GİLGİLÇAY SƏDDİ – Azәrb.-da Sasanilәr dövrünә (3–7 әsrlәr) aid әn böyük müdafiә sәddi. Xәzәr dәnizindәn başlayıb Babadağın әtәklәrindә qurtarır. 1931–32 vә 1963–64 illәrdә Çıraqqalayadәk olan hissә (tәqr. 60 km) tәdqiq olunmuşdur. Ərәbdilli qaynaqlarda “Sur әt-tin” (“gil divar”) adlanırdı. İnşası, ehtimal ki, Sasani şahı I Qubadın [488–496, 499–531] hakimiyyәti illәrinә aiddir. Gilgilçay hövzәsindәn dağın döşünә doğru 5 km-lik mәsafәdә divar çiy kәrpicdәndir. Kolanı k. (Şabran r-nu) yaxınlığında divarların hünd. 5–7, bәzi yerlәrdә isә 7–11 m-ә çatır. Hәr 30–35 m mәsafәdә bürc vә ya qüllә ucaldılmışdır. G.s. 85-ci bürcdәn c.-q.-ә dönür. Burada sәddin eni aşağıda 30, yuxarıda isә 15 m-ә çatır. Çiy kәrpiclә tikilmiş 85-ci bürclә G.s.-nin 1-ci yarısı bitir. 74–88-ci bürclәrin arasında qala olmuşdur. Gilgilçayın sol sahilindә sәddin qalıqları nisbәtәn yaxşı saxlanmışdır. G.s.-nin 2-ci hissәsi Çıraqqalaya yaxın qurtarır. Sәddin 3-cü hissәsi Çıraqqalanın 600 m-liyindәn başlayır vә Tәkyә k.-nәdәk (Şabran r-nu) uzanır. Sәdd Şabran çayının sağ sahilindә Çinarlar k.-nin (Şabran r-nu) şm.-q.-indә qurtarır. Hәmin әrazidә “Qalayeri” adlanan qәdim şәhәr xarabalığı vardır. G.s.-nin 4-cü hissәsi “Qalayeri”ndәn Afurca k.-nә (Quba r-nu) tәrәf istiqamәtlәnir. Ən böyük bürcün hünd. 4,7 m, eni isә 7,2 m-dir. Bürc vә divarlar әsasәn yonulmamış daşlardan tikilmişdir.