GEYİM – maddi mәdәniyyәtin mühüm elementlәrindәn biri; insan bәdәninin süni örtüklәri. “G.” termininin sinonimi kimi çox vaxt “paltar, kostyum” sözlәri (ümumi mәnada) işlәdilir. Geniş mәnada G.-ә hәmçinin bәzәk әşyaları (o cümlәdәn güllәr, lәlәklәr, zәrgәrlik mәmulatı) vә aksessuarlar (әsalar, çantalar, çәtirlәr, yelpiklәr, cib dәsmalları, silahlar vә s.), saç düzümü, boyanma, tatuirlәmә vә skarifikasiya, bәdәnin müxtәlif hissәlәrinin (kәllә, boyun, qulaq, dodaq, barmaq, ayaq vә s.) deformasiyası aid edilir.
G.-in yaradılması mәdәniyyәtin әn mühüm amillәrindәn vә insanı heyvandan fәrqlәndirәn әlamәtlәrdәn biridir. İnsanı әtraf mühitin tәsirindәn qoruyan G. hәm dә magik mәna kәsb edir (bax Hәmayil). G. eyni zamanda insanın ictimai statusunu, cinsini vә yaşını, silki, etnik, dini, peşә vә s. mәnsubiyyәtini bildirәn mühüm rәmzdir.
G. hәmçinin dekorativ-tәtbiqi sәnәt vә bәdii konstruksiyalaşdırma (dizayn) növlәrindәn biridir, dövrün aparıcı bәdii üslubu vә moda ilә sıx bağlıdır. G.-in bәdii vasitәlәrinә materialın vә işlәmәnin (naxışlı toxuma, çәki, qurama, mozaik naxış, lentlәr, krujevalar, xәz, furnitur – düymәlәr, toqqalar vә s.) fakturası vә rәngi aiddir.
Konstruksiyasına görә әn sadә, tikilmәmiş (bәdәnin әtrafına sarınan parça) vә daha mürәkkәb, tikilmiş (yәni biçilmiş hissәlәrdәn hazırlanmış) G.; bәdәndә yerinә görә çiyin (çiyindә bәrkidilәn) vә bel (belә vә ya sağrıya oturan) G. növlәri, hәmçinin baş geyimlәri, ayaqqabılar vә әlcәklәr fәrqlәnir. Funksiyasına görә gündәlik G. peşә (iş, hәrbi, dini, idman, teatr kostyumu vә s.) G.-i, bayram (tәtәraqlı) vә mәrasim (toy, dәfn vә s.) G.-lәri olur. Gündәlik vә iş G.-i sadә vә rahat formalara malik olduğu halda, bayram-mәrasim G.-i insanı fәrqlәndirmәk, görkәminә qeyri-adilik vermәk, onu tәbii vәziyyәtindәn ayırmaq mәqsәdi daşıyır. Bu tip G. üçün çox vaxt hәrәkәti mәhdudlaşdıran formalar sәciyyәvidir. Daha çox әnәnәvi cәmiyyәtlәrә xas olan bu cәhәt Avropada ali tәbәqә nümayәndәlәrinin tәmtәraqlı kostyumunda, xüsusilә qadın G.-indә (korsetlәr, bәrk karkaslı geniş yubkalar, qәliz saç düzümlәri vә baş geyimlәri, bu günә qәdәr hündür dabanlar vә s.) 20-ci әsrәdәk saxlanılırdı.
Ə n ә n ә v i G. n ö v l ә r i. Kostyumun ecazkar-qoruyucu funksiyası ilk növbәdә bәdәnin mühüm hәyati әhәmiyyәtli vә eyni zamanda әn nәzәrәçarpan hissәlәrinin örtülmәsini tәlәb edir. Buna görә dә tropik qurşağın ibtidai xalqlarının G.-i adәtәn üzü, sinәni vә әllәri örtәn ornament vә ya bәzәk әşyaları, hәmçinin cinsiyyәt orqanlarını gizlәdәn futlyar (kişilәrdә fallokript) ilә mәhdudlaşır. G.-in belә rәmzi-ayini vә dekorativ istifadәsi, ehtimal ki, insanlara qәdim dövrlәrdәn xasdır.
G. üçün ilk yumşaq materiallar ot, yarpaq, bitki lifi, heyvan dәrisi vә gönü, quş dәrisi vә balıq (Uzaq Şәrqin balıqçı xalqları) dәrisi olmuşdur. Texnologiyaların inkişafı nәticәsindә әkinçi xalqlarda tapa (ağac lifi) hazırlanması vә toxuculuq, maldar xalqlarda isә keçәbasma ixtira edilmişdi.
Yumşaq materiallardan olan әn qәdim G., ehtimal ki, tikilmәmiş idi: sağrı әtrafına sarınmış vә ya çiyinә atılmış dәri, bel sarğısı, qadınlarda – çiyinlik vә sinәni örtәn parça. T i k i l m ә m i ş G. tropik vә subtropik iqlim qurşağında yaşayan xalqlarda qәdim vә bir sıra müasir etnik mәdәniyyәtlәrdә saxlanılırdı: Qәdim Misirdә kişilәrdә sxenti, Cәnubi vә Cәnub-Şәrqi Asiyada dhoti, lungi, saronq vә kain, mundarilәrdә laxanqa, nevar qadınlarında qunyu, laolarda pha sin, khmerlәrdә sampot, sinә üzәrindә vә ya altında bәnd edilәn parça, bәdәni, bәzәn başı da örtәn qadın vә kişi plaşları – antik gimati, toqa, palla; bizanslılarda mafori, akan xalqlarında kente, hindli qadınlarda sari, müsәlman qadınlarda çadra vә s.; qәdim yunanlarda dori qadınlarının xiton-peplos da tikilmәmiş G. idi. Mülayim vә soyuq iqlimi olan öl- kәlәrdә tikilmәmiş qadın paltarları – önlüklәr (mәs., Volqaboyu-fin xalqlarında), Cәnub-Şәrqi Asiya vә Şәrqi Avropada, Mezoamerika hindilәri vә b.-nda prestilka, panyova, plaxta, zapaska, xurstuta kimi yanları üst-üstә gәlәn yubkalar; latışlarda villayne vә snatene tipindә şallar vә çiyinliklәr daha sәciyyәvidir. Sәfәr plaşı tipindә tikilmәmiş üst çiyin G.-i orta әsrlәrdә Avropanın kişi kostyumlarında (Qәrbi Avropada şap, Rusiyada korzno vә s.) da yayılmış, sonralar döyüşçü vә çobanların (xüsusilә dağ rayonlarında) G.-lәrindә (mәs., şotlandiyalı gellәrdә şal, Qafqaz xalqlarında yapıncı, bolqarlarda opancaq) saxlanılmış, bugün dә tәntәnәli-mәrasim G.-i (kral mantiyası, kazula, pluvial vә ruhanilәrin mantiyası) rolunu oynayır. Tikilmәmiş üst çiyin G.-indә bağlayacı sancaqlar (fibulalar, saktlar vә s.) mühüm әhәmiyyәt kәsb edir.
T i k i l m i ş G. - i n arxaik növlәri tikilmәmiş G.-lә yaxınlığını saxlamışdır. Bu ilk növbәdә tunikayabәnzәr biçimli bütöv çiyin G.-inә (köynәk), yәni eninә qatlanmış, qol kәsiklәri (sonradan qollar tikilә bilәrdi) vә boğazlıq qoyularaq yanlardan tikilmiş qumaşa aiddir (Qәdim Romada tunika, Şimali Afrikada cәllabiyyә, Qәrbi Afrikada bubu, Nuklear Amerika hindilәrindә uipil, ponço vә s.); daha inkişaf etmiş variantda tunikayabәnzәr G. çiyinlәrin eninә görә biçilir, yan tәrәflәrdәn xiştәklәr qoyulurdu. Avrasiya tundrası xalqlarında dәridәn (daha qәdim variantda 2 bütöv dәridәn) tikilmiş bütöv çiyin G.-i yayılmışdır. Biçim tәrzi baxımından qәdim yunan qadınlarında uzun İoniya xitonları, hәmçinin çiyinbağıları olan sarafan tipli çiyin G.-i yaxındır.
Köynәyin üstündәn adәtәn üst çiyin G.-i – ya tikilmәmiş (plaş; әsasәn, cәnubda), ya da tikilmiş bütöv (mәs., qәdim iranlılarda sarapis, Qәdim Roma qadınlarında stola, Şimali, Şәrqi vә Cәnub-Şәrqi Avropanın qadın kostyumlarında sarafan) vә ya düymәsiz, ön hissәdә kәsiyi olan (kaftan, gödәkcә, xәlәt; mәs., qәdim iranlılarda kandis, müasir farslarda qәba vә sәrdari, әrәblәrdә әba, Qafqaz xalqlarında çәrkәzi, yaponlarda kimono vә s.) geyilir. Çox zaman üst çiyin G.-inin kaftan vә ya xәlәtin altından, bir qayda olaraq, bәdәnә kip oturan düymәsiz alt paltar (mәs., Qәdim İran qaunakası, skif sisirnası, Parfiya kurtakı, Şәrqi Avropa, Qafqaz, Ön vә Orta Asiya xalqlarında arxalıq) geyinirdilәr. Soyuq havada şimal vә mülayim enliklәrdәki xalqlar üst G. kimi xәzli kürkdәn istifadә edirlәr.
Üst çiyin G.-i çox zaman paltarın әn bәzәkli vә qiymәtli hissәsinә çevrilir; onun tәmtәraqlı tәyinatı әzәli funksiyası ilә ziddiyyәt tәşkil edә bilәr ki, bu da özünü biçimdә büruzә verir. Mәs., Yaxın Şәqdә qәdimdәn, xüsusilә mәrasimlәrdә kaftan çiyinә salınırdı (mürәkkәb qolları olan G., mәs., pәrәncә, buradan meydana gәlmişdir). Qatlanan qollar, insan qolundan xeyli uzun olan paltar qolları vә s. dә yayılmışdır. Üst çiyin G.-inin biçimindә onun istifadәsinin xüsusi şәrtlәri әksini tapırdı; mәs., ingilis frakının vә evenklәrin xәz kaftanın (“tunqus frakı”) özünәmәxsus biçimi at- çapma şәrtlәrinә uyğunlaşdırılır. G.-in әn çox istifadә olunan vә rәmzi elementi köynәyin vә ya kaftanın üstündәn bağlanan kәmәrdir.
