GİLANLILAR, g i l ә k l ә r (özlәrini g i l a n i adlandırırlar) – İranın şm.-ında hind-İran xalqı, Gilan ostanının әsas әhalisi. Sayları 3,3 mln. nәfәrdir (2006). İran dillәrinin şimal-qәrbi İran qrupunun Xәzәryanı yarımqrupuna daxil olan Gilan dilindә (qәrb vә şәrq dialektlәri var) danışırlar; әksәriyyәti (xüsusilә gәnclәr) farsca danışır. Dindarların çoxu müsәlmandır.
Gilanlıların әnәnәvi evi (Şәrqi Gilan).
Ənәnәvi mәşğuliyyәtlәri xış әkinçiliyi, galışlarda yarımköçәri maldarlıqdır. Əsas becәrilәn bitkilәri çaybasar çәltikdir, dağ yamaclarında buğda, arpa, kәnaf, çay, tütün, sitrus bitkilәri becәrirlәr. Əsas iş heyvanı zebudur (mal-qaranı qızlar otarır, kişilәr sağırlar). Sahilyanı r-nlarda balıqçılıq yayılmışdır. Gilan İranın әsas ipәkçilik mәrkәzidir; şüşә, keçә, xalça, qamış hәsir istehsalı, toxuculuq inkişaf etmişdir. Açıq terraslı (talar) vә eyvanlı evlәri әsasәn ağacdandır, çox vaxt dirәküstü, yaxud ikimәrtәbәli olur; nazik taxtalardan, yaxud çәltik külәşindәn vә qamışdan düzәldilmiş hündür dam örtüyü demәk olar ki, yerә çatır. Qadın geyimlәri ağ köynәk, rәngli parçadan tikilmiş xırda büzmәli dizәdәk әtәk, uzunqol qara koftadır; evdәn çıxarkәn qara çaxçur geyinir vә qara şalla qurşaqlanırlar. Ayaqyalın gәzirlәr. Kişi geyimlәri farslara yaxındır. Əsas yemәklәri düyüdür, çörәkdәn az istifadә edirlәr; içkilәri üzüm şirәsi ilә qatılmış su (şirә), durulaşdırılmış qatıq (duq), çaydır. Qadınlar cәmiyyәtdә müstәqil mövqe tuturlar. Nikah monoqamdır, gәnclәrin qarşılıqlı razılığı әsasında bağlanır. Müqәddәs daş, ağac vә meşә kultu saxlanılmışdır.