GÉZELL (Gesell) Arnold Lusius (21.6.1880, Viskonsin ştatı, Alma – 29.5.1961, Konnektikut ştatı, Nyu-Heyven) – ABŞ psixoloqu. Viskonsin (1903), Klarka (1906, fәlsәfә doktoru), Yel (1915, tibb doktoru) un-tlәrini bitirmişdir. Yel un-tinin nәzdindә Uşaq inkişafı klinikasının әsasını qoymuş vә ona rәhbәrlik etmişdir. Hәmin klinikanın әsasında 1950 ildә Gezell Uşaq İnkişafı İn-tu (Nyu-Heyven) yaradılmışdır.
Uşaqlarda erkәn inkişafın öyrәnilmәsinin öncüllәrindәn biri olan G. bu inkişafı evolyusionizm ruhunda, mühitә uyğunlaşma vә “tәbii” inkişafın bir növü kimi nәzәrdәn keçirirdi. O, psixologiyaya bir sıra obyektiv tәdqiqat metodlarını daxil etmişdir: kino vә fotoçәkmә, gizli müşahidә üçün “G. güzgüsü” (bir tәrәfi güzgü, digәri şәffaf olan şüşә), uşağın anadan olandan yeniyetmәlik yaşına qәdәr psixi inkişafının uzunmüddәtli tәdqiqat metodu. Əkizlәr metodu vasitәsilә yetkinlәşmә vә öyrәnmәnin qarşılıqlı әlaqәsini araşdırmışdır. İlk dәfә uşaq inkişafının yaş normalarını müәyyәnlәşdirmiş, uşaqların psixi inkişafının diaqnostik sistemini işlәmişdir. G.-in tәrtib etdiyi iki yaşınadәk uşağın davranışını fiksasiya edәn 3000-dәn çox fotodan ibarәt Körpәnin davranış atlası klinik tәcrübәdә geniş istifadә edilir.
Ə s ә r l ә r i:Умственное развитие ребенка. М.; Л., 1930; Педология раннего возраста. М.; Л., 1932; Infant and child in the culture of today. N.Y., 1943 (with F.Ilg); The child from five to ten. N.Y., 1946 (with F.Ilg).