GƏNC QRAMMATİKLƏR – 19 әsrin 70–80-ci illәrindә alman dilçilәri qrupu. Müqayisәli-tarixi dilçiliyin ikinci dövrünü, adәtәn, G.q. mәktәbinin adı ilә bağlayırlar. Dilçiliyin, tәqribәn, yarım әsrlik tarixi (1870–1916) bu mәktәbin fәaliyyәti ilә әlaqәdardır. G.q. Şleyxer naturalizmini qәbul etmir, yaşlı nәsli vә onların 1860–70-ci illәrә qәdәr yaranan dilçiliyә dair fikirlәrini tәnqid edirdilәr. G.q.-in köhnәdәn üz döndәrib, yeni müddәalar irәli sürmәsinә istehza edәn yaşlı dilçilәr, xüsusilә görkәmli alman dilçisi F. Sarnke onları zarafatla “gәnc qrammatiklәr” (“jungegrammatiker”) adlandırmışdır. K.Bruqman bu deyimi yeni dilçilik mәktәbi üçün ad kimi
götürmüşdür.
G.q. hәrәkatı Almaniyada Leypsiq Un-tinin dilçilәri arasında yayılmışdı. Onun görkәmli nümayәndәlәri A. Leskin (1840– 1916), G. Osthof (1847–1909), K. Bruqman (1849–1919), G. Paul (1846–1921), B.Delbruk (1842–1922) vә b. olmuşlar. G.q. tәkcә qrammatika mәsәlәlәri ilә deyil, dilçiliyin başqa sahәlәri üzrә dә çalışırdılar. Onların dilçilik manifesti – yaradıcılıq istiqamәti vә tәdqiqat prinsiplәri Bruqman vә Osthofun “Morfoloji tәdqiqatlar” (1878) әsәrinin giriş hissәsindә şәrh
edilmişdir. G.q.: 1. Şleyxer naturalizmini inkar edir vә dili tarixi hadisә sayırdılar; 2. Sәs dәyişmәlәrindә üç prinsipin – sәs qanunları, analogiya vә sözalma – olduğunu irәli sürürdülәr; 3. Canlı dillәri vә dialektlәri öyrәnmәyi ön plana çәkirdilәr. G.q. cәrәyanının nәzәri әsasları G.Paulun “Dil tarixinin prinsiplәri” (1880), B.Delbrukun “Hind-Avropa dillәrinin öyrәnilmәsinә giriş” (1880), “Dil tәdqiqatının әsas mәsәlәlәri” (1901), Q.Kursiusun “Dil üzrә yeni tәdqiqatların tәnqidinә dair” (1885), K.Bruqmanın “Dilçiliyin müasir vәziyyәtinә dair” (1885) әsәrlәrindә formalaşmışdır. G.q. xalqlar psixologiyasını rәdd edir, dil hadisәlәrini fәrdi psixologizm baxımından nәzәrdәn keçirirdilәr. Onlar qәti surәtdә qәdim dillәri öyrәnmәyin, tәdqiq etmәyin vә hind-Avropa ulu dilini rekonstruksiya yolunun әleyhinә çıxır, canlı dillәri öyrәnmәyi tәlәb edirdilәr. G.q. tәdqiqat obyekti kimi qәdim yunan vә latın dillәri әvәzinә roman, german, slavyan vә digәr müasir dillәrә әsaslanmağa üstünlük verirdilәr. G.q.-in nәzәri görüşlәri 19 әsrin sonu–20 әsrin әvvәllәrindә başqa ölkәlәrdә dә (İ.Askoli – İtaliya; U.Uitni – ABŞ; X.Q. Habelents, F. de Sössür – Fransa; F.F.For- tunatov, İ.A.Boduen de Kurtene–Rusiya) yayılmışdı. Hind-Avropa dillәri haqqında topladıqları faktik dil materialları, tarixi fonetika vә morfologiya sahәsindә etdiklәri kәşflәr onların dilçilik elminin inkişafında әn mühüm xidmәtlәridir.
Əd.: R ә c ә b o v Ə.Ə. Dilçilik tarixi. B., 1988; B a b a y e v A.M. Dilçiliyә giriş. B., 1992.