GEYİKLİ BABA (tәxm. 1275, Xoy – tәxm. 1350, Bursa, indiki Babasultan k.) – ilk dövr Osmanlı qazisi, şeyx. Əslәn azәrb.-dır. Yunis Əmrәnin bir mәnzumәsindә әsl adının Hәsәn olduğu göstәrilir. Vәfaiyyә tәriqәtinin banisi Şeyx Əbülvәfanın vә Baba İlyasın tәsirindә olmuşdur. Osmanlı dövlәtinin qurulduğu ilk illәrdә Anadoluya getmişdir. Bursanın fәthindә (1326) şücaәt göstәrmiş, çıxışları ilә döyüşçülәrin mәnәvi-psixoloji hazırlığına әhәmiyyәtli tәsir etmişdir. Rәvayәtә görә, döyüşә maral belindә daxil olduğundan “Geyikli” (geyik – türk. maral) adlandırılmışdır. Anadoluda islamın yayılmasında mühüm rol oynamışdır. Fәthdәn sonra I Orxanın mәnsәb vә hakimlik tәkliflәrini qәbul etmәmiş, Keşiş d.-nın (indiki Uludağ) әtәklәrindә dәrgah quraraq orada mәskunlaşmışdır. Vәfatından sonra I Orxan mәzarı üzәrindә türbә, dәrgah vә mәscid inşa etdirmişdir. G.B.-nın ardıcıllarının dәrgah әtrafında mәskunlaşması nәticәsindә sonralar onun şәrәfinә “Babasultan” adlandırılan kәnd yaranmışdır. Hazırda hәmin kәnddә yerlәşәn, mәscid, tәkkә, türbә vә hamamdan ibarәt olan Geyikli Baba kompleksi 20 әsrin ortalarında iki dәfә (1958, 1963–64) tәmir edilmişdir. Bir sıra Osmanlı mәnbәsindә (o cümlәdәn Ö.Çәlәbinin “Sәyahәtnamә”si), elәcә dә Caminin “Nәfәhatül-üns”ündә G.B. haqqında mәlumat verilir.