GİGİYÉNA (yun. ύγιεινός – sağlam) – xarici mühit amillәrinin vә istehsalat fәaliyyәtinin insanın sağlamlığına, onun әmәk qabiliyyәtinә, habelә ömrünün uzunluğuna tәsirini öyrәnәn vә insanın hәyat vә әmәk şәraitinin sağlamlaşdırılması üzrә tәdbirlәri işlәyib hazırlayan elm. G.-nın әsas vәzifәsi yaşayış yerlәrinin vә istehsalat müәssәlәrinin havası, suyu, torpaq, qida mәhsulları, paltar vә ayaqqabı hazırlanmasında istifadә olunan materiallar üçün gigiyenik normativlәr işlәyib hazırlamaqdır. İbn Sinanın bir çox gigiyenik mәsәlәlәri әhatә edәn 5 kitabdan ibarәt “Tibb elminin qanunu” 18 әsrә kimi nәinki Şәrq, hәtta Avropa ölkәlәrinin tibb tәdris müәssisәlәrindә icbari öyrәdilirdi. G. üzrә ilk elmi әsәr isә italyan alimi B.Ramassininin “Sәnәtkarların xәstәliklәri haqqında düşüncәlәr” (1700) әsәri- dir. İ.P.Frankın “Tibb polisi sistemi” әsәri sosial gigiyena sahәsindә klassik olmuşdur. G.-nın müstәqil elm kimi formalaşmasında alman hәkimi K.V.Qufelandın “Makrobiotika” әsәri mühüm rol oynamışdır. 19 әsrin 2-ci yarısından başlayaraq M.Pettenkoferin әsәrlәri vә mәktәbi ilә әlaqәdar G.-da eksperimental istiqamәt әhәmiyyәtli dәrәcәdә inkişaf etmәyә başlamışdır. Rusiyada A.P.Dobroslavinin vә F.F.Erismanın adı ilә bağlıdır.
G. – xәstәliklәrin profilaktikasının әsasıdır. G.-nın başlıca vәzifәlәri: xarici mühitin әhalinin sağlamlıq vәziyyәtinә vә әmәk qabiliyyәtinә tәsirinin öyrәnilmәsi; xarici mühitin sağlamlaşdırılmasına vә әhalinin sağlamlığı üçün zәrәrli amillәrin aradan qaldırılmasına, habelә sağlamlığın vә fiziki inkişafın yaxşılaşdırılması, әmәk qabiliyyәtinin yüksәldilmәsi mәqsәdilә әtraf mühitin ola bilәcәk mәnfi tәsirinә qarşı orqanizmin müqavimәtinin artırılmasına aid gigiyenik normaların, qaydaların vә tәdbirlәrin işlәnib hazırlanması vә elmi әsaslandırılması. Gigiyenik tәdqiqatların әsas vәzifәlәri xәstәliklәrin qarşısının alınmasına, sağlamlığın qorunmasına vә möhkәmlәndirilmәsinә, әmәk qabiliyyәtinin yüksәldilmәsinә vә sağlam nәsilin tәrbiyә olunmasına doğru yönәldilmiş dövlәt, ictimai vә tibbi tәdbirlәr sistemi ilә müәyyәn edilir. G.-nın müstәqil bölmәlәri: kommunal gigiyena, qidalanma gigiyenası, әmәk gigiyenası, uşaq vә yeniyetmәlәr G.-sı, hәrbi G., radiasiya G.-sı, kosmik G. vә s.