GƏDƏBƏY–QALAKƏND MİSƏRİTMƏ ZAVODLARI – Azәrb.-da inqilabdan әvvәl fәaliyyәt göstәrmiş müәssisәlәr. Gәdәbәy yaxınlığında kәşf edilmiş (1849) mis filizi әsasında yaradılan (1855–56) Gәdәbәy misәritmә z-du әvvәllәr yerli sahibkarlara mәxsus olmuş, daha sonra Almaniyanın “Siemens” şirkәti tәrәfindәn alınaraq, onun әsasında iri misәritmә z-du yaradılmışdır (1865). Fәaliyyәti dövründә Avropanın әn böyük metallurgiya mәrkәzlәrindәn biri olmuşdur.
1873 ildә burada uz. tәqr. 6 km olan kanat xәtti, 1879 ildә Cәnubi Qafqazda ilk dәfә Gәdәbәy–Qalakәnd arasında uz. 28 km olan d.y. (hәmin yol ilә әlaqәli salınmış körpülәr hazırda tarixi abidә kimi qorunub saxlanılır) çәkildi. Bu d.y. ilә 4 lokomotiv, 33 vaqon hәrәkәt edirdi. 1883 ildә Qalakәnddә 2-ci misәritmә z-du işә düşdü. 1887 ildә Cәnubi Qafqazda ilk dәfә Qalakәnd SES-i işә salındı, hәm dә burada iri balıqçılıq tәsәrrüfatı yaradıldı. Qalakәnd misәritmә z-dunda dünyada birincilәr sırasında olan Siemens-Billiter elektroliz laboratoriyası quraşdırıldı. 1892 ildә yanacaq tәminatı mәqsәdilә Dәllәr d.y. st.-ndan Çardaqlı kәndinә neft kәmәri çәkildi, 1894 ildә hәmin kәmәr Gәdәbәyәdәk uzadıldı. Hәmin illәrdә G.–Q.m.z.-nda odun yanacağı maye yanacaq – mazut vә neftlә әvәzlәndi, burada su enerjisi mәnbәyindәn dә istifadә olunurdu. Elektrik enerjisi bilavasitә elektroliz üsulu ilә qara misdәn saf mis, habelә tәrkibindә gümüş vә qızıl olan ovuntu almağa imkan vermişdi. 1885 ildә Gәdәbәy misәritmә z-dunun nәzdindә rus-alman mәktәbi fәaliyyәtә başladı. Gәdәbәy z-dunda saf mislә yanaşı mis, çuqun vә dәmir mәmulatlar hazırlanırdı. Gәdәbәy mis mәdәnindә filiz çıxarılışı 1884 ildә 1655,5 min puddan 1900 ildә 3667 min puda, misәrtimә z-dlarında mis istehsalı isә müvafiq olaraq 80,3 min puddan 147,7 min puda çatdırılmışdı. 1891 ildә 1,616 kq qızıl 29,150 kq gümüş, 1898 ildә isә 20,3 kq qızıl, 285,0 kq gümüş әldә edilmişdir. Rәsmi mәlumatlara görә Gәdәbәy mәdәnlәrindә ümumilikdә tәqr. 150 mln. pud mis filizi çıxarılmış; Siemenslәrin fәaliyyәti dövründә hәr 18 min pud misdәn tәqr. 13 kq qızıl, 240 kq gümüş alınmışdır. 1864–1914 illәrdә Gәdәbәy dağlarında 3 t qızıl, 52 t gümüş, 1867–1916 illәrdә 640 t kobalt hasil olunmuşdur. Alman mütәxәssislәr infrastrukturun inkişafına da xüsusi diqqәt verirdilәr. Qısa müddәtdә kәrpic-kirәmit z-du açıldı. Burada o dövrdә alman memarlığında üstünlük tәşkil edәn qotik üslubda xeyli ictimai binalar, yaşayış evlәri tikildi, onlarca körpü, tunel vә su keçidi inşa olundu. Hәmin obyektlәrin bir qismi hәlә dә istifadәdәdir.
G.–Q.m.z. Rusiyanın mis sәnayesindә mühüm yer tuturdu. Belә ki, 1906 ildә Rusiya imperiyasının bütün mis mәdәnlәri vә misәritmә z-dlarında çalışanların tәqr. 1/4-i bu z-dların payına düşürdü. Bu müәssisәlәrdә istehsal olnunan mis vә mis mәhsulları, qızıl vә gümüş Rusiya bazarlarına çıxarılır, qismәn isә xaricә (әsasәn, Almaniyaya) aparılırdı. Mis mәdәnlәrinin amansız istismarı nәticәsindә orada mis ehtiyatı tükәnmiş vә 1906 ildә Qalakәnd z-du bağlanmışdır.