Əsasәn qadın paltarında yayılmış sәrbәst biçimli, tikilmiş b e l G.-i (yubka) bilavasitә tikilmәmiş G.-dәn әmәlә gәlmişdir. Ayaqları qoruyan tikilmiş bel G.-inin – tumanın meydana gәlmәsi soyuq iqlim vә ya köçәri hәyat tәrzi ilә bağlıdır. Tikilmiş çiyin vә bel G.-inin әn qәdim nümunәlәri Üst Paleolit dövründә soyuq çöllәrdә yaranmışdır. Mәs., Sungir düşәrgәsindә dәfn olunan insanların paltarı xәz vә ya tumac tumandan vә bütöv köynәkdәn ibarәt idi. Bir sıra tәdqiqatçının fikrincә, tumanı vә başlığı olan bütöv xәz G. Malta düşәrgәsindәn aşkar edilmiş bәzi qadın heykәlciklәrindә izlәnilir. Bu tipli xәz vә dәri G.-i Şimali Avrasiyada vә Şimali Amerikanın Arktikayanı zonasında yaşayan xalqlarda indiyәdәk saxlanılmışdır. Eyni zamanda Qәrbi Avropada eramızın әvvәllәrinәdәk kişilәr üst tuman geyinmirdilәr (Şotlandiya gellәrinin geydiyi kilt kişi paltarının bu tipinin qalığıdır).
Atçapma zamanı ayaqları qorumaq zәrurәtinә görә Avrasiya çöllәrinin köçәrilәri arasında geniş yayılmış tuman, ehtimal ki, buradan da Qafqaz, Qәrbi, Mәrkәzi vә Şәrqi Asiya, qismәn Cәnub-Şәrqi vә Cәnubi Asiya (burada tikilmәmiş bel G.-i ilә yanaşı yayılmışdı), Şimali, Şimal-Şәrqi vә Qәrbi Afrika xalqlarının kişi vә qadın paltarlarına keçmişdir. Şәrqi Avropanın cәnubu, Qafqaz, Ön vә Orta Asiya üçün skiflәrin dövründәn gәlmә genişbalaqlı kişi vә qadın tumanları tipi – şalvar sәciyyәvidir. 1-ci minillikdә kişi G.-indә tumanın olması Qәrbi Asiyanın vә Avropanın (Aralıqdәnizyanı istisna edilmәklә) böyük hissәsindә yayılmışdı (qәdim yunanlar vә romalılar üçün barbarları fәrqlәndirәn xüsusiyyәtlәrdәn biri tuman geymә idi).
Belәliklә bir neçә әsas әnәnәvi G. kompleksi formalaşdı: 1) tropik qurşaq, Cәnubi Afrika vә Avstraliyanın ibtidai xalqlarına xas olan әn kiçik tikilmәmiş bel (bel sarğısı, önlük, qısa yubka), bәzәn hәmçinin çiyin (plaş, çiyinlik) G.-i; 2) Qәdim Misir, Ekvatorial Afrika, Cәnubi vә Cәnub- Şәrqi Asiya xalqlarında bәzәn tikilmәmiş vә ya tikilmiş çiyin paltarı ilә birlikdә tikilmәmiş bel G.-i; 3) Nuklear Amerika hindilәrinә aid olan tunikayabәnzәr çiyin G.-i (tikilmәmiş bel G.-i vә plaşla birlikdә); 4) Aralıqdәnizyanı, Qәrbi Asiya, Şimal-Şәrqi Afrika (e.ә. 2-ci minillik – eramızın 1-ci minilliyi; Bizansda qismәn 2-ci minilliyin ortalarınadәk saxlanılmışdı) xalqlarına xas olan plaş (bәzәn düymәsiz kaftan) uzun köynәkdәn, qadınlarda hәmçinin üst paltardan ibarәt G.; 5) kişilәrdә qısa köynәk (orta әsrlәr Avropa cәmiyyәtinin yuxarı tәbәqәlәrindә hәmçinin Bizans tipli uzun köynәk) vә şalvardan, qadınlarda uzun köynәk vә adәtәn yubka (yanları üst-üstә gәlәn vә ya tikilmiş), yaxud dondan ibarәt G.; bütov köynәk vә plaş (ora әsrlәrdә Qәrbi Avropada), yaxud düymәsiz kaftan (Şәrqi, Cәnub-Şәrqi vә Mәrkәzi Avropa, orta әsrlәrin sonlarından hәmçinin Qәrbi Avropa, Qәrbi Sibirin tayqa zonası) kimi üst G. variantları vardır; 6) Avrasiya köçәrilәrindә, Qafqaz, Ön vә Orta Asiya (Əhәmәnilәr dövründәn), Cәnubi Sibir, Çin, qismәn dә Cәnub-Şәrqi vә Cәnubi Asiya (1–2-ci minilliklәrdәn), Şimali, qismәn Qәrbi vә Şәrqi Afrika (1-ci minillikdәn) xalqlarında üst çiyin G.-i (düymәsiz vә bütöv, uzun vә qısa, qollu vә qolsuz) ilә birlikdә köynәk (kişilәrdә qısa, qadınlarda uzun) vә tuman; 7) Avrasiyanın vә Şimali Amerikanın Arktikayanı qurşağında xәz vә yumşaq dәridәn tuman (qadınlarda bәzәn kombinezon), başlıqlı köynәk, qadınlarda bәzәn düymәsiz kürk.
A v r o p a t a r i x i k o s t y u m u . Erkәn orta әsrlәrdә әnәnәvi elementlәrini saxlamış Qәrbi Avropa G.-i bir neçә tunika (alt – subukula, üst – kolobium, dalmatika), plaş (pallium, paludamentum, laserna, amfiball, penula, kazula) vә kişilәrdә – dar tumandan (brakki, bre) ibarәt idi. Roman üslubu dövründәn (11 әsrdәn) şәhәr mәdәniyyәtinin vә sex istehsalının inkişafı ilә әlaqәdar G.-in biçimi mürәkkәblәşdi: әvvәlcә yan tikişlәr vә tikilmiş xiştәklәrlә, sonra isә büzmәlәrlә G. bәdәnә uyğunlaşdırılırdı; 14 әsrin ortalarından köndәlәn biçim meydana gәldi. Bu dövrdәn etibarәn Qәrbi Avropa cәmiyyәtinin yuxarı tәbәqәlәrinin kostyumu, әsasәn, әnәnәvi formalarını saxlayan sadә xalq G.-indәn kәskin fәrqlәnmәyә başladı. Qadın paltarında (blio, sürko) 11 әsrin sonlarından şleyf (әllә saxlanılır vә ya belә sancaqlanırdı) meydana gәldi, paltarın sinә hissәsi (jipon) yubkadan ayrı biçilirdi. Saya, parlaq olmayan parçadan tikilәn alt paltar (kott, sorkeni, kirtl) belә kip oturdulur, uzun kәmәrlә (hәmçinin uzun muncuq toqqası ilә) bağlanırdı. Arasından çәkili alt köynәyin göründüyü sinә kәsiklәri qaytanla, 14 әsrin birinci yarısından düymәlәrlә birlәşdirilirdi; dar qollar dirsәkdәn bilәyә qәdәr qaytan vә ya düymәlәrlә bağlanırdı; sonralar qolyerinә düymәlәnәn vә ya qaytanla birlәşdirilәn ayrıca biçilmiş qollar vә qatlanan qollar dәbә düşdü. 13 әsrdәn yumşaq zәrif parçadan xüsusi alt G.-i vә üst G.-i, hәmçinin toxunma әlcәklәr meydana gәldi.
Son qotika dövründә (14 әsrin ortaları –15 әsr) G. olduqca mürәkkәb formalar aldı. 1340-cı illәrdә hәrbi G.-in sadәliyini vә funksionallığını itirәn kişi kostyumu nәfis kurtuaz mәdәniyyәtini әks etdirirdi. Uzun kişi köynәyi (kott, sürko) çox vaxt xeyli sayda mürәkkәb detallardan ibarәt, çiyin vә sinә hissәsindә sırıqlı astarı olan müxtәlif gödәkçә tiplәri (jipon, purpuen, jak, jakett) ilә әvәzlәndi; uzun G., әsasәn, dәbdәbәli kral libasında vә ruhani, hakim, tәbib, magistrat üzvlәrinin kostyumunda saxlanıldı (onlar “uzun G.-li insanlar” adlandırılırdı). Kişi corabları (şosslar) erkәn orta әsrlәrdә dizәdәk, 8 әsrdәn sağrının ortasınadәk çatırdı, 12 әsrdәn kәmәrә bağlanır, 14 әsrin ikinci yarısından tumanı әvәz edәrәk arxadan tikilirdi; 15 әsrdәn ön hissә ayrıca biçilmiş qulfiklә (miyança) örtülürdü. Qadın üst paltarı (sürko, korse) 15 әsrdә hündür bel xәtti, dәrin sinә kәsiyi olan, hәmçinin aşağıya doğru uzun şleyfә keçәn qırçınlı gen yubkadan (tren) ibarәt idi. Üst kişi vә qadın G.-i çox geniş qolyerisi olan qolsuz kostardi idi; 1370-ci illәrdәn gen, iri qırçınları, hündür bel xәtti vә parlaq, kontrast rәngli astarı olan G. (upelyand, rob), olduqca uzun, dar burunlu yumşaq ayaqqabı (pulen) yayılmışdı. Baş geyimlәri: kişilәrdә – qәliz formalı şlyapalar vә papaqlar, qatlanaraq çalma kimi bükülәn başlıqlar (şaperon); qadınlarda – hünd. 70 sm-әdәk olan vuallı, ikibuynuzlu vә ya şişuclu şlyapa (ennen, atur-a-lyabanner), qumaşdan papaq (kuvr-şef, gimp, barbett; zәrif ağ Reyms kәtanından baş yaylıqları xüsusilә mәşhur idi), 15 әsrin sonlarından konusvarı ucu vә gen, çiyinlәrә vә kürәyә düşәn qatlamaları olan qara şaperon vә s. Qadın simasında qabarıq, geniş alın yüksәk qiymәtlәndirildiyindәn alındakı tüklәr qırxılırdı. Son qotika dәbinin xüsusiyyәtlәri 15 әsr Burqundiya kostyumunda daha çox әksini tapırdı.
