GƏNCƏ QƏZASI – Azәrbaycan Xalq Cümhuriyyәti (AXC) dövründә Gәncә qub.-nda inz.ә.v. Rusiya imperiyası Gәncә xanlığını işğal etdikdәn (3.1.1804) sonra Yelizavetpol dairәsi yaradılmışdı. Dairә Gürcüstan qub.-nın tәrkibinә daxil edilmişdi. Çar hökumәtinin keçirdiyi inzibati islahat (10.4.1840) nәticәsindә dairә qәzaya çevrilmişdi. Yelizavetpol qәzası Gürcü-İmeretiya qub.-nın tәrkibinә verilmişdi. Qәza Yelizavetpol, Qazax, Şәmşәddil vә Ayrım mәntәqәlәrinә bölünürdü. 1846 il 14 dekabr tarixli inzibati-әrazi bölgüsündәn sonra Yelizavetpol qәzası yeni yaradılmış Tiflis qub.-nın tәrkibinә daxil edilmişdi. Çar II Aleksandrın fәrmanı (9.12.1867) ilә Yelizavetpol qub. yaradıldıqda, Yelizavetpol qәzası Tiflis qub.-ndan alınaraq onun tәrkibinә verilmiş, yeni Qazax qәzası tәşkil edilmişdi. Fevral inqilabından (1917) sonra X. Xasmәmmәdovun rәhbәrliyi ilә icraiyyә komitәsi tәşkil olunmuşdu. Oktyabr çevrilişindәn (1917) sonra qәzada bolşeviklәrin pozuculuq fәaliyyәti güclәnmişdi. Yelizavetpola köçmüş AXC hökumәtinin qәrarı (30.7.1918) ilә Yelizavetpol Gәncә adlandırıldıqdan sonra, qәza da, müvafiq olaraq, eyni adı almışdı. G.q.-nda sabitliyin qorunması vә iqtisadi inkişafın tәmin edilmәsi üçün tәdbirlәr görülmüşdü. Bolşeviklәr qәza әhalisinin әksәr hissәsinin kәndlilәrdәn ibarәt olduğunu nәzәrә alaraq, kәndli hәrәkatının genişlәndirilmәsinә çalışırdılar. Dövlәt qәzanın idarәçiliyini tәkmillәşdirmәk mәqsәdilә G.q.-nı 2 yerә bölmәyi qәrara almışdı. Parlament G.q.-na daxil olan 34 kәnd icması әsasında Şamxor (indiki Şәmkir) qәzasının yaradılması haqqında qanun qәbul etmişdi. Lakin qısa müddәtdәn sonra AXC süquta uğradı vә G.q. sovetlәşdirildi. 1929 ildә Azәrb. SSR-dә hәyata keçirilәn rayonlaşdırma zamanı G.q. lәğv olundu. G.q.-nın gerbi (1840) Milli Azәrbaycan Tarix Muzeyindә saxlanılır.