GİLAN RESPUBLİKASI (1920–21) – İran xalqının ingilislәrә qarşı milli azadlıq hәrәkatının (1918–22) yüksәlişi dövründә, 1920 il iyunun 5-dә Gilan әyalәtindә yaradılmışdır. Cәnubi Qafqazda İngiltәrәnin mәğlubiyyәti, ingilis işğalçılarının әvvәlcә Ənzәlidәn (1920, 18 may), sonra isә bütün Gilandan qovulması azadlıq hәrәkatının yüksәlişinә şәrait yaratdı. 1920 il iyunun 4-dә mücahid dәstәlәri Rәşti tutaraq resp. elan etdilәr; Kiçik xanın başçılığı ilә әsasәn ticarәt burjuaziyası vә liberal mülkәdarlardan ibarәt müvәqqәti inqilabi hökumәt vә inqilabi ordu yaradıldı. İnqilabi qüvvәlәr vahid milli cәbhәdә birlәşdi. Lakin Kiçik xanın inqilabı mәhdudlaşdırmaq siyasәti, elәcә dә İran Kommunist Partiyası (İKP) sol qüvvәlәrinin bütün mülkәdar torpaqlarının, o cümlәdәn xırda torpaq sahibliyinin müsadirә edilmәsi vә s. tәlәblәri vahid cәbhәnin süqutu (1920, iyul) ilә nәticәlәndi. Kiçik xan hökumәtin tәrkibindәn çıxdı. 1920 il iyulun 31-dә yaradılmış Ehsanulla xan hökumәti dә inqilabi qüvvәlәrin birliyinә nail ola bilmәdi. 1921 il mayın әvvәlindә inqilabda iştirak edәn bütün qrupların birlәşmiş müşavirәsindәn sonra yeni hökumәt – İnqilabi komitә yaradıldı (8 may), Sovet resp. elan olundu (4 avqust). İran mülkәdar torpaqlarının kәndlilәrin xeyrinә müsadirә olunmasını, vahid inqilabi silahlı qüvvәlәrin yaradılmasını, Gilanın mürtәce hökumәtә vә ingilis işğalçılarına qarşı inqilabi bazaya çevrilmәsini nәzәrdә tutan proqram (1921, 15 avqust) qәbul edildi. Zәhmәtkeşlәrin vәziyyәtini yaxşılaşdırmaq üçün bir sıra tәdbirlәr görüldü. Hәmkarlar ittifaqları yaradıldı. Lakin Gilanda öz hakimiyyәtini yaratmaq naminә Kiçik xan 1921 il sentyabrın 29-da әks-inqilabi çevriliş etdi. İKP-nin tәşkilatları lәğv edildi. Heydәr xan vә hәrәkatın bir sıra digәr rәhbәri öldürüldü. Gilanda vәtәndaş müharibәsinin başlanmasından istifadә edәn mәrkәzi hökumәt tezliklә G.r.-nı darmadağın etdi; 1921 il noyabrın 2-dә Rza xanın komandanlığı ilә hökumәt qoşunları Rәşti tutdu.