GİBBS Cozayya Uillard (11.2.1839, Nyu-Heyven – 28.4.1903, orada) – Amerika nәzәriyyәçi-fiziki , ABŞ Milli EA (1879), London Kral Cәmiyyәtinin (1897) vә s. elmi cәmiyyәtlәrin üzvü. Yel Un-tini bitirdikdәn sonra (1858; fәlsәfә doktoru, 1863) orada dәrs demişdir (1863–66). Paris, Berlin vә Heydelberq un-tlәrindә tәhsilini tәkmillәşdirmişdir (1866–69). 1871 ildәn Yel Un-tinin riyazi fizika üzrә prof.-u olmuşdur. G. – statistik fizikanı tamamlayan “Statistik mexanikanın әsas prinsiplәri …” әsәrini 1902 ildә nәşr etdirmişdir. G.-in işlәyib hazırladığı statistik tәdqiqat metodu makroskopik sistemin halını xarakterizә edәn bütün termodinamik funksiyaları almağa (bu sistemin tәşkil olunduğu mikrozәrrәciklәrin xassәlәrinә әsaslanaraq) imkan verir. Sistemin verilmiş mikroskopik halının ehtimalını tәyin edәn qanunları müәyyәn etmişdir (bax Gibbs paylanması). Termodinamika ilә tәyin edilәn tarazlıq qiymәtlәrindәn asılı olan bu funksiyaların qiymәtlәrinin ümumi fluktuasiya nәzәriyyәsini işlәyib hazırlamışdır. G.-in statistik ansambley üsulu hәm klassik vә hәm dә kvant fizikasında istifadә olunur.
G. ilk mәqalәlәrindә (1873) maddәnin bütün termodinamik xassәlәrinin qrafiki tәsviri üçün entropiya diaqramlar metodunu işlәyib hazırlamış, üçölçülü diaqramlar vermiş, maddәnin hәcmi, enerjisi vә entropiyası arasındakı әlaqәni müәyyәnlәşdirmişdir. G., “Heterogen maddәlәrin tarazlığı haqqında” işilә (1876–1878) nәzәri termodinamikanın quruluşunu tamamlamış vә kimya termodinamikasının әsasını qoymuşdur. Bu әsәrdә termodinamik tarazlığın ümumi nәzәriyyәsini vә termodinamik potensiallar metodonu izah etmiş, “kimyәvi potensial” anlayışını elmә daxil etmişdir; kimyәvi reaksiyaların istiqamәtini vә heterogen sistemlәr üçün tarazlıq şәrtlәrini tәyin edәn tәnlik vermişdir; çoxfazalı heterogen sistemdә tarazlığın ümumi şәrtini qısaca vә dürust ifadә etmişdir (bax Gibbsin fazalar qaydası). Bu nәticәlәr fiziki kimyada fundamental rol oynayır. G. sәth hadisәlәrinin vә elektrokimyәvi proseslәrin ümumi termodinamika nәzәriyyәsini qurmuşdur; üçkomponentli sistemlәrdә fiziki-kimyәvi tarazlığın tәsviri üçün qrafik üsullar tәklif etmişdir (G. üçbucağı). G. termodinamikaya aid elmi işlәrini az tirajla (“Transactions of the Connecticut Academy of Arts and Sciences”) nәşr etdirirdi, buna görә onun tәdqiqatlarının nәticәlәri 1892 ilә qәdәr Avropada demәk olar ki, mәlum deyildi.
G.Qrassmanın ideyalarını inkişaf etdirәrәk, G. vektor hesabını 1880 illәrdә müasir formada yaratmışdır. G. hәmçinin optika, işığın elektromaqnit nәzәriyyәsi vә b. problemlәrlә mәşğul olmuşdur, bir sıra texniki ixtiralar ona mәxsusdur. London Kral Cәmiyyәtinin Q.Kopli ad. medalı ilә tәltif edilmişdir (1901). 1950 ildә G.-in büstü mәşhur amerikalıların Şәrәf Qalereyasında yerlәşdirilmişdir.