GİLBERT Uilyam (24.5.1544, Kolçester – 30.11.1603, London ) – ingilis fiziki, hәkimi. Tibb elmini Kembric vә Oksford un-tlәrindә öyrәnmişdir (tibb e.d., 1569). 1573 ildәn Londonda hәkimliklә mәşğul olmuşdur, London hәkimlәr kollegiyasının prezidenti (1600 ildәn). I Yelizavetanın (1601 ildәn) vә I Yakovın (1603 ildәn) saray hәkimi olmuşdur. Birinci London “Farmakopeyasının” hazırlanmasında iştirak etmişdir (G.-in ölümündәn sonra nәşr olunmuşdur). Anemiyanın müalicәsi üçün dәmir yonqarlardan istifadә etmәyi tәklif etmişdir. Tibblә yanaşı, elektrik vә maqnit hadisәlәrini öyrәnmәklә mәşğul olaraq, maqnetizmin vә elektrikin ilk nәzәriyyәlәrini yaratmışdır. Maqnit qütblәrinin mövcudluğunu vә onların qarşılıqlı tәsirini, dәmir әşyaların maqnitlәşmә hadisәsini müәyyәn etmişdir. Yerin böyük maqnit olması vә onun maqnit qütblәrinin coğrafi qütblәrlә üst-üstә düşmәsi fәrziyyәsini söylәmiş, dәmir kürәni maqnitlәşdirәrәk onun maqnit әqrәbinә Yer kimi tәsir etdiyini göstәrmişdir. Kәhrәba (kәhrәba yun.– “elektron”) tipli cisimlәrin (almaz, sapfir, şüşә, surquc vә b.) sürtünmәdәn sonra yüngül әşyaları cәzb etmәsini aşkara çıxarmış vә bu xassәni elektrik (bu termini ilk dәfә elmә daxil etmişdir) xassәsi adlandırmışdır. Aristotel tәlimini vә Ptolemeyin dünya sistemi tәlimini tәnqid edәn vә N. Kopernikin heliosentrik sistemi tәliminә tәrәfdar olan ilk ingilis alimidir.