Renessans dövrü kostyumu әvvәlcә orta әsr әnәnәlәrini davam etdirirdi: kişilәrdә şosslar vә qısa dar gödәkcә, yaxud qolsuz paltar (italyanlarda farsetto, cuparello, korpetto, cubetto, cubbone, sottoveste; ispanlarda xubon; almanlarda vams; fransızlarda kamizol, şmizzet, purpuen; ingilislәrdә dublet, jaket), qadınlarda kvadrat kәsiyi olan paltar vә şleyfli yubka (İngiltәrәdә belә paltar 1530-cu illәrәdәk saxlanılmışdır). İtaliyada 15 әsrin ortalarından daha rahat formalı, antik pәrdәlik (üzlük) G.-nә oxşar paltar yayılmışdır. Kişilәr çox zaman qatlanan qolları olan qayışla bağlanan gen bütöv G. (corne), әtәklәri tikilmәmiş qolsuz G. (pretina), arxadan qısa plaş; qadınlar hündür bel xәtti olan paltar (kotta, qamurra) vә üzәrindә şleyfi olan qolsuz vә kәnarları tikilmәmiş çox gen paltar (simarra) geyirdilәr.
15 әsrin sonundan G. daha gen formaya düşdü: kişi G.-i çox zaman xırda qırçınlanan yaxası, dәrin kәsiyi vә dәbdәbәli qolları olan köynәk; onun üzәrindәn çox gen düymәsiz üst G. (italyanlarda roba, lukko; almanlarda şaube; ispanlarda ropon; fransızlarda şamarr; ingilislәrdә qaun) geyilirdi. 16 әsrdә şosslar dәbdәbәli bufları olan üst hissәyә (fransızlarda o-de-şoss, almanlarda oberşenkelxoze, ispanlarda kalsones) vә dar alt hissәyә (almanlarda xoze, fransızlarda ba-de-şoss) bölündü. Sonuncu 16 әsrin ortalarından trikotaj uzunboğaz corablarla әvәzlәndi. Qollar vә tumanlar qat-qat tikilir, onların üzәrindә dekorativ kәsiklәr edilirdi; qatlanan qollar yayılmışdı, 16 әsrin ortalarından qol yerlәrinә kiçik buflar (epoletlәr) tikilirdi. Üzәrindә qızılı, qırmızı, yaşıl vә göy rәngli iri naxışları olan qalın, ağır parçalar (atlas, mәxmәr, naxışlı parçalar) bәdәnә möhtәşәmlik verirdi.
16 әsrdә İspaniyada sırıqlı, karton vә ya metal karkas üzәrindә kostyum formalaşdı. İspan kişi xubonunda hündür dik yaxalıq, qabarıq xiştәkli, xeyli aşağı salınmış bel xәtti (xüsusilә 1570–80-ci illәrdә) vә ensiz sәrt qırçınlı zolaq (baska) tikilirdi; 16 әsrin ortalarından tünd rәnglәr, әsasәn qara mәxmәr (17 әsrәdә dә dәbdә idi) üstünlük tәşkil edirdi. Qadın paltarı (vestido) 16 әsrin ortalarında sırf hәndәsi formalar aldı: şarnirlәr üzәrindәki metal lövhәlәrdәn hazırlanan korsetә çәkilmiş lif (vakero) yastı şәkildә sinәni örtürdü, zәrif bel xәttinә vә gen çiyinlәrә, bütöv dik yaxalığa (16 әsrdә İspaniya sarayında qadınlara boynu açmaq qadağan olunmuşdu) malik idi; lifin vә yubkanın üçbucaq forması baftanın dekorativ zolaqları ilә, xiştәyi ağır qiymәtli boyunbağı vә uzun kәmәrlә haşiyәlәnirdi; metal çәnbәrlәr üzәrindәki yubka (verduqos) konusvarı sәrt futlyar yaradırdı. Naxışlı parça, yaxud qara mәxmәr qızılı vә gümüşü saplı çәkilәrlә, Amerikanın kәşfindәn sonra asan әldә edilәn mirvari vә qiymәtli daşlarla, qiymәtli asmaları olan atlas bantlarla (puntas), krujeva ilә bәzәdilirdi; paltarın büzmәlәri olmayan naxışlı üst hissәsi metala bәnzәdilirdi. Xubonun dik yaxalıqları vә vestido büzmәli krujevadan hazırlanan, 16 әsrin sonlarında diskәbәnzәr forma (“dәyirmandaşı”) alan yaxalıqlarla (qorgera, qranqola, kuello) işlәnilirdi. 17 әsrdә bәrk karkaslı vestido әnәnәsi davam edirdi vә eninә tәqribәn qadın boyu ölçüsündә yubka karkasının (tontilyo) yaranmasına gәtirib çıxardı (1640–80-ci illәr).
1520-ci illәrdәn ispan kostyumunun bu tipi müxtәlif ölkәlәrdәki dәbә tәsir etdi. Mәs., Fransada qadınlar köynәyin üstündәn korset (baskin), metal çәnbәrlәri üzәrindә konusvarı alt yubka (vertyuqal) vә dәbdәbәli qollu, hamar alt paltar (kott), üstündәn ön hissәsi aşağıya doğru genişlәnәn, dәrin kvadrat kәsikli üst paltar (rob) geyirdilәr (kott vә rob müxtәlif rәngli vә fakturalı parçalardan tikilirdi). 1530-cu illәrdәn paltarın kәsiyini adәtәn ağ kәtandan dik yaxalıqlı köynәyin büzmәlәrlә işlәnmiş yaxası ilә örtürdülәr; 1540-cı illәrdәn kәsiyin aşağı tәrәfi qövsşәkilli forma aldı (1530-cu illәrdә bu tip paltar İngiltәrәdә dә yayılmışdı). 16 әsrin ortalarında robların korsajına uzun sivri xiştәk vә böyük dik krujevalı yaxalıq әlavә olunur. Kişi purpueni 16 әsrin ortalarında boğaz altınadәk bütöv düymәlәnir, xarakterik qabarıq ön hissә (pans), çox qısa qırçın (әslindә – purpuenin kәnarında büzmә) vә krujevalı yaxalıq-freza (hugenotlarda qatlama yaxa) әmәlә gәlir.
İtaliyada 1520-ci illәrdәn kişi cubbonelәrinin vә qadın paltarlarının lifi qabaq hissәdәn uzadıldı, dәbdәbәli büzmәlәr vasitәsilә gen yubka vә ya baska birlәşdirilmiş qabarıq xiştәklә tamamlandı; qadın paltarının lifi bәrk karkas (korse) üzәrindә qurulurdu vә dәrin, adәtәn kvadrat kәsiyi var idi; kişi cubbonesi, әksinә boğazın altından düymәlәnir, yaxanın altından köynәyin ağ yaxalığı çıxırdı.
16 әsrin sonlarında kostyum olduqca şişirdilmiş formalar aldı. Fransada 1580-ci illәrdә kişi purpueni, kişi vә qadın paltarının qolları sırıqlı karkas sayәsindә yumru, freza isә diskşәkilli forma qazandı. İngiltәrәdә 16 әsrin sonu – 17 әsrin birinci rübündә qadın paltarının (farzinqeyl) metal karkası yanlardan çox genişlәndi; qabaqdan yastı yubka xırda büzmәlәrlә çox uzun (sağrının ortasına qәdәr) vә sivri şnipә (dimdikşәkilli xiştәk) bәrkidilirdi; sırıqlı karkas üzәrindә çox gen qollar; hündür, dik, böyük krujevalı yaxalıq sәciyyәvi idi.
Əsas kişi baş geyimi sayılan qara beret 1580-ci illәrdә kәnarları dar, tәpәsi hündür (tok) olan qara şlyapa ilә әvәzlәndi. Fransada 1530-cu illәrdә qadın baş geyimi (arsele) – saça taxılan, nalabәnzәr, yaxud ürәyәbәnzәr qövs formalı vәrdәnә vә ya arxada duvağı olan lәçәk (İngiltәrәdә french hood – “fransız lәçәyi” adı ilә tanınırdı); onun variantı – ürәyәbәnzәr kәsiyi olan qara mәxmәr papaq yaradıldı. İtaliya üçün naxışlı parça vәrdәnәlәrdәn ibarәt böyük çәlәng (balso) sәciyyәvi idi. Ailәli alman qadınlar hündür, saçları gizlәdәn lәçәk (qoller) geyirdilәr.
17 әsrdә kostyum sahәsindә aparıcı rol Fransaya keçdi. Barokko dövrü dәbindә rәngarәng yatımlı drapirovka, enli qatlanmış manjetlәr, yaxalıqlar vә G.-in aşağı әtәklәri, qollarda kәsiklәr, şlyapaların kәnarları, hәmçinin kişilәrdә pariklәr vә qadınlarda mәftillәr üzәrindә hündür saç düzümlәri ilә yaradılan dәbdәbәli vә dinamik formalara üstünlük verilirdi. 1620-ci illәrdәn kişi purpueni sәrt karkası itirdi, sәrbәst biçim vә yuxarı qaldırılmış bel әldә etdi. Sәrt yaxalıq vә freza enli qatlama yaxa ilә әvәzlәndi. Purpuenin üzәrinә gen, düymәsiz G., bәzәn plaş (manto) geyilirdi. Başa kәnarları enli, dәvәquşu lәlәkli şlyapa qoyulurdu; burulmuş uzun saçlar vә ya parik, XIII Lüdovik tәrәfindәn tәtbiq edilmiş balaca, yanlardan qırxılmış saqqal (à la Royale) dәbdә idi. Ayaqqabı – tuflilәr, enli qatlamaları vә mahmızları olan yumşaq çәkmәlәr (lazarinlәr) ilk dәfә hәr ayaq üçün ayrılıqda tikilir vә onlara daban qoyulurdu; dizin altına bәrkidilәn uzunboğaz corablar (kanonlar) enli krujevalı qatlamalara malik idi. 1660-cı illәrdә XIV Lüdovikin sarayında uzunbelli, 17 әsrin sonlarından, xüsusilә dә 18 әsrin birinci yarısından beldәn aşağıya doğru genәlәn (18 әsrdә o, hәtta qadın yubkası kimi sәrt karkas-panye üzәrindә tikilirdi), dәbdәbәli vә çox uzun pariklә geyilәn yarıkip oturan kaftan (jüstokor) yayılmışdı; qollar әvvәlcә dirsәyә qәdәr, 1670-cı illәrdәn enli qatlamalarla (manş-a-bott) tikilirdi. Onun altından bәdәnә kip oturan kaftan (vest) geyilirdi. Yaxalıq krujevalı qalstukla (kravat – kralın şәxsi qvardiyasına daxil olan “kral xorvatlarının” adı ilә) әvәzlәnmişdi. 18 әsrdә üçbucaq formalı şlyapa yayıldı.
