insanlarda produktiv tәfәkkürün klassik tәdqiqini hәyata keçirәrәk göstәrirdilәr ki, mәsәlәnin hәlli mexaniki (“tәcrübә vә sәhvlәr” yolu ilә) әldә edilmiş nәticә deyil, situasiyanın dәrindәn anlaşılmasıdır (“ani qәrar”, insayt formasında). K.Levin yaddaş, motivasiya, şәxsiyyәt, sosial davranışın araşdırılmasına dair qeyri-laborator dinamik modellәri genişlәndirmişdir.
Nasistlәr hakimiyyәtә gәldikdәn sonra geştaltpsixoloqlar öz işlәrini Almaniyadan kәnarda, әsasәn ABŞ-da davam etdirdi. Onların kәşf etdiklәri fenomenlәr vә nәzәri izahlar psixologiya vә koqnitiv elm sahәsindә bir çox müasir әsәrlәrin әsasını tәşkil etdi. Onların etika ilә bağlı әsәrlәri (xüsusilә K.Qoldşteyn tәrәfindәn daxil edilmiş özünüfәallaşdırma anlayışı) humanist psixologiyanın әsaslarından birinә çevrildi. K.Qoldşteynin keçmiş assistenti psixiatr F.Perlz geştaltterapiyanın banisi oldu. Dinamik özütәşkillәnәn sistem kimi beyinin tam şәrhi (Qoldşteyn, Keller, Metsger) neyrokoqnitiv araşdırmalar sahәsindә müasir modellәri qabaqladı.