GEY-LÜSSAK QANUNLARI - 1) əsas qaz qanunlarından biri; bu qanuna əsasən verilən kütləli qazın V həcmi sabit təzyiqdə temp-rdan asılı olaraq xətti dəyişir:
V=V0(1+αv ∇T) ,
burada V0 - qazın başlanğıc həcmi,∇T - başlanğıc və sonuncu temp-rlar fərqi, αv-sabit təzyiqdə qazın istidən genişlənmə əmsalıdır (bütün qazlar ücün təqr. 1/273,15 K-1-ə bərabərdir). G.-L.q. yalnız ideal qazlar üçün ödənir, real qazlar böhran qiymətlərindən uzaq olan temp-r və təzyiqlərdə bu qanuna tabe olur. Klapeyron tənliyinin xüsusi halıdır. Fransız alimi J.L.Gey-Lüssak tərəfindən kəşf edilmişdir (1802).
2) Kimyəvi reaksiyaya girən qazların həcml ərinin bir-biri ilə və reaksiyanın qaz halında olan məhsullarının həcmləri ilə sadə nisbətlərdə, yəni kiçik, məs., 1:1:2 tam ədədlərinin nisbətlərində (həcmi nisbətlər qanunu) olmasını göstərən qanun. 1808 ildə J.L.Gey-Lüssak tərəfindən kəşf edilmişdir. Avoqadro qanununun kəşfində böyük rol oynamışdır