GƏLİNCİK (Mustela nivalis) – gәlincik vә safsar cinsindәn mәmәli. Ən kiçik yırtıcılardan biridir: bәdәninin uz. 26 sm-әdәk, quyruğu 9 sm-dәn az, kütlәsi 250 q-a qәdәr olur; dişilәr erkәklәrdәn çox xırdadır. Bәdәni ensiz, elastik; başı kiçik; әtrafları çox qısadır. Xәzi sıx, qısadır. Qışda rәngi dümağ, yayda qonurumtul-kürәn, bәdәninin alt hissәsi ağdır; c. vә q. regionlarda qış rәngi yay rәngindәn fәrqlәnmәyә bilәr. G. Afrika, Asiya, Avropa vә Amerikanın tundra, meşә, meşә-çöl vә bozqır zonalarında yayılmışdır. Müxtәlif landşaftlarda yaşayır; siçanabәnzәr gәmiricilәrin çox olduğu yerlәrdә rast gәlinir. Şәbәkәli cığır vә yolların çox olduğu sahәlәrdә müәyyәnlәşәn daimi vә müvәqqәti yuvalarda yaşayır. Müxtәlif fәrdlәrin әrazilәri ayrı-ayrı olur vә çox vaxt biri digәrindәn uzaqda yerlәşir. Kommunikasiyada (bir-biri ilә әlaqә saxlamaq) qoxu ilә nişanlamanın әhәmiyyәti çox böyükdür. G. adәtәn başqa heyvanların yuvalarında, yaxud tәbii sığınacaqlarda gizlәnir. Əsasәn tarla siçanları ilә qidalanır. Hövrәyәgәlmә mart-aprel vә iyun-iyul aylarında olur. 5– 10 küçük doğur. Kütlәsi 1,2–1,8 q olan balaları çılpaq, gözübağlı, eşitmә yolları qapalı doğulur. Cinsi yetişkәnliyә iki yaşında çatır. G. tәbii ekosistemlәrdә tarla siçanlarının sayının tәnzimlәnmәsindә әsas rol oynayır. Geniş yayılmışdır. Azәrb.-da 2 növü var: Böyük Qafqaz G.-yi (M. n. dinniki), Qafqaz G.-yi (M. n. caucasica). Gәmiricilәri mәhv etdiyinә görә G. faydalı heyvan hesab olunur.
Adi gәlincik (Mustela nivalis).