GƏNCƏÇAY ARXEOLOJİ ABİDƏLƏRİ – Azәrb.-da arxeoloji abidә. Gәncә çayı vadisindә Neolit, Eneolit, Tunc dövrlәrinә, antik vә orta әsrlәrә aid çoxlu yaşayış yerlәri, qәbir abidәlәri, kurqanlar vә s. ilә tәmsil olunur. Abidәlәrin öyrәnilmәsinә 19 әsrin ortalarından başlanmışdır. 1892–1903 illәrdә әrazidә qazıntı aparmış E.A.Rösler 20-dәn çox kurqan vә xeyli daş qutu qәbir aşkarlamışdı. Röslerdәn sonra qazıntıları D.Şults, Q.O.Rozendorf, V.A. Skinder davam etdirmişdi. Gәncәçay vadisinin Tunc dövrü kurqanlarının bәzilәri 1930–40 illәrdә arxeoloq Y. Hummel tәrәfindәn aşkar olunmuş, aparılan tәdqiqatlar nәticәsindә regionun qәdim әhalisinin metalişlәmә, dulusçuluq, daşişlәmә sәnәti vә dini görüşlәri haqqında mәlumatlar әldә edilmişdir. O, hәmin kurqanları qәbilә quruluşunun dağılmağa başladığı dövrә aid edir vә qoşa ailәlәrin yarandığını göstәrir. Orta Tunc dövrünә aid 12 №-li kurqanın kurqanaltı dördkünc formalı qәbir kamerası c.-q. istiqamәtindә qazılmış, üzәri taxta parçaları ilә örtülmüşdür. Qәbirin ölçülәri 2,60×1,55×1,40 m-dir. Kameranın c.-ş. hissәsindә qoyun skeletlәri tapılmışdır. Qәbir avadanlığı 1 mis әşyadan, yaxşı bişirilәrәk cilalanmış qara rәngli 18 gil qabdan vә bir neçә çaxmaqdaşı parçasından ibarәtdir. Y. Hummelin 1937 ildә aşkar etdiyi qazan formalı qabın üzәrindә ağac tәsvirlәrinin olması ehtimal ki, hәmin dövrdә ağaca sitayiş kultunun yayılması ilә әlaqәdardır. Gәncәçay kurqanlarının xarakterik cәhәtlәrindәn biri onlarda qurbangahların olmasıdır. Qurbangahlar kurqanın tәpәsindә vә ya onun altında xam torpaqda düzәldilmişdir. Bәzi qurbangahlar dördkünc formalı çuxurlardan ibarәt olub üzәri sal daşlarla örtülmüşdür. Kurqanların bir qrupunda kollektiv dәfn müşahidә olunur. Gәncәçay r-nunun dağlıq hissәsindә yerlәşәn daş qutu qәbirlәrdә “parçalanmış skeletlәr”ә rast gәlinir. Belә qәbirlәrdә skelet sümüklәrinin çatmaması, kәllәnin ayrıca dәfni, alt çәnәnin kәllәdәn ayrılması ehtimal ki, kollektiv dәfn adәti ilә bağlı olmuşdur. Tәkrar dәfn zamanı әvvәlki skeletlәr bir tәrәfә yığıldığından sümüklәr qarışmış, o cümlәdәn skeletin çәnә sümüyü ayrılmışdır. Kurqanların bir qrupu üçün ağac konstruksiyalar, yandırma adәti vә at skeletinin qoyulması sәciyyәvidir. G.a.a. üçün dördkünc vә ya dairәvi planlı yarımqazma evlәr sәciyyәvidir. Torpağın bәrkliyindәn asılı olaraq evlәrin divarları bәzәn hörgüsüz, bәzәn isә daş hörgü ilә möhkәmlәndirilmişdir. İnşaat materialı kimi çaydaşından istifadә olunmuşdur. Düzbucaqlı evlәrdә dam örtüyünün ikiçatılı, dairәvi evlәrdә isә konusvarı olması güman edilir. G.a.a. üçün cızma naxışları ağ maddә ilә doldurulmuş ağ inkrustasiyalı gil qablar, tunc mәmulatlar vә s. sәciyyәvidir. Bu texnika Aralıq dәnizi bölgәsindә yerlәşәn ölkәlәrdәn qaynaqlansa da, o, yerli zәmin әsasında inkişaf etmişdir. Xocalı-Gәdәbәy mәdәniyyәtinin yayıldığı әsas әrazilәrdәn olan G.a.a.-nin arxeoloji materialları yerli әhalinin tәsәrrüfat, mәişәt vә mәdәniyyәtini, qonşu ölkәlәrlә әlaqәlәrini vә s. öyrәnmәyә imkan verir. G.a.a.-ndәn aşkar edilmiş bir çox maddi mәdәniyyәt nümunәsi S.-Peterburqun Ermitaj, Moskvanın Dövlәt Tarix Muzeyindә, Tbilisi, Bakı, hәmçinin bir sıra Avropa ölkәsi (Berlin vә s.) muzeylәrindә saxlanılır.
Əd.: G ö y ü ş o v R. Azәrbaycan arxeologiyası. B., 1983; B a x ş ә l i y e v V. Azәrbaycan arxeologiyası. C. 1,B., 2006.