GİBBON Eduard (27.4.1737, İngiltәrә, Surrey qraflığı, Patni – 16.1.1794, London) – ingilis tarixçisi. Vestminster mәktәbini bitirdikdәn sonra Oksford Un-tinә (1752) daxil olmuşdur. Un-tdә o, ilahiyyәtlә mәşğul olmuş, protestantizmdәn katolikliyә keçmişdir. Buna görә un-ti tәrk etmiş, atası tәrәfindәn kalvinist Lozannaya (İsveçrә) göndәrilmişdi. Lozannada yenidәn protestantizmi qәbul etmiş, lakin fransız maarifçilәrinin ideyaları ilә tanış olduqdan sonra ümumiyyәtlә xristianlıqdan dönmüşdü. 1758 ildә yenidәn Britaniyaya qayıtmışdı. Uzunmüddәtli zәhmәt nәticәsindә 6 cildlik “Roma imperiyasının tәnәzzülü vә süqutu” (1776–88) әsәrini yazmışdı. Əsәrdә Roma imperiyasının 2 әsrin sonundan 1453 ilә qәdәr – Bizansın süqutunadәk olan siyasi tarixi tәdqiq edilir. G.-un tәdqiqatı Yeni tarix dövründә ilk elmi-tarixi әsәr hesab olunur.