GİBÉRTİ (Ghiberti) Lorenso (1378, yaxud tәqr. 1381, Florensiya – 1.12.1455, orada) – italyan heykәltәraşı vә zәrgәri. Zәrgәrliyi atalığı Bartolo (Bartoluçço) di Mikeledәn (?–1422) öyrәnmişdir. Yaradıcılığı Florensiyadan başqa Venesiya (1424–25), Siena vә Roma ilә dә bağlı olmuşdur. Antik incәsәnәtin tәsirilә G. mәnsub olduğu beynәlmilәl qotika әnәnәsini dәf edәrәk, İntibah mәdәniyyәtinin banilәrindәn birinә çevrilmişdir. G. antik heykәltәraşlıq nümunәlәrinә әsaslanmış, monumental heykәltәraşlığın bürüncdәn tökmә texnikasını dirçәltmiş vә tәkmillәşdirmişdir. Donatello ilә paralel olaraq yastılanmış relyef üsulunu işlәyib hazırlamışdır. 1401–02 illәrdә G. Florensiya kilsәsinin baptisterisinin ikinci (şimal) qapılarının tәrtibatı üzrә keçirilәn müsabiqә üçün “İbrahimin qurban kәsmәsi” (Barcello Milli muzeyi, Florensiya) bürünc relyefini hazırlamış, F.Brunelleski ilә bәrabәr qalib olmuşdur. Onların hazırladığı şimal qapıları (1403–24) tamamilә A.Pizanonun cәnub qapılarının (1330–36) kompozisiyasını tәkrarlamışdır. G. Orsanmikele Florensiya kilsәsi üçün xaç atası Müq. İohannın (1413–14), Müq. Matfeyin (1419–23), Müq. Stefanın (1425–29) bürünc heykәlini, hәmçinin Sienadakı kilsәnin baptisterisi üçün 2 relyef hazırlamışdır (1416– 27 illәr arasında). Florensiyadakı kilsәnin baptisterisinin üçüncü (şәrq) qapıları (“Cәnnәt qapıları”) (1424–52) G.-nin әn mühüm әsәrlәrindәndir. Qızıl suyuna salınmış bürüncdәn olan on böyük kvadrat relyefi Adәm vә Hәvva, Qabil vә Habil, Nuh, İbrahim, İshaq, Yusif, Musa, Yeşaya, Davud, Süleymanın tarixinә hәsr olunmuşdur. “Cәnnәt qapıları”nın heykәltәraşlıq hәlli mürәkkәb çoxfiqurlu kompozisiyanın dәbdәbәli memarlıq fonları vә tәbiәt mәnzәrәlәrinin ahәngdarlığı, mükәmmәl sintezi ilә diqqәti cәlb edir. G. ömrünün sonlarında incәsәnәt tarixinin antik dövrdәn öz dövrünә qәdәr ilk şәrhini, öz avtobioqrafiyasını, perspektiv, optika, anatomiya vә s. haqqında elmi sübutları әhatә edәn “Şәrhlәr” traktatını yaratmışdır.
L.Giberti. “Adәm vә Hәvvanın tarixi”. Florensiyadakı baptist kilsәsinin şәrq qapılarının relyefi (fraqment). 1424–52.
Övladları Vittorio (1418, yaxud 1419–96) vә Tommazo (tәqr. 1417–55-dәn sonra) heykәltәraş olmuşlar.