GƏMİQAYA – Azәrb. Resp. Ordubad r-nu (Nax. MR) әrazisindә, Nәsirvaz k.-ndәn ş.-dә dağ. Zәngәzur silsilәsinin suayırıcında zirvә. Hünd. 3725 m. Qәdim vulkanik süxurlardan ibarәtdir. Konusvarı formadadır, yamacları sıldırımdır. Min illәr boyu Naxçıvan әhalisinin iqtisadi hәyatında mühüm әhәmiyyәt kәsb edәn G. yaylaqlarının әrazisi bir növ müqәddәslәşmiş, hәtta burada tәbii mәbәdlәr meydana gәlmişdir (bax Bibqәtәl piri). Adı Nuh әfsanәsi ilә bağlıdır. Yalçın, şiş qayalı zirvәsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi sәma fonunda bir növ ümmana baş vurub üzәn nәhәng gәmiyә bәnzәyir. Görünür, belә zahiri oxşarlığa әsasәn Kiçik Qafqazın әn yüksәk zirvәsi olan Qapıcıq d.-na (3905,2 m) xalq arasında G. adı verilmişdir. Qәdim dünyanın müqәddәs panteonlarından sayılan G. özünün әzәmәtli, fantastik görünüşü ilә insanı heyrәtә gәtirir. Burada e.ә. 3–1-ci minilliklәrә aid qayaüstü rәsmlәr – piktoqramlar (qәdim yazılar) var (bax, hәmçinin Gәmiqaya tәsvirlәri).