“GƏNC TÜRKLƏR” (türk. J ö n t ü r k l e r, fr. J e u n e s T u r c s adından; yaxud G ә n c o s m a n l ı l a r, Y e n i o s m a n l ı la r) – Gәnc türklәr inqilabına (1908) başçılıq etmiş “İttihad vә tәrәqqi” siyasi tәşkilatı (tәsisçilәrdәn biri Ə.H.Hüseynzadәdir) üzvlәrinin Avropada adı. 1889 ildә İstanbulda hәrbi tibb mәktәbinin beş tәlәbәsi “İttihadi Osmaniyyә” adlı gizli siyasi tәşkilat qurdular. Hәmin il Osmanlı siyasәtçisi Əhmәd Rza bәy dә Parisdә öz hәmfikirlәrinin qrupunu yaradıb, “Mәşvәrәt” qәzetinin nәşrinә başladı. Tezliklә әlaqәlәnәn İstanbul vә Paris qrupları Salonikidә “İttihad vә tәrәqqi” gizli tәşkilatını tәsis etdilәr. Tәşkilatın başlıca mәqsәdi sultan II Əbdülhәmid rejimini devirmәk vә 1876 il “İtthad vә tәrәqqi” tәşkilatını bәrpa etmәk idi. “G.t.” әslindә 1865 ildә ziyalılar tәrәfindәn yaradılan vә 1867 ildә Avropaya mühacirәt edәn gizli “Yeni osmanlılar” tәşkilatının davamçıları idi. Onlar imperiyadaxili tәbliğatı vәrәqәlәr vasitәsilә (ilk dәfә 1894 ildә) aparırdılar. Xaricdә isә, xüsusilә Fransada “Mәşvәrәt”, “Mizan”, “Osmanlı” adlı qәzetlәr, hәmçinin broşürlәr nәşr edilirdi. “G.t.”-in ilk proqram sәnәdi 1897 ildә “Mәşvәrәt” qәzetindә nәşr edilmiş “Gәnc Türkiyәnin proqramı”dır. Sultan hökumәti tәrәfindәn 1896 vә 1897 illәr dövlәt çevrilişi cәhdlәrinin qarşısı alındı. 1902 ildә Mahmud Paşa vә oğullarının tәşәbbüslәri ilә Parisdә ilk “Osmanlı ümummüxalifәt qurultayı” toplandı. Əhmәd Rza bәyin rәhbәrlik etdiyi digәr qrup “Osmanlı Tәrәqqi vә İttihat cәmiyyәti”ni qurdu, “Şurayı ümmәt” qәzetinin nәşrinә başladı. Buna qarşı olaraq Mahmud Cәlalәddin Paşanın oğlu Şahzadә Sәbahәddinin әtrafında toplanan qrup “Tәşәbbüsü şәxsi vә Adәmi mәrkәziyyәt” cәmiyyәtini tәşkil etdi, “Tәrәqqi” qәzeti onların mәtbuat orqanı oldu. Hәmin il Türkiyәdә әsasәn zabitlәrdәn ibarәt “Osmanlı hürriyyәt” cәmiyyәti meydana çıxdı. Az sonra Makedoniya vә Salonikdә güclәnәn tәşkilat xaricdәki iki böyük Gәnc türk tәşkilatı ilә әlaqә yaratdı vә “Tәrәqqi vә İttihad” cәmiyyәti ilә birlәşdi. Xarici tәşkilatlar 1907 ildә Parisdә ikinci qurultaylarına toplaşdılar. Qurultayda bütün müxalifәt tәşkilatları tәrәfindәn birgә üsyan qaldırılması haqqında qәrar qәbul edildi. Niyazi bәy vә Nazim bәyin rәhbәrliyi ilә baş verәn Gәnc türklәr inqilabı (1908) nәticәsindә hakimiyyәt әlә alındı, siyasi tәlәblәrinin bir hissәsi hәyata keçirildi. Parlamentә seçkilәrdәn (1908) vә II Əbdülhәmid devrildikdәn (1909) sonra “G.t.” siyasi partiyaların fәaliyyәtini bәrpa etdilәr, dövlәt aparatının, ordunun, tәhsil vә mәhkәmә sisteminin modernlәşdirilmәsinә çalışdılar. Lakin bu islahatların az effektivliyi vә “G.t.”-in sәriştәsiz xarici siyasәti onların nüfuzdan düşmәsinә vә müxalifәtin (“Hürriyyәt vә etilaf” partiyasının) müvәqqәti qәlәbәsinә sәbәb oldu. İtaliya–Türkiyә müharibәsi (1911–12), Balkan müharibәlәri (1912–13) zamanı Türkiyәdә daxili ziddiyyәtlәr daha da kәskinlәşdi. Belә bir şәraitdә “G.t.”-in zabitlәri dövlәt çevrilişi etdilәr, Ənvәr paşa (hәrbi nazir vә qәrargah rәisi), Tәlәt paşa (daxili işlәr naziri) vә Camal paşa (İstanbul valisi) triumviratının hakimiyyәtә gәlmәsindәn sonra “G.t.”-in partiya strukturları dövlәt strukturları ilә birlәşdi.