17 әsrin ortalarından qadın paltarında yubka karkassız tikilir, 17 әsrin sonlarında üst yubka arxadan tük yastıqdan hazırlanmış hündür astar üzәrinә çәkilirdi. Sivri xiştәkli, sәrt, hәndәsi, çox dar liflә yumşaq enli qollar vә yubka arasında ziddiyәt sәciyyәvi idi. 17 әsrin sonlarından hündür saç düzümlәri (a la Fontange – XIV Lüdovikin favoriti adından) dәbә düşdü.
17 әsrdә dәbin yayılması mexanizmlәri formalaşdı, 1670-ci illәrdә Parisdә ilk moda jurnalı “Le Mercure Galant” meydana gәldi. Şәhәr kostyumunun elementlәri – kişilәrdә uzunboğaz corablı qısa tumanlar, jiletlәr vә şlyapalar, qadınlarda enli yubkalar, liflәr, şallar, dәbdәbәli qollu koftalar, lәçәklәr kәnd G.-inә dә daxil oldu.
1720–50-ci illәrdә rokoko dәbinә uyğun olaraq qadın paltarı qamәti, demәk olar ki, әks etdirmirdi: iri formalar vә dәrin dekoltesi olan paltarda krujevalı büzmәlәr içәrisindә çox zәrif görünәn üz, boyun vә әllәr diqqәti cәlb edirdi; kürәk şleyfә keçәn enli qırçınlarla (“Vatto qırçını”) gizlәdilirdi; karkas üzәrindә yubka (panye) dinamik büzmәlәr yaradırdı; dar qollar enli krujevalı büzmәlәrlә (a la pagode) tamamlanırdı. 18 әsrin ortalarında yubkalar çox enli biçilirdi (panyelәr şarnirlәr üzәrindә qurulurdu, qadın qapıdan keçәndә vә karetә minәndә onu qatlayırdı). Ən çox istifadә olunan material adәtәn Uzaq Şәrq motivlәri ilә bәzәdilmiş ipәk, hәmçinin tafta, yarımton rәngli (sarı, mavi, yaşıl), xırda şәkilli (buketlәr, çiçәk hörüyü, güllәr vә s.) zәrif atlas idi. 18 әsrin ortalarında kişi jüstokorunun (abi) hәcmi kәskin surәtdә azaldı: ona dar qollar vә faldalar (arxa әtәklәr), çox dar, qabaqdan kәsişmәyәn kәnarlar biçilirdi. Bu dövrdә vest (veston, jile) qolsuz tikilir, tuflilәrә alçaq daban qoyulurdu.
İngiltәrәdә kişi G. nisbәtәn az tәmtәraqlı vә formalaşdırılmış, daha sәrbәst, şәhәrәtrafı hәyat üçün vә idmanla mәşğul olmağa münasib idi. 18 әsrin ortalarından (1733 ildә Volterin “Fәlsәfi mәktublar”ının nәşrindәn sonra) ingilis dәbi Fransada yayıldı. Atsürmә üçün üst G.-in ingilis tiplәri – frak (fransız modasına görә nişastalanmış boyun dәsmalı ilә geyilirdi), redinqot (iki tәrәfi düymәlәnәn palto) vә karrik (çiyinlәri örtәn, iki vә ya üç enli yaxalıq-pelerinlәri olan, iki tәrәfi düymәlәnәn G.). 1780-ci illәrin ikinci yarısından onları adi şәhәr kostyumu (neqlije) kimi geyinmәyә başladılar. Bu G. növünün fәrqlәndirici cәhәti onun qılınc taxılmadan geyilmәsindә idi: ilk dәfә kişi kostyumu zadәgan-cәngәvәrә mәxsus rәmzi itirәrәk mülki şәxsin paltarına çevrildi. Qadın kostyumunda 1780-ci illәrin ingilis dәbi donun tәbii formalara vә yumşaq qatlar әmәlә gәtirәn, demәk olar ki, tamamilә işlәmәsiz parlaq, açıqrәngli parçaların qayıtmasında özünü әks etdirirdi: yubkalar karkassız tikilir (bәzәn panye arxadan bәdәnә tәmtәraqlı görünüş verәn astar qismindә saxlanılırdı), kәsik açıqrәngli yaylıqla (brişü) örtülür, havalı buruq saçların üzәrinә dәvәquşu lәlәkli, kәnarları enli şlyapa qoyulurdu.
1790-cı illәrin sonları – 1810-cu illәrin ortalarında 19 әsr Avropa kişi kostyumu formalaşdı: qısa tumanlar (külot) әvvәllәr sadә camaat G.-i (külot geyinmәyәn insanların – sankülotların G.-i) olan uzun tumanlarla (pantalon) әvәzlәndi; köynәyә qalstuk sәrbәst şәkildә bağlanır (1820-ci illәrdә çәnәyә dirәnәn nişastalanmış qalstuk kişi G.-inin mühüm hissәlәrindәn birinә çevrildi). Kirşanlanmış pariklәr qısa qırxılmış saçlarla, üçbucaqlı şlyapa dairәvi, daha sonra silindrlә әvәzlәndi. Sadә zәriflik nümunәsi kimi kişi G.-i üslubuna parçanın möhkәmliyinә vә biçimin mükәmmәlliyinә әsas әhәmiyyәt verәn ingilis dendizmi cәrәyanı tәsir edirdi. Qadın kostyumu klassisizm vә ampir üslublarının tendensiyalarını inkişaf etdirәrәk antik G.-ә bәnzәdilirdi: әsas G. nazik ağ muslindәn sәrbәst büzmәlәri, hündür bel xәtti vә şleyfi olan yüngül paltar-köynәk (şmiz) gimati kimi bürünәn rәngli Kәşmir şalları ilә geyilidi. Saç düzümündә olduğu kimi kostyumda da “tәbiilik” önә çәkilirdi. Çöldә әsas baş G.-i üz әtrafında enli sәrt kәnarları olan şlyapa-kapot sayılırdı. 1820-ci illәrin әvvәllәrindә romantizm vә bidermayer dәbi formalaşdı: daha qısa vә dar olan şmiz volanlarla, büzmә haşiyәlәrlә, lentlәrlә zәngin işlәnilirdi; ağ muslini parlaq tonlarda qalın ipәk, atlas vә mәxmәr sıxışdırdı (V.Skotun romanlarının vә dәbin Şotlandiyaya tәsiri ilә damalı parçalar yayıldı). Bel xәtti tәdricәn aşağı düşür, korset (1809 ildәn), mürәkkәb saç düzümlәri, büzmәli yaxalıqlar – frezlәr geri qayıdır, bufları olan üzün dar qollar üstünlük tәşkil edirdi.
19 әsrdә sәnaye inqilabı vә kütlәvi istehsalın inkişafı nәticәsindә dәbli kostyum geniş şәhәr kütlәsinin geyiminә çevrildi. Qadın dәbindә Fransa hökmran olaraq qalırdı, İngiltәrә kişi G.-inin yaradılmasında birinciliyi qoruyub saxlayırdı. Kişi dәbinin demokratiklәşdirilmәsi vә sadә, lakin zәrif geyinmiş kişi iş adamı obrazı müәyyәn mәnada 19 әsr kişi kostyumunun yaradılmasını müәyyәnlәşdirdi. 19 әsrin birinci yarısında iş adamının kostyumu frak vә ya redinqot, jilet vә tündrәngli yun parçalardan tikilmiş pantalonlardan ibarәt idi. Frak vә redinqotda çox dar bel vә pambıqla doldurulmuş gen çiyinlәr biçilirdi. 19 әsrin ikinci yarısında haşiyәli vә krujevalı köynәklәr, parça jiletlәr vә buna bәnzәr G. istifadәdәn çıxdı. 1850-ci illәrdәn zadәgan adamın qarderobunun vacib hissәsi “vizitka” (qısa, dәyirmi әtәkli sürtük) oldu. Onu qara parçadan tikilmiş, boz zolaqlı şalvar ilә geyirdilәr. Frak tәntәnәli G.-ә çevrildi. Gündәlik G. kimi mәişәtdә düz biçimli qısa pencәkdәn istifadә olundu. Pencәk, jilet vә şalvar 1860-cı illәrdә әsasәn eyni tündrәngli parçadan hazırlanmış kostyumun klassik triadasını tәşkil etdi. Baş G.-i kimi silindri sıxışdırıb istifadәdәn çıxarmış fetr şlyapası vә ya kiçik kәnarları olan “kotelok” (tәpәsi yumru şlyapa), yayda hәsir şlyapa (kanotye) geyilirdi.
1830-cu illәrdә qadın G.-inin silueti enli maili çiyinlәrlә, balina bığından karkas üzәrindә biçilmiş çox gen qollarla (dirsәk sәviyyәsindә paltarın eni әtәyin eninә bәrabәr idi) vә yubka ilә ziddiyәt tәşkil edәn çox nazik, korsetlә dartılmış bel xәttinә malik oldu. 1840-cı illәrdәn tarixi üslublara (xüsusilә III Napoleon sarayının vә imperatriçә Yevgeniyanın saray әyanlarının zövqünü әks etdirәn neorokoko üslubu) maraq yaranır. 1850-ci illәrdә yenidәn günbәzәbәnzәr karkas (krinolin) üzәrindә biçilmiş, çoxlu alt yubkaları olan gen yubka, zәngin dekorativ işlәmә istifadә olunurdu. 1860-cı illәrdә paltar әtәyinin eni orta qadın boyunun ölçüsünә uyğun idi; endirilmiş qol yeri olan, aşağıya doğru genişlәnәn qollar dәbә düşdü. 1870-ci illәrin әvvәllәrindә paltar yenidәn görkәmini dәyişdi: hündür bel xәtti, bәzәn arxadan “Vatto qırçını”nı xatırladan büzmәlәri olan lif; qabağı dar vә dәbdәbәli bәzәdilmiş, balış-turnür üzәrindә dayanan vә arxadan şleyfi olan gen yubka; taxma şinyonlu mürәkkәb saç düzümlәri yenidәn dәbә gәldi. 1890-cı illәrdә turnür istifadәdәn çıxdı, paltar uzun bәdәnә kip yatan lif vә qollarında dәbdәbәli bufları olan hündür çiyinlәr (“qoyun budu”) qazandı; hәmin görkәmi tündrәngli yubka vә dik yaxalıqlı açıqrәngli koftadan ibarәt kostyum tәkrarladı.
