GƏNDALAŞ (Sambucus) – doqquzdonkimilәr (bәzәn ayrıca olaraq gәndәlaşkimilәr fәsilәsi kimi ayrılır) fәsilәsindәn çoxgövdәli kolcuqlar, yaxud kiçik ağaclar, bәzәn çoxillik otlar cinsi. Yarpaqları qarşı-qarşıya, tәklәlәkli vә ya üçqatlı, dişciklidir. Krem, yaxud sarımtıl-ağ rәngli çiçәklәri süpürgәvarı vә ya qalxanvarı çiçәkqrupunda toplanmışdır. Meyvәsi çәyirdәkmeyvәdir. Hәr iki yarımkürәnin mülayim vә subtropik qurşaqlarında 40 növü var. Azәrb.-da 3 növü bitir: qara G. (S. nigra), qırmızı G. vә ya adi G. (S. racemosa), otvarı G. (S. ebulus). Bunlardan 2 növü yabanı, bir növü isә dekorativ bitkidir. Qara G. qara-bәnövşәyi şarşәkilli, yeyilәn meyvәli kol, yaxud ağaclardır (hünd. 10 m-әdәk). Orta, bәzәn yüksәk dağ qurşağınadәk rütubәtli, kölgәli meşә dәrәlәrindә, meşә talalarında rast gәlinir. Meyvәlәrinin tәrkibindә 6%-әdәk şәkәr vә vitaminlәr var, onlardan qida, kulinariya vә şәrabçılıqda boyaq maddәsi kimi, badam әtirli çiçәklәri likör-araq vә qәnnadı sәnayesindә istifadә edilir. Çiçәk vә meyvәlәrinin cövhәri tәrlәdici, sidikqovucu vә ödqovucu vasitәdir. Qırmızı G. hünd. 1,5–3 m olan şaxәli kolcuqlu, qırmızı meyvәlidir. Yarpaqları vә çiçәyi xoşagәlmәz qoxuludur. Dekorativ bitki kimi becәrilir. Asan cırlaşır, baxımsız parklarda, qәbiristanlıqlarda, boş yerlәrdә çoxalır. Otvarı G. güclü kök sistemi olan sürünәn çoxillik ot bitkisidir. Hünd. 70–200 sm-dir. Meyvәsi 3–4 toxumlu, qara rәngli, kürәşәkillidir. Ovalıqlardan orta dağ qurşağınadәk yayılmışdır. Xalq tәbabәtindә müxtәlif xәstәliklәrin müalicәsindә istifadә edilir. G.-ın bütün növlәri balverәn bitkidir.
Qara gәndalaş (Sambúcus nígra) vә meyvәsi.