GƏGƏLİ NEKROPOLU – Azәrb. Resp.Şamaxı r-nu Dәmirçi k.-ndәn 4 km q.-dә yerlәşәn arxeoloji abidә. 2016 ildә AMEA Arxeologiya vә Etnoqrafiya İn-tunun arxeoloji ekspedisiyası tәrәfindәn tәdqiq edilmişdir (A.A. Quliyevin rәhbәrliyi ilә). G.n.-nun sah. 1,5 ha-dır. 10 daş qutu qәbir qazılmışdır. Qәbirlәr yer sәthindәn 0,5–0,8 m dәrinlikdә yerlәşir. Üzәri sal daşlarla örtülmüş qәbirlәr, içәridәn qaya vә çay daşları ilә uzunsov formada hörülmüşdür. Dәfn kamerasındakı skeletlәrin baş vә ayaq hissәsindә sal daşlar qoyulmuşdur. Saxsı mәmulat, dәmir qılınc vә qının fraqmentlәri, nizә ucluğu, mis asma, pastadan muncuqlar, tuncdan düzәldilmiş üzük-möhürlәr, qablarda heyvan vә quş sümüklәri aşkar olunmuşdur. Maddi mәdәniyyәt nümunәlәrinin tәdqiqi nәticәlәrinә әsasәn G.n. son antik – erkәn orta әsrlәr dövrünә (1–4 әsrlәr) aid edilir.