1870-ci illәrin sonlarında hәmçinin qulluqçu qadınlar üçün daha praktik, sadә G. yayılmışdır. Onların kostyumlarında tünd rәnglәr üstünlük tәşkil edir, kişi G.-inә (nişastalı yaxalıqlar, manjetlәr, qalstuklar) bәnzәdilirdi. Kostyumun kiçildilmiş ölçülәri düz, bәdәnә yarıkip oturan paltolar tikmәyә imkan verdi. Küçәdә vә sәyahәt zamanı geyilmәk üçün “gödәk kostyum”-dan (yәni şleyfsiz kostyum), ensiz yubkadan vә jaketdәn ibarәt kostyum-talyer meydana gәldi.
19 әsrin ortalarında sәnaye inqilabı maşın toxuculuğu, vallı çap maşını, jakkard hörmәsi, anilin boyaq maddәlәri, krujevaların, çәkilәrin maşında istehsalı, hәmçinin tikiş maşınlarının mәişәtdә istifadәsi sayәsindә G. istehsalı texnologiyalarını xeyli dәyişdi vә ucuzlaşdırdı. 1820-ci illәrdә tekstil mәhsulları vә aksessuarlarından başqa ilk dәfә hazır G. satışına (“konfeksion ticarәt”) – әvvәlcә hәmçinin tikmә ilә mәşğul olan yeni G. mağazalarında (magazines de nouveautes), yüzilliyin ortalarından isә universal mağazaların xüsusi şöbәlәrindә başlanıldı. 1847 ildә İngiltәrәdәn mühacir Ç.F.Vort Parisdә ilk Modellәr evini tәşkil etdi vә ilk kutürye kimi tarixә daxil oldu. Vort, onun rәqiblәri E.Penqa (1860) vә A.Feliks, hәmçinin kutüryelәrin növbәti nәsillәri G. dizaynerinә (modelyerә) rәssam kimi yüksәk dәrәcәni qazandırdı. 1900 ildә yüksәk moda (fr. haute couture) mәrkәzi Paris olan beynәlxalq instituta çevrildi. 1881 ildә Londonda C.Redfernin salonu açıldı. 20 әsrdә dәbin yayılmasının әn güclü amili kinematoqraf oldu.
1870-ci illәrdә estetizm, feminizm nümayәndәlәri, hәmçinin prerafaelit rәssamlar dairәsindә qadın G.-inә Paris dәbinә müxalif olan yeni baxış formalaşdı. Qәdim Yunanıstan, orta әsrlәr, Asiya, xüsusilә Yaponiya әnәnәlәrinin tәsiri ilә yeni kostyumun sadә forması neorokoko üslubunun tәmtәraqlı formalarına qarşı durdu. Sәrt karkasdan imtina vә korsetә qadağa hәrәkatı meydana gәldi. Dәb üçün bunun praktik әhәmiyyәti 1910-cu illәrә tәsadüf etdi.
19 әsrin sonlarında kostyumda modern üslubu formalaşır. Bu hәm paltarın işlәnmәsindә (açıq yarımtonlar vә ya dolğun tünd göy, bәnövşәyi, qara rәnglәrdәn, zәrif ornamentlәrdәn, şifon, tül, krujevalar, çәkilәr, şüşә muncuqdan istifadә), hәm qabardılmış bәdәn forması (“göyәrçin sinәsi”) ilә S-varı siluetindә vә korpusun geriyә çәkilmiş aşağı yarısında (buna xüsusi formalı korsetlә nail olunurdu), elәcә dә hamar xәtlәrin vә sәrbәst üzlәnәn detalların bolluğunda özünü göstәrirdi. Kostyum havalı buruq saçlar vә iri şlyapalarla geyilirdi. 1910-cu illәrin әvvәllәrindә paltarın yubkası topuğa qәdәr qısaldıldı, kostyum sәrbәst, düz, aşağıya doğru daralan görkәm aldı. Antik kostyumun vә şәrq motivlәrinin tәsiri ilә paltar çox vaxt azacıq hündür bel xәttinә malik olur vә bәdәn plastikasına uyğun bәzәdilirdi. M.Fortuni (Kiçik) öz kostyumlarını antik G.-ә uyğun, biçilmәmiş parçalardan qururdu. P.Puare (Fransa) G.-lәrindә antik xitonların vә şәrq paltarlarının xüsusiyyәtlәrini tәkrarlayır, Lüsil (Lüsi Daff-Qordon, B.Britaniya) parçanı birbaşa model üzәrinә çәkir vә hәrәkәtlәri mәhdudlaşdırmayan çәp biçim edirdi. Bundan, qәdim yunan ornament motivlәri ilә yanaşı “çәp biçim kraliçası” adlandırılan M. Vionne (Fransa) dә istifadә edidi. Madam Qre (Fransa) özünün ipәk cersidәn, mürәkkәb bürünәn axşam geyimlәri ilә mәşhurlaşdı. G. modellәri L.S.Bakstın şәkillәri әsasında da yaradılırdı.
1900-cü illәrdә avtomobil vә motosikl sürmәnin artması ilә kişi kostyumu dәyişdi: qısa şalvarlar, gödәkçәlәr, rәngli köynәklәr, kepilәr meydana gәldi. 1910-cu illәrdәn kişilәrin әksәriyyәti eyni biçimli hazır standart kostyum geymәyә başladı, pencәk qәti şәkildә sürtüyü sıxışdırdı; hündür, bәrk, nişastalanmış yaxalıq istifadә edildi. Kiçik mәrasimlәrә frakın әvәzinә smokinq (ipәk yaxalı, biryanlı pencәk). Birinci dünya müharibәsi dövrü üçün frenç tipli qapalı pencәklәr, çәkmә boğazını әvәzlәyәn kraqalar (dәri qunclar), qalife şalvarlar sәciyyәvi idi.
Qadınlar praktik G. – bluza vә yubkadan ibarәt dәstdәn istifadә edirdilәr. 1915 ildә korset tamamilә istifadәdәn çıxarıldı. 1910-cu ilin ortalarından yubka xeyli qısaldıldı, buna görә uzunboğaz corablar (1918 ilә qәdәr qara corablar, 1920-ci illәrdә nazik, açıqrәngli, çox vaxt parlaq saplı corablar üstünlük tәşkil edirdi) vә tuflilәr (1920-ci illәrdә hündür dabanlı tuflilәr geniş yayılmışdı) G.-dә әhәmiyyәtli yer aldı. 1917 ilә doğru telli qısa saç düzümü dәbә düşdü; alının aşağı xәtti aşağı kәnarları olan şlyapa (kloş; 1933 ilә qәdәr dәbdә olmuşdur), gecә G.-lәrindә alına bağlanan bağla (çox vaxt plümajla) nәzәrә çarpdırılırdı.
1920-ci illәrdә çox aşağı bel xәtti olan, dәrin kәsikli, kürәyi vә qolları açıq, bel xәttinә qәdәr uzanan boyunbağı ilә geyilәn paltar-köynәk (sack-linie) tipi formalaşdı. 1926–28 illәrdә yubka dizlәri açır (buna sәbәb çarlston rәqsinә ümumi marağın olması idi; onilliyin sonlarında yubka xәtti bir qәdәr aşağı endirildi), çox zaman assimetrik әtәkli (burun yaylığından әtәk handkerchief hemline adlanırdı) olurdu; bәdәnә bürünәn G. populyarlığını saxlayırdı. Uzun, arıq qadın bәdәn quruluşu, parlaq kosmetika dәbә düşdü. 1920–30-cu illәrin G. üslubuna konstruktivizm vә ar deko (S.Delone-Terk, A.A.Ekster), sürrealizm (E.Skyaparelli, S.Dali, M.Roş, J.Kokto) incәsәnәti vә avanqardizmin digәr istiqamәtlәri tәsir etdi.
1920-ci illәrdә növbәti onilliklәrin aparıcı modelyerlәri – K.Şanel, K.Balensiaqa vә b. fәaliyyәtә başladı. 1926 ildә Şanel tәrәfindәn “kiçik qara paltar” modelinin yaradılması 1930–40-cı illәrdә lakonik, sadә, zәrif siluet axtarışının aparıcı tendensiyasını müәyyәnlәşdirdi. Kişi dәbindә gen, bel xәttindә qatlanmış şalvarlar (1935 ildәn), sәrbәst, idman biçimli pencәklәr (London modelyeri F.Şolt tәrәfindәn işlәnmiş vә İngiltәrә kralı VIII Eduard sayәsindә mәşhurlaşmışdır), reqlan qollu paltolar, yumşaq fetr şlyapalar; qadın dәbindә düz yubkalı iş kostyumları, çәpinә biçilmiş, bәdәnә yarıkip oturan paltarlar meydana gәldi; çiyinlәrin artırılmış eni vә hündürlüyü nәzәrә çarpdırıldı (çiyinlәrin eni 1945 ildә әn yüksәk hәddә çatdı).
İkinci dünya müharibәsindәn sonra hәrbi dövrün mәcburi asketizminә reaksiya olaraq romantik, yaraşıqlı vә qeyri-adi dәb geri qayıtdı. 1947 ildә K.Dior tәrәfindәn yaradılan vә “New Look” (“yeni görkәm”) adını alan yeni siluet incә bel xәtti vә dәbdәbәli çoxqatlı yubkaya (bәzәn çәnbәr üzәrindә krinolinlәrdәn istifadә olunurdu), pelerinli gen paltoya malik idi; tuflilәrdә incә sivri burun vә nazik daban meydana gәldi. “New Look” romantizminin әksinә olaraq 1954 ildә K. Şanel jaket vә tvid parçadan tikilmiş dar yubkadan ibarәt ciddi, zәrif qadın kostyumu yaratdı. Y. De Jivanşi öz modellәrindә (xüsusilә O.Hepbörn üçün hazırlanan paltarlarda) zәrif xәtti inkişaf etdirirdi.
