GƏMİ MEMARLIĞI – bütövlükdә gәminin vә onun ayrı-ayrı elementlәrinin funksional vә memarlıq cәhәtdәn formalaşması haqqında elm. G.m. gәmiqayırmada vә digәr sәnaye sahәlәrindә elmi, texniki vә texnoloji nailiyyәtlәrin iqtisadiyyatın, ekologiyanın vә sәnaye dizaynının müasir tәlәblәrinә uyğunluğunu әks etdirir. G.m. üzrә ilk nәzәri işlәr E.Dinin “Gәmi memarlığı doktrinası” (1670) vә Dasyenin (Fransa, 1677) “Gәmilәrin memarlığı” idi. L.Eyler, A.Dümael dü Monso (Fransa) vә F.X.Çapmenin (İsveç) analitik işlәri dә bu elmin inkişafına xeyli töhfә verdi. Müasir anlamda G.m.-nın tәdqiqatları gәminin vә onun tәrkibi olan konstruktiv komplekslәrinin, ayrı-ayrı elementlәrinin qurulması vә onların gәmidә funksional effektivlik vә texniki estetika normaları cәhәtdәn qarşılıqlı yerlәşdirilmәsi sahәsindәdir. G.m.-nda sәrnişinlәri vә komanda heyәtini әhatә edәn daxili mәkanın tәşkili, kayutların, keçid vә ictimai yerlәşkәlәrin (dәhlizlәr, tamburlar, vestibüllәr, açıq göyәrtәlәr, qapalı gәzinti göyәrtәlәri, kayut-kompaniyalar, yemәkxanalar, restoranlar, idman zalları, hovuzlar, kitabxanalar vә s.) dizaynı mühüm әhәmiyyәt daşıyır. G.m.-nın mәqsәdi yaradılan gәmiyә tәkcә texniki mükәmmәllik deyil, hәmçinin informativ ifadәlilik vә estetik әhәmiyyәtlilik vermәkdir. Qarşıya qoyulmuş mәqsәdlәrә çatmaq üçün aşağıdakı layihәlәndirmә prinsiplәrinә әmәl olunmalıdır: gәminin konstruksiya baxımından mәqsәdәuyğunluğu; konstruksiya materiallarının optimal seçimi; bütövlükdә gәmidә vә ayrı-ayrı hissәlәrindә kompozisiya vәhdәtinin, ahәngliyin, bitkinliyin vә mütәnasibliyin qorunması; layihәlәndirmәdә müxtәlif kompozisiya vasitәlәrinin (nisbәt, ritm, modullar, faktura vә s.) tәtbiqi; layihәlәndirmәnin vizual reallaşdırılması (kompüterlә vizuallaşdırma, gәminin maket vә modellәrinin hazırlanması).
G.m. daima tәkimllәşdirilir. Onun tәzahürü müxtәlifdir vә gәminin tәyinatından asılıdır. Müasir nәql. gәmilәri üçün formanın yığcamlığı vә sadә konstruksiyaların geniş tәtbiqi (sәmәrәli texnologiyalardan istifadәyә, gәmilәrin qiymәtini aşağı salmağa, donanmanın işinin effektivliyini artırmağa imkan verir) xarakterikdir. İri sәrnişin gәmilәrinin memarlığı bütövlükdә gәminin kompozisiya vәhdәtini, texniki vә estetik mükәmmәlliyini nәzәrә çarpdıran vasitәlәrin tәtbiqi ilә seçilir. İstirahәt vә turizm gәmilәri, xüsusilә dә yaxtalar üçün yüksәk estetik keyfiyyәtlәrin tәzahürü xarakterikdir; bu gәmilәr hәm dә sifarişçinin fәrdi zövqünü әks etdirir. Hәrbi gәmilәrin memarlığında hәrbi vә konstruktiv mәqsәdәuyğunluq hәlledici rol oynayır.