GƏRGİNLİK STABİLİZATORU – elektrik enerjisi qәbuledicilәrinin giriş gәrginliyinin qiymәtini, mәnbә gәrginliyinin vә yükün dәyişmәsindәn asılı olmayaraq avtomatik sabit saxlayan qurğu. Dәyişәn gәrginliyin stabillәşdirilmәsi üçün ferromaqnit stabilizatorları (gücü onlarla V·A- dәn yüz kV·A-әdәk), sabit gәrginliyin stabillәşdirilmәsi üçün isә stabilitron, hәmçinin avtomatik tәnzimlәmәnin elektron qurğuları (gücü onlarla kVt-adәk) istifadә olunur. G.s. parametrik vә әks-rabitәli növlәrә ayrılır. Parametrik G.s.-nda qeyri-xәtti stabillәşdirici element (işçi diapazonda çıxış kәmiyyәtinin qiymәti müәyyәn qiymәtdәki giriş tәsirlәrinә mәruz qalmır) tәtbiq edilir. Əks-rabitәli G.s.-nda avtomatik tәnzimlәmәnin kompensasiya sxemindәn istifadә olunur.