1950-ci illәrdә G.-in rahatlığına böyük әhәmiyyәt verilirdi, buna yeni materialların (neylon) vә texniki lәvazimatların (zәncirbәnd) tәtbiqi imkan yaratdı. 1950-ci illәrin ikinci yarısından gәnclәr arasındakı dәb aparıcı rol alır. Gәnclәrә mәxsus üslublar (mәs., ingilis gәnclәrdә Teddy-boy üslubu: mәxmәr qatlamalarla uzun pencәk, dar şalvar, qalın altlıqlı çәkmә) geniş yayılır. Cins parçadan vә qara dәridәn G. populyarlıq qazanır. İdman kostyumunun istifadәsi genişlәnir.
1960-cı illәr – 80-ci illәrin әvvәllәrindә gödәkçәlәr, puloverlәr, yüngül idman gödәkçәlәri vә elastikdәn şalvar, parlaq yay köynәklәri vә s. daxil olmaqla kişi G. növlәri daha çeşidli oldu. 1960-cı illәrin әvvәllәrindәn qadın G.-indә biçim xәtti modelin ümumi tikilişindә başlıca rol oynayan vә tikişlәr dekorativ elementlәr kimi kompozisiya quruluşuna daxil edilәn konstruktiv kompozisiya prinsipi tәtbiq olundu. Qadın dәbinin әsas tendensiyası Çelsidәki “Bazar” butikinin sahibi, ingilis modelyeri M.Kuontun yaradıcılığında әksini tapmışdır. O, qısa saçlı (ingilis bәrbәri B.Sassunun uzun telli saç düzümlәri mәşhur idi), parlaq kosmetikalı (“Çelsi” üslubu), formalaşmamış, arıq yeniyetmә qız (“Lolita”, “Mәktәbli qız”) obrazı yaratmışdı. 1957 ildә M.Kuont paltar-köynәk modeli, 1960-cı illәrin ortalarında isә uzunluğu ombanın orta hissәsinә qәdәr çatan yubka (mini) yaratdı. Qadın G.-indә şalvar geniş yayıldı. Gәnclәrin dәbindә oğlanlar vә qızlar üçün G.-lәrin modellәşdirilmәsindәki oxşarlıq uniseks üslubunun yaranmasına gәtirib çıxardı. 1970-ci illәrin sonlarında uniforma G.-inin (çox vaxt hәrbi G.-in) müxtәlif variantlarını әks etdirәn safari üslubu üstünlük tәşkil etdi. Ayaqqabı orta hündürlükdә enli daban (1960-cı illәrin ortaları) vә plarforma altlıqlı (1970-ci illәri әvvәli) modellәrdәn hündür nazik dabanlı (1970-ci illәrin sonu) modellәrә dәyişdi. Daha dәbli qış ayaqqabısı rus çәkmәlәri oldu. Nazik, yüngül sintetik parçalardan hazırlanmış sırıqlı G. (paltolar, gödәkçәlәr) geniş yayıldı.
Dәbdә başlıca yeri әvvәlki kimi Fransa tutur, burada G.-in modellәşdirilmәsinin qurucularının – sahibkar rәssamların (Şanel, Dior, P.Karden, A.Kurrej, Y. De Jivanşi, T.Lapidus, İ.Sen-Loran, T.Kendzo) adını daşıyan әsas müasir modellәşdirilmә mәrkәzlәri yerlәşir. Lakin 20 әsrin ikinci yarısından B. Britaniyanın (M.Kuant, V.Uestvud), İtaliyanın (Fontana bacıları, C.Armani, Valentino, C.Versaçe, N.Riççi, C.Ferre vә b.), hәmçinin ABŞ-ın (K.Klyayn, Q.Edrian, R.Loui vә b.), Yaponiyanın (Y.Yamamoto vә K.Yamamoto, İ.Miyake) vә digәr ölkәlәrin iri firmaları onlarla uğurlu rәqabәt aparır.
20 әsrin son rübü – 21 әsrin әvvәllәrindә G.-in әnәnәvi institutları vә formalarını rәdd edәn postmodernizm dәbin aparıcı tendensiyalarından birinә çevrilir. Onun әsas әlamәtlәri eklektizm vә müxtәliflik, etiket qaydalarından imtina, gәnclәrin vә cәmiyyәtdәki müәyyәn qrupların dәbinә istiqamәtlәnmә, müxtәlif üslubların, dövrlәrin elementlәrinin vә janrların әnәnәvi iyerarxiyasının şübhә altına alınması, dәb tarixinә düşünülmüş şәkildә müraciәt edilmәsi vә düşüncә ilә oyun, axşam G.-indәn gündәlik G.-ә qәdәr “registrlәrin” sәrbәst istifadәsi oldu. C.Qalyano, J.P.Qotye, K.Laqerfeld, F.Moskino, V.Horstinq vә R.Snuren, R.Kavakubo, İ.Miyake vә b. kimi sәnәtkarların yaradıcılığını özünә qarşı refleksiya vә istehza fәrqlәndirir vә müasir incәsәnәtin digәr sahәlәrinin rәssamları ilә yaxınlaşdırır.
A z ә r b a y c a n G.-l ә r i. Azәrb.-ın xammal ehtiyyatı (yun, gön, dәri, kәtan, pambıq, ipәk vә s.) ilә zәngin olan tәbii şәraiti, sәnәtkarlıq әnәnәlәri vә s. burada müxtәlif G. tiplәrinin yaranmasına sәbәb olmuşdur. Qәdim azәrb.-ların G.-i haqqında ilkin mәlumatı arxeoloji qazıntılardan, qayaüstü tәsvirlәrdәn, Azәrb. haqqında mәlumar verәn qәdim vә antik müәlliflәrinin әsәrlәrindәn әldә etmәk mümkündür. Yazılı qaynaqlarda e.ә. 9 әsrdә aşşurlular Mannanın Zamua vil.-ndәn bac kimi boyanmamış vә әlvan yun parçadan tikilmiş paltarlar almışlar. Hәsәnlidә (Cәnubi Azәrb.) qazıntılar zamanı aşkar edilmiş bәzәk әşyaları üzәrindәki rәsmlәrdә uzun, әtәyi vә qolları saçaqlı paltar geyinmiş, bellәrinә enli kәmәr bağlamış adamlar tәsvir olunmuşdur. Ziviyәdә (Cәnubi Azәrb.) arxeoloji qazıntılar zamanı e.ә. 8–7 әsrlәrә aid qızıl vә gümüş bәzәklәr (uclarında şir başları olan bilәrzik, tәsvirli qızıl kәmәr, qızıl sinәbәnd vә s.) tapılmışdır.
Yunan müәllifi Elianın mәlumatına görә, Albaniyanın Kaspiana vil.-ndә zәrif dәvә yunundan toxunan paltarı adlı-sanlı adamlar vә kahinlәr geyirdilәr. Mingәçevirdәki arxeoloji qazıntılarda әldә edilәn parça qalıqları vә toxucu dәzgahının hissәlәri erkәn orta әsrlәrdә Azәrb.-da dәzgah toxuculuğunun yayıldığını tәsdiqlәyir. Bu dövrdә yun vә kәtandan toxunma köynәk vә şalvar yayılmış, dәri bürüncәk, keçә vә yun papaqdan, burnu yuxarı dәri ayaqqabıdan istifadә edilirdi. Mingәçevirdә küp qәbirdә dәfn olunmuş qızın әynindә qırmızı dәridәn başmaqlar vә kәmәr, kәtan parçadan, balaqlarına tunc bilәrziklәr keçirilmiş dizlik, onun üstündәn geyilmiş әtәklik, elәcә dә kofta aşkar edilmişdir. 4–7 әsrlәrin әn yaxşı alban incәsәnәti nümunәsi hesab olunan vә hazırda Dövlәt Ermitajında (Rusiya, Sankt-Peterburq) saxlanılan tunc buxurdanda alban hökmdarı Cavanşirin tәsviri onun başında tac, belindә qiymәtli kәmәr, qolunda qolbaq, qulağında isә sırğa olduğunu göstәrir.
“Kitabi-Dәdә Qorqud” dastanında kömlәk, şalvar, cübbә, çuxa, kaftan, qurşaq, kürk vә yapıncı, baş G.-lәrindәn sarıq (çalma, dolbәnd), börk, külah, duvaq, yaşmaq vә çәmbәr (dingә), ayaqqabılardan başmaq, soqman vә sәrmuzәn qeyd olunur. Burada boyunbağılara (“mәrcanә”, silsilә” vә s.) tәsadüf edilir. Dastanda tәkcә qadınların deyil, kişilәrin dә üzük taxdıqları vә qulaqlarına qızıl tana (“altun küpә”) keçirdiklәri göstәrilir. Bu dövrün ipәk, kәtan, bez, seqat, bәrbәhar vә s. parçalardan tikilmiş paltarları haqqında әrәb müәlliflәri (10–12 әsrlәr) mәlumat verirlәr. Nizami Gәncәvinin “Xәmsә”sindә G. növlәri (köynәk, arxalıq, kaftan, şalvar, kürk, әba, cübbә, qәba, papaq, qәsәb, әmmamә, çalma, corab, çarıq, başmaq, lәbbadә, nimtәnә, don vә s.) mәlumat vardır. Onun әsәrlәrindә üzәri sikkәlәr vә gövhәrlәrlә bәzәdilmiş qızıl kәmәr, qaşlı vә qaşsız, tacidar möhürü rolu oynayan üzüklәr, “tuği”, “gәrdәrbәnd”, “xalxal”, “zәrli hәmail”, “әnbәrinә boyunbağı”, “tac”, sırğalar, elәcә dә libasa vurulan bәxyәlәr tәsvir olunur.
