GEVÁRA, Gevara de la Sérna [Guevara de la Serna] Ernesto (Çe) (14.6.1928, Argentina, Rosario – 9.10.1967, Boliviya, İgeras) – Kuba dövlәt vә siyasi xadimi, Latın Amerika inqilabçısı. Memar ailәsindә anadan olmuşdu. 1946–53 illәrdә Buenos-Ayres Milli Un-tinin tibb fakültәsinin tәlәbәsi idi. 1950–54 illәrdә Latın Amerikası ölkәlәrinә bir sıra sәyahәt etmişdi. Sәyahәtlәr zamanı qısa müddәt Boliviyanın qalay mәdәnlәrindә vә Venesuelladakı leprozoridә hәkim işlәmişdi. 1954–56 illәrdә Meksikada Kardiologiya İn-tunun hәkimi olmuşdu. 1955 ildә F.Kastro ilә yaxınlaşmış, Kuba inqilabçıları qrupu ilә birlikdә “Qranma” yaxtasında Kubaya gәlmiş (2.12.1956), sonra Kuba inqilabının rәhbәrlәrindәn biri olmuşdu. İki dәfә diktator F. Batistutanın qoşunları ilә döyüşlәrdә yaralanmışdı. 1957 ildәn 1959 il yanvarın 2-dәk Havanaya birinci daxil olan partizan dәstәsinә başçılıq etmiş, 1959 il fevralın 9-da Kuba vәtәndaşlığı almışdı. İnqilabın qәlәbәsindәn sonra Kuba Milli Bankının prezidenti (1959–61), Baza sәnayesinin naziri (1961–65), Kuba Sosialist İnqilabı Vahid Partiyası Milli rәhbәrlik katibliyinin üzvü olmuşdu. “İnqilabçının borcu inqilab etmәkdir” әqidәsi ilә yaşayan G. 1965 ilin iyunundan 1966 ilin martınadәk Konqoda olaraq ölkәdәki sosial-iqtisadi vә siyasi vәziyyәti öyrәnmişdi. Havanaya qayıtdıqdan sonra hәmin mәqsәdlә Latın Amerikası ölkәlәrinә sәyahәtә yollanmışdı. 1966 ilin mart-iyun aylarında Ernando Xuan de los Santosun adına olan sәnәdlә fransiskçi rahib kimi Braziliyaya, Paraqvaya, Argentinaya getmişdi. Uruqvaya Boliviyanın kәnd yerlәrindә sosial-iqtisadi vәziyyәt haqqında mәlumat toplamaq üçün Amerika Dövlәtlәri Tәşkilatının xüsusi nümayәndәsi kimi Adolfo Mena Qonsales adı ilә gәlmişdi. Bu andan o, ABŞ-ın “iki, üç, ... çoxlu Vyetnamlar” olsun mәqsәdilә Boliviyada “partizan “ocağı” yaratmaq planını hәyata keçirmәyә başlamışdı. Boliviyadan sonra Braziliya, Paraqvay vә Argentinada da partizan “ocaqları” tәşkil etmәyi nәzәrdә tutmuşdu. 1966 il dekabrın 12-dә Boliviyaya G.-nın kubalı yaxın silahdaşlarının qrupu gәlmişdi. 1967 ilin fevralında ABŞ-ın Mәrkәzi Kәşfiyyat İdarәsi onun dәstәsinә öz agentlәrini daxil etmәyә müyәssәr olmuşdu. Nәticәdә, 1966 ilin oktyabrında G.-nın dәstәsi darmadağın edilmiş, özü isә öldürülmüşdü. Dünyanın bir çox ölkәsinin sol gәnclәr hәrәkatı iştirakçıları üçün G. azadlıq mübarizәsinin rәmzinә çevrilmişdir.