GƏLİNCİK – RF-dә, Krasnodar diyarının q.-indә şәhәr. Əh. 65,1 min (2014). Qafqazda, Qara dәnizin Gәlincik buxtası sahilindә yerlәşir. Sahilyanı iqlim kurortu, Gәlincik kurort zonasının (uz. tәqr. 100 km-dir; Kabardinka kurortunu vә bir sıra kurort qәs.-lәrini әhatә edir) mәrkәzidir. G.-dәn Novorossiysk–Soçi avtomobil yolu keçir. Sәrnişin vә yük portu. Aeroport.
Gәlincik şәhәrindәn görünüş.
İqlimi subtropik Aralıq dәnizi tiplidir. Qışı mülayim (yanvar–fevralın orta temp- ru 4°C), yayı çox isti, günәşli vә qurudur (iyulun orta temp-ru tәqr 24⁰C). Yağıntının illik miqdarı 800 mm. May–oktyabr aylarında dәniz suyunun temp-ru18–24°C olur. Hәrәkәt vә dayaq orqanları, endokrin vә әsәb sistemi, mәdә-bağırsaq, nәfәs yolları xәstәliklәri müalicә olunur. Kurort poliklinikası, sanatoriyalar, pansionatlar var. Şәhәr mәnzәrәli sahilyanı piyada yolları (uz. tәqr. 10 km) ilә mәşhurdur.
Qәdim zamanlarda burada qәdim yunanların vә romalıların koloniyaları mövcud idi. Eramızın 1 әsrinin ortalarında bu әrazi Bospor çarlığının tәrkibinә qatılmışdı. 4 әsrdә Bospor çarlığı hunların yürüşlәri nәticәsindә süqut etmişdi. 6 әsrdә Qara dәnizin şm.-ş. hissәsindә Bizansın mövqeyi möhkәmlәnmişdi. Hәmin dövrdә G. buxtasında Bizans limanı Eptala mövcud idi. 8– 10 әsrlәrdә әrazi Xәzәr xaqanlığının tәrkibindә olmuşdu. 965 ildә xaqanlıq Kiyev knyazı Svyatoslav tәrәfindәn mәğlub edildikdәn sonra orada Tmutarakan knyazlığı yaranmışdı. 11 әsrin sonlarında bu knyazlıq Bizans imperiyasının hakimiyyәtinә keçmiş vә 1204 ilәdәk onun tәrkibindә olmuşdu. 13–14 әsrlәrdә G.-in yerindә genuyalılar Mavrolako ticarәt limanının әsasını qoymuşdular. 15 әsrin sonunda әhalisinin adı “gәlinciçan” adlandırılan hәmin әrazi Türkiyәnin tәrkibindә liman şәhәri idi (G. öz adını mәhz hәmin sözdәn götürmüşdür). Rusiya–Türkiyә müharibәsindәn (1828–29) sonra bağlanmış Ədirnә sülhünün (1829) şәrtlәrinә görә, Qafqazın Qara dәniz sahili Rusiyaya keçmişdi. 1831 ildә gen.-m. E.A.Berxman tәrәfindәn inşa etdirilәn G. qalası Qara dәnizin hәrbi kolonizasiyası dövründә rus qoşunlarının dayaq mәntәqәsi vә Qara dәniz donanmasının hәrbi gәmilәrinin bazası olmuşdu. Krım müharibәsi (1853–56) gedişindә rus qarnizonu G.-i tәrk etmiş, qala digәr istehkamlarla birgә partladılmışdır. Az sonra dağıdılmış istehkamları Qafqaz dağlıları zәbt etmişdi. Lakin 1857 ildә gen.-m. Q.İ.Filipsonun komandanlığı ilә rus qoşunları yenidәn G.-i tutmuşdu. 1864 ildә dağılmış qalanın yaxınlığında Şapsuq sahil batalyonunun tәrkibindә G. stanitsanın әsası qoyulmuş, 1870 ildә isә G. kәndә çevrilmişdir. 1898 ildә hәkim M.F.Suljinski sanatorinin tikilmәsi üçün torpaq sahәsi almışdı, 1900 ildә isә kurort xidmәtinin әsasını qoymuşdur. 1907 ildә G. buxtası rәsmi kurort yeri, 1915 ildә şәhәr statusu almışdır. 1923–24 illәrdә Kuban-Qara dәniz vil.-nin, 1924 ildә Cәnub-Şәrq vil.-nin, 1924–34 illәrdә Şimali Qafqaz diyarının, 1934–37 illәrdә Azov-Qara dәniz diyarının, 1937–63 illәrdә Krasnodar diyarının rayon mәrkәzi olmuşdu. İkinci dünya müharibәsi zamanı G. arxa hospital mәrkәzi vә Qara dәniz donanmasının yüngül qüvvәlәrinin bazası idi. Alman aviasiyasının bombardmanları nәticәsindә güclü dağıntılara mәruz qalmışdı.
G.-dә REA-nın P.P.Şirşov ad. okeonologiya in-tunun Cәnub bölmәsi (әsası 1949 ildә qoyulmuşdur), dәniz vә geoloji-kәşfiyyat işlәri üzrә “Yujmorqeologiya” dövlәt elm mәrkәzi (1959; 1973 ildәn indiki adı ilә), tarix-diyarşünaslıq muzeyi (1909) yerlәşir. “Olimp” turizm kompleksi (tәrkibindә kanat yolu, kafe vә restoranlar şәbәkәsi, attraksionlar vә s.) fәaliyyәt göstәrir. “Göy maska” teatr festivalı, “Cәnub gecәlәri” rus milli incәsәnәt festivalı, yelkәnli qayıq idmanı üzrә ümumrusiya yarışları keçirilir. Yeyinti sәnayesi müәssisәlәri, şәrabçılıq, inşaat materialları istehsalı vә s. var.
Yeyinti sәnayesi (süd vә süd mәhsulları) inkişaf etmişdir. Tikinti materialları istehsal edilir. Taxta-şalban kombinatı fәaliyyәt göstәrir. Şәhәrәtrafında üzümçülük vә meyvәçilik var.