Cәmiyyәtin sonrakı inkişaf prosesindә G.-lәr gündәlik vә mәrasim paltarları kimi müxtәlif sәciyyә kәsb etmiş, mәrasim G.-indә motivlәşmә (biçim, rәng, bәzәk vә növ müxtәlifliyi) daha da dәrinlәşmişdir. Belә dәyişikliklәr xalq mәişәtini әks etdirәn kitab miniatürlәrindә tәsvir olunan müxtәlif sosial mәnsubiyyәtli insanların G.-lәrindәn görünür. 16 әsr Azәrb.-ın geyim mәdәniyyәti әnәnәlәrinin zәnginlәşdiyi dövrdür. Bu dövrdә süjetli parça növlәrinin hazırda dünyanın bir çox muzeylәrini, elәcә dә ayrı-ayrı şәxsi kolleksiyaları bәzәmәsi son orta әsrlәrdә parça istehsalının әnәnәvi milli zәmin üzәrindә yüksәk sәviyyәdә inkişafını tәsdiq edir. 17 әsrdә Tәbriz mәzmәr, atlaz, qumaş, Ərdәbil tafta, duvaq vә qara parça, Şamaxı darayı, Şamaxı taftası, Naxçıvan qәlәmkar parçaları ilә mәşhurlaşmışdı. Tarixi mәnbәlәr, miniatürlәr, sәyyahların mәlumatları bu zaman azәrb.-ların G. dәstindә yun, pambıq, kәtan, ipәk parçalardan tikilmiş vә dәridәn hazırlanmış müxtәlif dekorativ-bәzәk xüsusiyyәtlәrinә, biçim tәrzi vә tikiş üslubuna malik olan G.-in mövcudluğunu tәsdiqlәyir. G.-lәr içәrisindә “dövrbәnd” adlanan qızılbaş papağı, müsәlman donu hesab olunan üçәtәk vә lәbbadәni әvәz edәn xirqә (boğazdan kәmәrә qәdәr düymәlәnәn, qurşaqsız geyilәn uzun vә enli yun paltar), xirqәyә bәnzәr, yalnız döyüş zamanı geyilәn vә belinә kәmәr bağlanan kәmәrçin, dabanlı vә ya dabansız, uzunboğaz vә ya yarımboğaz çәkmә, qondara, ağ kәtan ipdәn toxunan, altına parçadan bir neçә qat altlıq salınan vә “givә” adlanan ayaqqabı, yun corab vә patava ilә geyilәn çaxçur üstünlük tәşkil edirdi. Zadәgan qadınları başlarına “nimtac” (yarımtac) vә ya “tiyar” adlanan üçbucaqşәkilli baş G.-i qoyur, әtrafını lentlә bağlayırdılar. Tiyar qadının hәm dә әrli olduğunu bildirәn mühüm әlamәt idi. Subay qızlar saçlarını üzәrinә müxtәlif qiymәtli daş-qaş vә muncuqlar salınmış lentvarı parçalarla bağlayırdılar. Zәncirә (sarı-qızılı rәngdә incә haşiyә) ilә bәzәdilmiş araqçın, örpәk, rübәnd-niqab da qadın G.-inin ayrılmaz hissәsi idi. Qadın kәmәrçinlәrinin әtәyi öndәn qatlanıb kәmәrә keçirildiyindәn, onun astarı göz oxşayan rәngli ipәk parçadan hazırlanırdı.
Xanlıqlar dövründә (18 әsr) Azәrb.-ın ayrı-ayrı bölgәlәrindә sәnәtkarlığın nisbәtәn dirçәlmәsi, yeni sәnәtkarlıq-ticarәt mәrkәzlәrinin meydana gәlmәsi, Avropa vә Şәrq ölkәlәri ilә ticarәt-iqtisadi әlaqәlәrin daha da genişlәnmәsi vә s. amillәr Azәrb. G. fondunu zәnginlәşdirdi. Bu dövrdәn başlayaraq Avropa G. elementlәri dә şәhәr mühitinә nüfuz edir, әcnәbi naxışlar orta әsrlәrin süjetli naxışlarını sıxışdırıb aradan çıxarır vә hәndәsi, nәbati, xәtti naxışlar üstün yer tutur. Bununla yanaşı sәriştәli parça ustaları G. fondunu yeni parçalar vә G. növlәri ilә zәnginlәşdirirdilәr.
19 әsrin әvvәllәrindә Şimali Azәrb.-ın ümumrusiya bazarına qoşulması Azәrb.-da G. materiallarının hazırlanması ilә mәşğul olan bir çox kustar sәnәt sahәlәrinin, manufaktura vә f-klәrin inkişafına güclü tәkan vermәklә yanaşı, paltarların rәngarәng olmasını, çeşid forma vә növ müxtәlifliyini şәrtlәndirdi. Xalq arasında hәm xaricdәn gәtirilәn, hәm dә yerli istehsal olan parça növlәri “mәni aldatdı”, “gecә-gündüz”, “küçә mәnә dar gәlir”, “minbir gül”, “dur, mәni gәzdir”, “pinti mәni geymәz”, “qonşu bağrı çatladan”, “sürüşdüm-düşdüm”, “dәymә, gülüm tökülәr”, “şәmsi-qәmәr”, “gendә dur” vә s. adlarla mәşhurlaşdı. 19 әsrdә milli G.-lәr Azәrb.-ın hәr yerindә saxlanılmışdı. Bu G.-lәri qadın, kişi vә uşaq paltarına ayırmaq olar. Xalq G.-i hәm dә mәrasim (toy, yas, bayram, qonaqlıq), gündәlik, mövsümi, müxtәlif sosial qruplara mәnsubiyyәti bildirәn paltar vә s. kimi fәrqlәndirilirdi.
Ənәnәvi qadın G.-i rәng әlvanlığı, biçim tәrzi vә tikiş üslubunun mürәkkәbliyi, elәcә dә tip vә formalarının müxtәlifliyi ilә seçilirdi. Əsas elementlәri alt köynәyi (can köynәyi, әt köynәyi, uzunluq), üst köynәyi, tuman (cüttuman, yaxud cütbalaq, taxtalı tuman), darbalaq (dizlik, topuqluq, çaxçur) vә üst G.-indәn (çәpkәn, nimtәnә, arxalıq, lәbbadә, çәrkәzi, kürdü-eşmәk, külәcә, içlik-zıvın) ibarәt idi. Köynәyin әtәyi tumanın üstündәn salınırdı. Qız vә gәlinlәrin köynәyi әlvan parçalardan, orta yaşlı vә ahıl qadınların paltarları isә tünd parçalardan tikilirdi. Qadın üst tumanı qanovuz, darayı, misqalı tirmә, alıçı, marpus, zәrxara, zәrmәxmәr, alxara, zәrәlәm, zәrnәdur, baqaniya, mәxmәr, naşura, tafta, atlaz vә s. bahalı parçadan, elәcә dә çit, lastik, satin, müxtәlif rәnglәrlә boyanmış midqal, şal vә s. parçalardan tikilirdi. Yaşlıların tumanı, adәtәn, saya, qız-gәlin tumanı isә rәngli-güllü parçalardan tikilirdi. Qadın tumanının әtәk hissәsinә 3–5 sm enindә, üzәri sikkәlәr vә tikmә naxışlarla bәzәdilmiş “balaq” da tikilirdi. Varlı qadınların xara vә mәxmәrdәn tikilmiş tumanının әtәyi 2–3 cәrgә “bacaqlı” vә ya digәr qızıl pulla bәzәdilirdi. Hәm gündәlik, hәm dә boğçalıq (bayramlıq) G. dәsti çox yerdә döşlük, yaxud önlüklә tamamlanırdı. Qadın üst G.-indәn qısa, düymәsiz, bütöv biçimli çәpkәn vә nisbәtәn uzun arxalıq geniş yayılmışdı; qolsuz sırıqlı G. dә istifadә edilirdi. Varlı qadınlar safsar xәzindәn astarlanmış eşmәk geyirdilәr. Eşmәyin digәr variantı mәxmәr, ay-ulduz, bafta, tirmә vә s. parçalardan, bәzәn dә yunu içәriyә olan aşılanmış quzu dәrisindәn tikilәn kürdü idi. Azәrb.-da tünd sarı rәngli dәridәn hazırlanmış, üzәri eyni rәng sapla naxışlanmış Xorasan kürdüsünә üstünlük verilirdi. “Külәcә” (Abşeronda “don”) adlı arxalıq da geniş yayılmışdı. Arxalığın altından yaşlı qadınlar qolsuz sırıqlı (döşlük, candonu, bәdәnçә, canlıq, pambıqlı) geyirdilәr. Qışda bellәrinә yun şal (bәzi yerlәrdә qurşaq) da bağlayırdılar.
Qadın baş G.-i iki qrupa bölünürdü: geymә (qoyma) vә bağlama (örtmә). Birinci qrupa tәsәk, çutqu, araqçın, dingә, ikinci qrupa müxtәlif lәçәklәr, çalmalar, kәlağayılar, şallar, örpәklәr, hәmçinin niqab, rübәnd, çutquqabağı, çadra, çarşab, duvaq vә s. aid idi. Örtmә baş G.-lәrindәn yaşa vә zövqә uyğun olaraq qırmızı, qara, ağ, noxudu yerlikli, yelәnli kәlağayılar, elәcә dә müxtәlif çeşidli örpәklәr bu gün dә әhәmiyyәtini saxlamışlar.
19 әsr – 20 әsrin әvvәllәrindә qadınların ayaqqabıları, әsasәn, kustar üsulu ilә hazırlanan corab, badış, çarıq, başmaq, şәtәl, çust, mәst, dabanlı uzunboğaz vә yarımboğaz çәkmә, quşkeçәn, kәlik vә s.-dәn ibarәt olmuşdur. Corablar saya (rezinli) vә bәzәkli (rezinsiz), hәndәsi vә nәbati ornamentlәrlә toxunurdu. 19 әsrdә başmaqlar geniş yayılmışdı. Arxası açıq, hündür dabanlı, pәncәnin üstü müxtәlif rәngli müşkü vә tumacdan, altlığı isә aşılanmış göndәn hazırlanan qadın başmaqları üç ölçüdә tikilir, sifarişdәn asılı olaraq bәzәdilirdi. Başmağın pәncәüstü qalın parçadan (mәxmәrdәn) tikildikdә, onun üzәri gülәbәtin tikmә ilә bәzәdilirdi. Şәhәrli qadınlar ev şәraitindә daha çox dabanı yastı nәleyn vә kәlik geymәyә üstünlük verirdilәr.
