GİLDİYALAR (alm. Gilde – korporasiya, birlik; qәdim alm. Gelt – ödәniş, ianә vermә sözündәn) – 1) orta әsrlәr Avropasında könüllü dini, ticari-sәnәtkarlıq, siyasi vә s. korporasiya vә ittifaqlar; 2) daha dar mәnada tacirlәr, bәzәn sәnәtkarlar birliyi. Birlik prinsipinin xüsusi keyfiyyәtlәrini vә spesifikasını әks etdirmәklә, latınca confratria, consortium, fraternitas, societas, coniuratio, amicitia kimi birliklәrә uyğun gәlir.
G. sosial birliklәr kimi saziş (convenientiae) әsasında yaranır, öz nizamnamәlәrinә malik olmaqla, adәt hüququ çәrçivәsindә fәaliyyәt göstәrirdilәr. Onlar qarşılıqlı müdafiә vә sosial tәminat kimi mәqsәdyönlü sosial mәnaya malik strukturlar idi. Buna müvafiq olaraq, G. yanğın, gәmi qәzaları, müflislәşmә hallarında qarşılıqlı yardım üçün yaradılırdı. 6–7 әsrlәrdә müәyyәn әrazilәrdә fәaliyyәt göstәrәn ruhanilәr (coniurationes cliericorum) G.-da birlәşirdilәr; erkәn G. İngiltәrәdә (688– 726) mövcud idi. G. haqqında әn qәdim sәnәd 779 ilә aiddir. Karolinqlәr zamanında onlar kәnd yerlәrindә yaradılır, dünyәvi şәxslәri, ruhanilәri, kişi vә qadınları birlәşdirirdi. 9 әsrdә G. vikinqlәrdәn müdafiә olunmaq, yaşayış mәskәninin möhkәmlәndirilmәsi vә regionda qayda-qanunun qorunması mәqsәdilә yaradılırdı. 11 әsrin әvvәllәrindә (tәqr. 1020 il) G. sәnәdlәrdә mövcudluğu tәsdiqlәnәn tacir korporasiyaları kimi tәşәkkül tapmağa başladı (İngiltәrә, Almaniya, Flandriya, Fransa). Kontinental Avropada G.-ın qәbul etdiyi әn qәdim statut Sent-Omerdәki (Fransa, 11 әsrin sonu) gildiya nizamnamәsidir. Orta әsr şәhәrlәrindә G. şәhәrlilәrin birliyi kimi yeni inkişaf mәrhәlәsinә keçdi. Şәhәr G.-ının yeni tipi әsas etibarilә tacir vә sәnәtkarlar mühitindә yaranırdı (orta әsrlәrdә sexlәr). Adәtәn, onlara ağsaqqal, bir neçә kömәkçi vә seçkili şura rәhbәrlik edirdi. Orta әsrlәrin geniş yayılmış G.-ı dini qardaşlıqlar idi. 10–13 әsrlәr әrzindә onların sayı daim artmış, 14–15 әsrlәrdә onlar bütün Avropa şәhәrlәrindә çoxalmışdı (Kölndә tәqr. 80, Lübekdә tәqr. 70, Hamburqda 100-dәn çox). G. müәyyәn xristian müqәddәsini öz himayәçisi seçir vә çox zaman onun adı ilә adlanırdı. Şәhәrin müdafiәsi vә daxili nizam-intizamın qorunması ilә bağlı olan xüsusi gildiya formaları (döyüşçü G.) son orta әsrlәr dövründә mövcud olmuşdur. Cәngavәr cәmiyyәtlәri vә şәhәr patrisilәrinin analoji birliklәri dә G.-ın fәrqli forması kimi nәzәrdәn keçirilә bilәr (Burqosda Santyaqo qardaşlığı, 14–16 әsrlәr). Tacir G.-ının üzvlәri ya ticari әlaqәlәr regionu (“Friz gildiyası”, 11–13 әsrlәr, “su yolu ilә Paris tacirlәri”), ya da bu vә ya digәr әmtәә ilә bağlı olan kommersiya ixtisaslaşması prinsipinә görә bir, sonralar isә bir neçә şәhәr (alm. Qanza) hüdudlarında birlәşirdilәr. Onlar birgә malların mühafizәsini, G.-da birlәşmiş üzvlәrin vә әmtәәlәrin sığortalanmasını tәmin edir, hüquqi vә gömrük imtiyazlarının alınmasına nail olurdular. G. idxal edilmiş malların satışına inhisarı öz әllәrindә cәmlәyir, bununla da onların sәrfәli realizasiyasına zәmanәt verirdilәr. İlk dövrlәr G.-da üzvlük sәrbәst olsa da, sonralar mәhdudlaşdırılmağa başlandı. Orta әsrlәrin korporasiya tipi olan G. son orta әsrlәr dövründә öz yerini ticarәt birliklәrinin digәr forması olan ticari kompaniyalara verdi. Hazırda yaradıcı işçilәr (teatr, kino aktyorları G.-ı vә s.), vәkillәr vә digәr peşә ittifaqları “gildiya” terminindәn istifadә edirlәr.