19 әsr – 20 әsrin әvvәllәrindә әnәnәvi kişi G.-i biçim tәrzinә vә tikiş texnikasına görә ümumqafqaz sәciyyәsi daşımaqla bir sıra lokal xüsusiyyәtlәrlә seçilirdi. Kişi G.- i alt (can) vә üst köynәyi, dizlik, şalvar, arxalıq, içlik (canlıq, pambıqlı), çuxa, kürk, yapıncı, hәmçinin müxtәlif formalı vә adlı baş vә ayaq G.-indәn ibarәt olmaqla iki dәst – gündәlik vә boğçalıq (xeyir-şәr paltarı) hazırlanırdı. Boxçalıq paltarlar bahalı parçalardan tikilir, G. elementlәrinin çoxluğuna, tәzәliyinә vә s. görә gündәlik G.-dәn fәrqlәnirdi. Kişi G.-i sosial vәziyyәtdәn, iqlim şәraitindәn, mәşğuliyyәtdәn asılı olaraq bir-birindәn fәrqlәnirdi. Kişi alt paltarı alt köynәkdәn vә dizlikdәn (kişi tumanı) ibarәt idi; bez, qalın ağ, miqdal, batist, humayun ağı çit, satin vә s. parçalardan tikilirdi. Ənәnәvi kişi G.-i dәstinin tәrkib hissәsindәn biri arxalıq idi. Onu, adәtәn, soyuq vaxtlarda, içliyin üstündәn vә çuxanın altından, isti aylarda isә birbaşa köynәyin üstündәn geyirdilәr. Arxalığa yaxın olan kaftan adi (ağ), qara vә qırmızı parçalardan tikilirdi. Adi günlәrdә ağ, yas mәrasimlәrindә qara, toylarda, el şәnliklәrindә, xeyir işlәrindә isә qırmızı kaftan geyilirdi. Arxalıqların hamısı astarlı olurdu. Onun üstündәn, bir qayda olaraq, nüfuzlu şәxslәr, ruhanilәr, tacir vә baqqallar qurşaq dolayır, kasıblar qayış-kәmәr, varlılar isә qızıl kәmәr, gümüş tәkbәnd bağlayırdılar. Çuxa әtәyin formasına görә büzmәli (kәmәrçin), çinli (kahlı) vә büzmәli-çinli, qol yerinin formasına görә qoltuqlu vә qoltuqsuz (atmaqol) idi. Kürkün “kaval kürk” vә “geyinmә kürk” kimi növlәri yayılmışdı. Maldar әhali arasında yapıncıdan geniş istifadә olunurdu. Yapıncının “qabardini” (tüksüz), “knyazı” (saçaqlı) vә “qartı” (çoban yapıncısı) növlәri yayılmışdı.
Ənәnәvi kişi baş G.-i dәri, keçә vә parçadan hazırlanmaqla, hәm tikili, hәm dә bağlama formasında olurdu. Tikili baş G.- inә müxtәlif formalı vә adlı dәri vә keçә papaqlar, araqçın (tәsәk, yaxud tәrlik), başlıq, bağlama baş G.-inә isә baş dәsmalı (sarıq), çalma vә әmmamә aid idi. Qoyun dәrisindәn hazırlanan papaqlar üstünlük tәşkil edirdi. Bunlar, әsasәn, şiş vә şәlә papaqlar idi. Varlı şәxslәr öz papaqlarını Krım vә Orta Asiyadan gәtirilmә qaragül dәrisindәn tikdirirdilәr. Başlığı, adәtәn, soyuq havalarda uzaq sәfәrә çıxanlar vә dağlıq yerlәrdә yaşayanlar papağın üstündәn geyirdilәr. Əsasәn, sıx toxunuşlu yun parçadan (şaldan), mahuddan, әn qiymәtlisi isә dәvә yunundan hazırlanırdı. Bağlama baş G.-inin yoxsullar içәrisindә geniş yayılmış növü pambıq parçadan 50×60 sm ölçüdә hazırlanan saya sarıq (baş dәsmalı) idi. Bağlama baş G.-lәrinin bir qismini dә çalma vә әmmamә tәşkil edirdi. Çalmanı, adәtәn, nüfuzlu elm adamları, din xadimlәri, şairlәr, mötәbәr şәxslәr, dövlәt qulluqçuları vә s. gәzdirirdilәr.
Kişi ayaqqabısının çarıq, başmaq, dübәndi, muqur, zәngәl, qondara, uzunboğaz çәkmә (boğazlı, lapçın, xrom çәkmә), çust, mәst, nәleyn, corab, patava, dolaq, badış vә s. kimi müxtәlif növlәri geniş istifadә olunurdu. Aşılanmış vә ya xam göndәn tikilәn çarıqdan, әsasәn, kәnd әhalisi istifadә edirdi. Şәhәrlilәrin G. dәstindә әsas yer tutan kişi başmağı “mәrdanә başmağı” adı ilә mәlum idi. Hündürdabanlı, altına nal vurulmuş bu başmaqlar aşılanmış göndәn (müşkü, tumac, sarğı vә s.) hazırlanır vә bәzәksiz olurdu. Şәhәrlilәrin çoxu, elәcә dә varlı kәndlilәr aşılanmış dәridәn çust, mәst, nәleyn vә s. geyirdilәr. Uzunboğaz çәkmәlәrin (boğazlı, dübәndi, lapçın) altı, adәtәn, aşılanmış göndәn, üstü isә bahalı materiallardan (tumac, xrom vә ya müşk) tikilirdi; bәzәn dabanına nal vurulurdu. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindәn başlayaraq әnәnәvi G. dәstinә rus vә Avropa ayaqqabısının tәdricәn daxil olması, hәm kişi, hәm dә qadın ayaq G.-i olan qaloşun kütlәvi istehsalı әnәnәvi ayaq G.-lәrini mәişәtdәn sıxışdırıb çıxardı.
Uşaq G.-lәri 6–7 yaşdan sonra әnәnәvi paltarı kiçik ölçüdә tәkrarlayırdı. Kiçikyaşlı vә yeniyetmә qızların paltarı qadın G.-lәrini tәkrar etsә dә, fәrqli elementlәri dә olurdu (mәs., subay qızlar kәmәr taxmırdılar). Qız uşaqlarının G.-i rәnginin şuxluğu, estetik gözәlliyi, xüsusi biçimi, asma vә tikmә bәzәklәrin çoxluğu ilә sәciyyәlәnirdi. Onların G.-indә әtәkli tuman, köynәk, arxalıq, baharı, külәcә, çәpkәn, nimtәnә, kәlağayı, başmaq vә s. әsas yer tuturdu. Oğlan uşaqları böyüklәr kimi çarıq vә başmaq geyir, başlarına araqçın, tәsәk vә dәri papaqlar qoyur, köynәk, arxalıq, çuxa vә s. geyirdilәr.
Zinәt әşyaları – baş, qulaq, boyun, sinә, bel, qol vә barmaq bәzәklәri qiymәtli metal vә daş-qaşlardan düzәldilirdi. “Cığcığa” adlanan baş bәzәklәri dәstinin “tac”, “qәfәsә”, “alınlıq”, “tetir”, “cәngәlli çәnәbәnd”, “qulaqlıq”, “cütqabağı”, “gәlintac”, “qarabatdaq”, “tәsәkqabağı”, “taclı cütqabağı”, asma baş bәzәklәri vә s. kimi müxtәlif növlәrindәn istifadә olunurdu. Qulaq bәzәklәri “altun küpә”, “tana”, “güşvarә”, “sörğa” vә s. adlnır vә geniş çeşiddә hazırlanırdı. “Darağı”, “sәbәti”, “gilası”, “lolu”, “kufә”, “minarә”, “aypara”, “yarpaq”, “gül”, “qozalı”, “fındığı”, “piyalә-zәng”, “buta”, “badamı”, “üçdüymә”, “dörddüymә”, “qırxdüymә”, “piyalә”, “pәrәkli”, “zanqaguş”, “әtәkli” vә s. sırğa növlәri vә cavahir tana uzun zaman üstün yer tuturdu. Qadın bәzәklәrinin әksәriyyәtini boyun (boğaz) vә sinә (döş) bәzәklәri tәşkil edirdi. Bunlar bahalı daşlardan düzәldilәn muncuqlardan, qiymәtli metallardan (qızıl, gümüş), hәmçinin daş-qaşla әlvan metalların kombinasiyasından hazırlanırdı. “Boğazaltı”, “yaxa- gülü”, “heykәl” “hәmail”, “qozalı boyunbağı”, “yelpәzli sinәbәnd”, “hil”, “arpa”, “bacaqlı”, “nargilә boyunbağı”, “mәrcanә”, “silsilә”, “çәçik”, “mumasan”, “sәrmә” vә s. adlarla mәlum olan geniş çeşidli boyun vә sinә bәzәklәri varlı qadınların G. dәstindә üstün yer tuturdu. Kişi vә qadın bel bәzәklәrinin “әtәkli” (“sallama”), “taxta kәmәr”, “tәkbәnd”, “belbağı”, “suvadax toqqa”, “çәrkәzi”, “zәrli kәmәr”, “girvәnkә toqqa” vә s. kimi çoxlu çeşidi var idi. Qadın bәzәklәrinin bir qismi dә paltara bәnd edilәn zәrgәrlik nümunәlәri, toxuma vә hörmә bәzәklәr, paltara vurulan müxtәlif bәxyәlәr, tikiş vә haşiyәlәr idi.
19 әsrin sonlarından başlayaraq, zәrgәrlik mәmulatı istehsal edәn f-k vә firmaların çoxalması kustar zәrgәrlik mәmulatını mәişәtdәn xeyli sıxışdırsa da әnәnәvi zinәtbәzәk nümunәlәri bu gün dә xalqın istifadәsindәdir. 1920–30-cu illәrdәn әnәnәvi qadın G.-i әsaslı dәyişikliyә mәruz qalmış, fabrik istehsalı olan yerli, rus vә Avropa paltarı (kofta, kostyum, palto, plaş vә s.) yayılmağa başlamışdı. Hәmin illәrdәn etibarәn ayaq G.-i kimi tufli, çәkmә, sәndәl, qaloş vә s. geniş yayılmışdır. Azәrb.-ların Avropasayağı G.-ә keçmәsinә baxmayaraq bәzi әnәnәvi G. növlәri vә ya onların elementlәri indi dә qalmaqdadır (әtraflı bax “Azәrbaycan” cildinә).